O zaman xalq bunlardan kimə şikayət etsin?
Ölkədə elə bir insan tapılmaz ki, indiki parlamentin işindən razı olsun. Razı olmaq bir yana, xalqın arasına elə bərbad imicli deputatlar var ki, insanlar onları bir qaşıq suda boğmağa hazırdırlar. Kimsəni qınamalı da deyil. On illərdir layiq olmadıqları kürsüləri zəbt edib, xalqa bir qəpiklik fayda verməyən biveclər nəyinə lazım millətin? Bu ölkədəki bütün pisliklərin və qanunsuzluqların başında elə o parlament dayanmırmı? Xalqın ildən-ilə yoxsullaşmasının, korrupsiyanın çiçəklənməsinin, dövlət strukturlarının bazara çevrilməsinin günahı elə o parlamentdə deyilmi? O məclisdən indiyə qədər xalqın ürəyindən keçən bir qərar çıxdığını görən olubmu? Daha insanlar bunlardan narazı olmasın, neyləsin? Amma deyəsən onlardan narazı olan təkcə biz deyilik, məclisdə oturanlar özləri də özlərindən narazıdırlar. Bəlkə, inanmayacaqsınız, amma deputat Fazil Mustafa bunu öz diliylə etiraf edib…
İslahatı əngəlləyən “islahatçılar”
Prezidentin son müşavirədəki çıxışına münasibət bildirən Fazil Mustafa deyib ki, islahat işinə Milli Məclisdən başlamaq lazımdır. “Milli Məclisdə imkanlar daha da genişlənsə, tənqidi fikrə daha çox yer verilsə, yaxşı olar…Prezidenti informasiya ilə qidalandıran cəmiyyət mexanizmi işə düşməlidir. Cəmiyyət mexanizmi işə düşməsə, hər bir məmur ancaq şəxsi intriqa zəminində məsələlərin başqasının üzərinə yıxılmasına, başqasını gözdən salmağa yönələn informasiyalar daşıyacaq. Ölkədə islahatın alternativi yoxdur. Bu islahatı imitasiyaya çevirmək istəyən qüvvələr var. İslahatı əngəlləyən adamlar həm də “islahatçılardır”… Milli Məclisdə səsləndirdiyimiz fikirləri hər hansı bir şəkildə ictimaiyyətə çatdırmağa icazəmiz yoxdur. Mən əvvəllər bunu video şəklində telefonla çəkib paylaşırdım. İndi Milli Məclisdə bunun yolverilməz olduğu bildirildi. Fikirlərimiz heç bir yerdə yayımlanmır. Ancaq jurnalistin ümidinə qalmışıq. Jurnalist ordan iki cümləni çatdırırsa, hesab olunur ki, bununla da həll olunur. O cümlələrin də bəziləri elə redaktə olunur ki, özüm də təəccüblənirəm, bu sözləri mən demişəm?”
Xalqa belə parlament lazımdırmı?
Əcəb işdir, bilmirsən ağlayasan, yoxsa güləsən. Əgər bir deputat oturduğu ali qanunverici orqanın binasında öz hüququnu müdafiə edə bilmirsə, bu binəva xalq neyləsin? Əgər o deputata məclisdə danışdığı sözü çıxarıb paylaşmağa qadağa qoyurlarsa, xalq dərdini kimə söyləsin? Doğrudanmı, uzun illərdir parlamentdə oturub rejimin xalqa necə divan tutduğunu seyr edən Fazil Mustafa islahat şousunun bir işə yarayacağına inanır? “İslahatı əngəlləyən adamlar həm də “islahatçılardır”” deyərək, daşı kimin bostanına atır cənab deputat? O adamları adı ilə çağırmağın zamanı gəlib çatmayıbmı? Necə hökumət, necə parlamentdir ki, ölkənin dərdləri qalıb kənarda, bir-biri ilə maraq davasına, səlahiyyət didişməsinə girişiblər? Bunların sənin dərdinə dərman, problemlərinə çarə olacağınımı düşünürsən, Azərbaycan insanı? Düşünməyə belə dəyməz. Bunlardan birdəfəlik qurtulmağın zamanıdır. 19 oktyabrda “xalq parlamenti istəyirik, striptiz-bar yox” şüarını götür, meydana gəl! Taleyini o etiraz aksiyası dəyişəcək, bu parlament yox!