Cəbhənin daxili qrupunda paylaşılan səs yazısının paylaşılması yaxşı oldu. Məsələn elə bu səs yazısına verilən reaksiya Selcana dəstəkdə kimin səmimi, kimin fürsətcil olduğunu bir daha ortaya qoydu. Bu səsi musavat.com və onu cəbhə əleyhinə paylaşanlar kompromat kimi istifadə etsə də, əslində bu səs bizə qarşı aparılan qarayaxma kampaniyasında irəli sürülən bir çox iddialara aydınlıq gətirdi və adekvat cavab oldu:
1. Bu səs yazısı göstərdi ki, biz hətta ən çətin situasiyalarda belə təhqirə müraciət etmirik, təhqir ümumiyyətlə bizim leksikonumuzda yoxdur və davamlı olaraq təhqirlə danışan üzvlərimizə qarşı mübarizə aparırıq. Səs yazısında partiyanın müəyyən şöbə üzrə məsul şəxsi əsəbi olsa da necə mədəni üslubunu qoruyub saxlayır. Hətta iyerarxiya olaraq tapşırıq verdiyi adamlardan üst vəzifədə olsa da, tapşırıqları “zəhmət olmazsa” deyib verir. Hətta bu adamı tənqid edənər və bir çox siyasilər heç publik olaraq ictimaiyyət qarşısında belə mədəni çıxış edə bilmirlər.
2. Cəbhəçi dostumuzun danışığından da görünür ki, bizdə feminizmə münasibət anormal deyil, sadəcə bildirir ki, feminizmlə bərabər partiya işi ilə də məşğul ol. Ya da təklif irəli sürür ki, ya feminizmi seç, ya da cəbhəni. Bu tərəfi də çox anlaşılandır. Çünki cəbhə feminizmdən fərqli olaraq yalnız qadın hüquqlarını deyil, bütün mülki və siyasi hüquqların təmin edilməsini tələb edir. Ya cəbhəni seç, ya da feminizmi təklifi ilə, “ya cəbhəni seç, ya da Müsavatı” və ya “ya bizim təşkilatda ol, ya da Realda” təklifləri kimi adidir, normaldır. “Bütün günü gedib feministlərlə pivə içirsən, amma təşkilat işi ilə məşul olmursan” deyib şikayətlənməsi də çox normaldır və feministlərlə pivə içmə demir, sadəcə deyir ona ayırdıın vaxtan təşkilata da ayır. Mən də təşkilatda tənbəllik edəndə deyirlər, “futbola vaxt tapırsan, amma təşkilat işləri ilə məşğul olmursan”. Əsası odur, partiyanın nəinki rəhbərliyi, hətta rayon şöbələri belə feminizm məsələsində normal münasibət sərgiləyə bilirlər.
3. Partiya funksionerlərinə yuxarıdan təzyiqlər. Görürsüz, bir qəpiksiz subordinasiya necə işləyir? İstər dövlətlərdə, istər partiyalarda və digər təşkilatlarda heç bir maddi maraq olmadan subordinasiyanın qorumnması nadir görülən hallardandır. Yeri gəlmişkən, burada- ABŞ-da səfər etdiyimiz dövlət qurumlarının birində məruzəçi ABŞ-dakı “shutdown” deyilən büdcənin təsdiq edilməməsi üzündən bəzi federal qurumlarda maaşların verilməməsi ilə nəticələnən situasiyadan danışdı. Dedi ki, “shutdown” nə qədər uzun sürsə, subordinasiya zəifləyir, artıq işçilər yuxarıdan gələn tapşırıqları səmərəli yerinə yetirmirlər, baxmayaraq ki, onlar yığılan maaşlarını sonradan gecikmə ilə olsa da alırlar. ABŞ-da ən uzun “shutdown” isə 20-30 gün sürübmüş. Amma AXCP-də 20-30 ildir ki, “shutdown”dur və gecikmə, müddət filan da yoxdur – əbədi təmənnasız fədakarlıq. Belə bir situasiyada nəinki subordinasiya zəifləmir, hətta rəhbərlik işlərin səmərəli getməsi üçün şöbələrə təzyiq də göstərə bilir. Təsəvvür edirsiz, təmənnasız, fədakarlıq göstərən adamlara “tənbəllik” etdiklərinə görə təpki göstərilir, qınanılır və onlar bu qınaqdan sonra aktivliklərini artırırlar.
4. Və ən əsas məsələ. Əli Kərimlinin statusunun altında şərh yazmaq. Heç kimə sir deyil ki, bizim ən əsas resursumuz sosial mediadır, sosial mediada əsas təbliğat və informasiya yaymaq üçün əsas vasitələrimizdən biri partiya sədrinin FB səhifəsidir. Hökümət trollarından tutmuş adi vətəndaşlara və tənqidçilərə qədər ən çox müzakirə gedən yerlərdən biri Əli Kərimlinin səhifəsidir. Bu səbəbdən bu adamların suallarına, tənqidlərinə, etirazlarına cavab vermək, yeni üzvlər cəlb etmək, hətta trolların haqlı görünməsinə imkan verməmək üçün mütəmadi olaraq partiya üzvləri partiya sədrinin səhifəsini nəzarətdə saxlayır. Partiya sədrinin səhifəsi bizim ictimaiyyətlər, dəstəkçilərimizlə və yeni insanlarla təmasda olduğumuz əsas platformalardan biridir. Ən əsası adamlar maliyyəsiz, təmənnasız bu fədakarlığı göstərir. Bir daha təkar edirəm, bu adamlar təmənnasız, maliyyəsiz bu fədakarlığı edirlər, partiyadan gələn tapşırıqları heç bir mədət ummadan yerinə yetirirlər. Yeri gəlmişkən, bu səs yazısınından sonra bu adamlara troll deyənlər bəlkə gizli də də olsa vicdan əzabı çəkərlər. Əminəm ki, səmimi insanlar bunu edəcək.
Dostlar, vallah tənqid edin, çatışmazlıqları deyin. Amma hər şeydən sui istifadə etməyin, qərəzli olmayın, bu qərəz sizi çox kiçildir. Siz öncə bu səs yazısının qanunsuz paylaşıldığına reaksiya verməli idiniz. Bu səs yazısı hökümət tərəfindən qanunsuz olaraq ələ keçirilib. Qanunsuz yazılan səs yazıları, yalnız cinayət və ya qeyri etik məzmunda olduqda ictimai mənafelər naminə paylaşıla bilər. Burada elə bir şey yoxdur, adi partiya daxili təşkilat işləridir. Belə etməyin. Musavat.com-un çirkin kampaniyasına şərik olmayın, lütfən.Sonra vicdan əzabı çəkəcəksiz.