19 oktyabr və diktatora ölümdən betər cavab
19 oktyabr bütün Bakını silkələdi. Hakimiyyət həmin gün paytaxtı savaş meydanına döndərsə də, bütün hərbi texnikanı şəhərə yeritsə də, “azadlıq”, “istefa” sədaları bütün mərkəzi meydanları bürüdü. Azğınlaşmış diktator bu mitinqin alınmaması üçün bütün çirkin addımlara əl atdı. İnsanların sərbəst toplaşmaq azadlığına hər vasitə ilə əngəl olmağa çalışaraq, ölkə boyu kütləvi həbslər həyata keçirdi. Mitinqdən bir həftə əvvəl bütün mitinq təşkilatçıları saxlanıldı, yüzlərlə fəal polis idarələrinə çağırılıb hədələndi, ev dustağı edildi, yollar bağlandı. Amma harınlaşmış rejim yenə də yanıldı. Bütün polis güclərini paytaxta yığan diktator Əliyev istəyinə nail ola bilmədi. Minlərlə insan şəhər boyu polis kardonlarını yararaq öz şüarları hayqırdı, yol boyu maşınlar həmrəylik nümayiş etdirərək dəqiqələrcə siqnal səsləndirdi. Rejimin əlindən cana doymuş xalq zorakılıq edən polislərin, hakimiyyətin ünvanına olmazın söyüşlər yağdırdı.
Bəlkə elə diktatoru haldan çıxardan, havalandıran da aksiyanın bu səviyyədə alınması oldu. Qisasını mitinqin bütün məsuliyyətini üzərinə götürən AXCP sədri Əli Kərimlidən aldı. Onun ətrafındakı bütün partiya fəallarını “təmizləyib” həbsə yığmaqla da ürəyi soymadı. Mitinq meydanında azğın polislərinə sürüklədib, amansızcasına döydürtdü. “Ya burda bir daha xalqı mübarizəyə səsləməyəcəyinə söz verəcəksən, ya da öləcəksən” hədəsinə müxalifət liderindən “öldürün” cavabı aldı. O gün diktatorun göstərişi ilə Ə. Kərimliyə olmazın işgəncələr verilib, ağır bədən xəsarətləri yetirilsə də, o, bu davanın qalibidir. Onun “öldürün” cavabı, əslində, İlham Əliyevə ölümdən betər cavabdır. 19 oktyabr ümumilikdə azğın rejimin mənəvi iflası oldu. Bu aksiya bir daha göstərdi ki, xalq onlara həqiqi mənada nifrət edir. Göstərdi ki, xalqın sel kimi meydanlara axışmaq istəyinin qarşısında kimsə dura bilməyəcək. Bu mitinq iyrənc Əliyev rejimindən xilas olmaq yolunda önəmli bir addım oldu. İnsanlar qorxu mərhələsini keçib hədəfə bir az da yaxınlaşdılar. 19 oktyabr göstərdi ki, bu antixalq, antiinsani hakimiyyətin sonuna az qalır, həm də lap az.