Bakı Şəhər İcra Hakimiyyəti Milli Şura və AXCP-nin oktyabrın 8-də onun inzibati binası önündə etiraz aksiyası keçirməsinə razılıq verib. BŞİH-dən təşkilatçılara göndərilən cavab məktubunda bildirilir ki, təyin olunan piketi saat 15-dən 16-a qədər keçirə bilərlər.
Milli Şura və AXCP BŞİH-in binası önünə paytaxtda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz olaraq piket təyin edib. Söhbət ondan gedir ki, BŞİH Milli Şura və AXCP-nin mitinq üçün müraciətlərinə dəfələrlə razılıq verməyib, axırıncı dəfə isə təşkilatçıların istəyi əleyhinə mərkəzdən xeyli aralı, Lökbatanda keçirməyi təklif edib. Milli Şura və AXCP bu təklifi qanunu pozmaq kimi qiymətləndirib və qəbul etməyib.
AXCP sədri Əli Kərimli BŞİH-in piketə razılıq verməsinə münasibətini açıqlayıb. O, feysbuk səhifəsində yazıb:
“Hətta İlham Əliyev hakimiyyəti də düzgün qərar verə bilərmiş )) 8 oktyabrda Bakının mərkəzinə – Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısına təyin etdiyimiz piketə rəsmən razılıq verildi. Saat 15:00-dan 16:00-a qədər piketimizi keçirəcəyik. Piketi sərbəst toplaşmaq azadlığı tələbilə keçirdirik. Bu aksiyaya razılıq verən hakimiyyət məntiqlə Bakı şəhərinin uyğun meydanlarında mitinqlərə də razılıq verməlidir. Mitinq keçirmək, hökumətə dinc etiraz etmək xalqımızın haqqıdır. Bu haqqı alacağıq. Bu haqqı alana qədər də mübarizəmiz davam edəcək. Bu mübarizədə bizimlə həmrəy olan hər bir həmvətənimizə təşəkkürlər!”