Hakimiyyətin bütün iyrəncliklərə baxmayaraq, 19 oktyabr mitinqinin uğuru ilə ölkədə yeni bir mərhələ başlayır. Rejim bütün təşkilatçıları və fəalları həbs etməklə, müxalifət liderinə işgəncə verib xalqın gözünü qorxutmaqla payız mərhələsini atladacağını düşünməsin. Diktator Əliyev unutmasın ki, bu xalq ən uğurlu mitinqini 19 yanvarda-düz qışın ortasında keçirib. 19 oktyabr göstərdi ki, bir xalqın, bir ölkənin yolunda çəkilən əməklər heç zaman hədər getmir. O gün nələr möhtəşəm idi, bilirsiniz? Yüzlərlə avtomobilin aksiya gedən sahədə yolboyu tıxac qurub uzun-uzadı siqnal verməklə, xalqa dəstək ifadə etməsi. Yüzlərlə insanın avtomobildən siqnal səsləndirməklə dəqiqələrcə müxalifət lideri Əli Kərimlini salamlaması. Siqnal aksiyasının təşəbbüskarı olaraq aksiyanın bu uğurunu da qürurla bölüşə bilərik. Əslində, o siqnal aksiyasının bir rəmzi mənası da var. Bu, öz çirkin mahiyyəti tamamilə üzə vurmuş diktaturaya “çıx get” mesajı idi. Bu, illərlə əzilmiş, ayaqlanmış xalqın “biz sənin kölən deyilik” hayqırışı idi. Bu, etdiyi bütün pisliklərə rəğmən dirənib duran Əliyev rejiminin üzünə çırpılan ağır şillə idi. Bu, idbar hakimiyyətə “hesab günün gəlir” siqnalı idi həm də.
Düşünürük ki, 19 oktyabrda Əliyev diktaturası öz mesajını aldı Bu xalqın onlardan qurtulmaq istəyinin getdikcə qətiləşdiyinə əmin oldu hakimiyyət. Bu qədər qadağalara, həbslərə, təhdidlərə baxmayaraq, xalq sındırdı o gün hakimiyyəti. Nə qədər vampir sifətini göstərsə də, istədiyinə nail ola bilmədi hakimiyyətin zor mexanizmi. O gün müxalifətin çağırışına gəlmiş minlərlə insan onların gözünün içinə “daha səndən qorxmuram” dedi. Minlərlə insan “həbslərlə bizi susdura bilməzsən” dedi. Meydana kənardan dəstək ifadə edən hər kəs “sizinlə həmrəyik, bu yaramaz sistemi rədd etməyin zamanıdır” dedi. O gün xalq qorxu sindromunu sındırmaqla çox şey dedi. “İndi sıra bizdədir, etdiyin hər yaramazlıq üçün hesab ödəyəcəksən” dedi o gün xalq. O gün xalq çirkinləşmiş, azğınlaşmış hakimiyyətə “yüzminlərin ayağa qalxmasına və sənin vaxtına az qalır” dedi. O gün xalq siqnal verdi ki, harınlamış xanədanın Əliyev rejiminin başına çevriləcəyi günə az qalır. Doğrudan da, o gün çox uzaqda deyil!