Ölkədə 8 oktyabrla başlanan etirazların dalğası uzaq ölkələrdə yaşayan həmvətənlərimizi də hərəkətə gətirib. Son illərdə müxtəlif səbəblərdən vətəni tərk etmək məcburiyyətində qalan və iqtidarın düşmən elan etdiyi bu insanlar ölkədə dəyişikliyi hər kəsdən artıq istəyirlər, təbii. Çünki illərdir öz doğmalarının üzünə həsrətdir o insanlar. Çoxlarının valideynləri, yaxınları dünyadan köçəndə belə ölkəyə qayıtmaq imkanları olmayıb. Və Milli Şuranın oktyabrın 19-na təyin etdiyi etiraz aksiyasına onlardan da dəstək gəlib. “And” təşkilatı qürbətdəki bütün həmvətənlərimizi yaşadıqları ölkənin Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyaları təşkil etməyə çağırıb. Onlar bu gündən fəaliyyətə başlayacaqlarını bildiriblər. Fərqli ölkələrdə yaşayan müstəqil bloqqerlər isə sosial şəbəkələrdə yeni bir aksiyaya start veriblər. #Alo #İlhamƏliyev #İstefa” haştaqı ilə başlanan aksiyaya çox sayda insan qoşulub. Onlar paylaşdıqları qısa videolarda “İlham Əliyev, İstefa!”, “alo, eşidirsən İlham Əliyev səndən ancaq bir tələb, o da istefa və nöqtə, vəssalam!” şəklində çağırışlar edib yayırlar. Alqışlanacaq təşəbbüsdür! Ölkənin dəyişməsi, yenilənməsi, demokratik dünyanın bir parçası olması üçün hamı çəkici bir zindana vurmalıdır!
Bloqqerlərin başlatdığı kampaniyaya sözardı olaraq maraqlı bir məqamı xatırlatmaq istərdik. Məlum olduğu kimi, 8 oktyabr ölkədə sərbəst toplaşmaq hüququnun bərpa olunması tələbi ilə keçirilirdi. Təşkilatçıların şüarları və tələbi də əvvəldən bəlli idi. Amma xalq mərkəzdə ixtiyarsız olaraq “istefa” şüarları çağırmağa başladı və bu əks-səda işıq sürətilə bütün ətrafa yayəldə. Yuxulu paytaxt bu şüarlarla diksindi bir anlıq. Həmin gün qorxu mühitinin səssizliyindən bezən minlərlə insan ayaq saxlayıb etirazçılara dəstəyini bildirdi. 8 oktyabr bir daha sübut etdi ki, Azərbaycan insanı azadlıq və demokratiyaya tam hazırdır. Sübut olundu ki, insanlar ölkəni dəyişmək, ədalətli ölkədə yaşamaq arzularından vaz keçmək niyyətində deyillər.
Biz orda “heç nədən qorxmuruq, istəyirsiniz həbs edin, istəyirsiniz öldürün, artıq bu rejimi istəmirik” deyən qadınlarla üz-üzə gəldik. “Qarabağ getdi, namus-qeyrət getdi, belə həyatdansa hamımızı aparın güllələyin” deyən Qarabağ qazisi vardı o gün meydanda. 19 oktyabr mitinqi o insanların istəklərinə işıq tutan daha bir mərhələ olacaq. Artıq o günün şüarlarını xalq özü müəyyən edəcək. O gün meydan xalqın olacaq. “Azadlıq” şüarına da, “çıx get” şüarına da, “istefa” şüarına da o özü qərar verəcək. 19 oktyabr xalqın günü olacaq!