«Xalq qəzeti» dövlət başçısının şok fotosunu yaydı
Davosda Dünya Iqtisadi Forumuna qatılan Ilham Əliyevin bu mötəbər tədbirdəki fəaliyyətinin möhtəşəmliyi xalqa təlqin edildiyi bir vaxtda rəsmi qəzetlər bu təbliğatı darmadağın edən material yayıb. Söhbət “Xalq qəzeti”nin dünənki sayının birinci səhifəsində dərc edilən iri fotodan gedir. Foto forum çərçivəsində Avstriya-Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının düzənlədiyi mərasimdə Ilham Əliyevin çıxışı zamanı çəkilib.
Qəzetin təqdim etdiyi materialdan görünür ki, Azərbaycanın dövlət başçısı əcnəbilərin önündə iqtisadi uğurlardan, yoxsulluğu azaltmasından danışıb. Quru və darıxdırıcılığı hiss olunan həmin çıxışa əcnəbilərin necə reaksiya verdiyini “Xalq qəzeti” ustalıqla nümayiş etdirib. Fotonun əsas fonunda masa ətrafında oturan dinləyicilər var. Onlardan biri Ilham Əliyevin çıxışına tam etinasızlıq nümayiş etdirərək, əsnəyir və bu yetməz kimi, əlindəki telefonu ilə sms yazır. Əliyevin yorucu çıxışına belə bir münasibət gözlənilən olsa da, rəsmi dövlət qəzetinin bu mənzərəni öz oxucuları ilə hansı səbəbdən paylaşdığı hələ də aydınlaşmayan məsələdir.
S.Novruz