Ölkəni Suriyaya kim çevirmək istəyir?

Fuad Qəhrəmanlı,
AXCP sədrinin müavini

Əlində avtomat şəkli çəkdirən Fuad Muradov adlı birinin AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələməsi bir anda gündəmin əsas mövzusuna çevrildi. Niyə? Çünki bu, sadəcə məişət zəminində bir hədə- qorxu gəlmə olayı deyildi, baş verən siyasi rəqiblərə qarşı hakimiyyətin sanksiyalaşdırdığı terrorun anonsu idi. Maraqlıdır və eyni zamanda həm də təhlükəlidir ki, hakimiyyət bu işin arxasında durduğunu heç gizlətməyə çalışmadı da. Sosial şəbəkələrdə bu olayla bağlı hakimiyyətə yönəlik kəskin etirazlara və AXCP sədrinin iqtidardan tədbir görmək tələbinə qarşı hakimiyyətin cavab reaksiyası əslində gerçək mənzərəni və niyyətləri üzə çıxardı. İqtidar təmsilçisi Əli Həsənov məsələnin mahiyyətini, ortada olan cinayət faktını bir kənara qoyub, Əli Kərimlini “reallıq hissini itirməkdə” ittiham etdi. Nə qədər ağlasığmaz görünsə də, cavabdan belə çıxdı ki, ictimailəsmiş bir cinayət əməli ilə bağli hökumət ona görə heç bir tədbir görmür ki, “Əli Kərimli reallıq hissini itirib”.

Əslində isə siyasi terrora yaşıl işıq yandıran bu qeyri-ciddi bəhanə həm də hakimiyyətin siyasi proseslər üzərində inzibati metodlarla nəzarət resurslarının tükəndiyinin etirafı kimi qiymətləndirilə bilər.

Aydın görünür ki, iqtidar nəzarətində olan çoxsaylı informasiya təbliğat vasitələri ilə ictimai rəyə təsir etməkdə müxalifətə böyük fərqlə uduzur. Sosial şəbəkələrdəki müzakirə və ovqat hər keçən gün bu fərqin daha da artdığını göstərir.

Digər tərəfdən, bu günə qədər həyata keçrilən siyasi represiyalar, həbs və təzyiqlər müxalifəti zəiflədə bilməməklə yanaşı, beynəlxalq birliyin hakimiyyətə sərt münasibətini daha da kəskinləsdirməkdən başqa bir işə yaramadı. Əvvəlki metodların işə yaramadığı belə bir vəziyyətdə cəmiyyətdə artan narazılıq hər keçən gün hakimiyyəti daha çox təlaşlandırır. Ona görə də rejim muzdlu kütbeyinlərdən ibarət silahlı cəza dəstələri yaratmaqla, müxalifətdən gələcək təhlükədən qorunmağa çalışır. Belə hesab olunur ki, siyasi həbslər həyata keçirib beynəlxalq təzyiqlərə məruz qalmaqdansa, bu cür qeyri-rəsmi cəza dəstələri ilə rəqibləri cəzalandırıb, məsuliyyəti öz üstlərindən ata bilərlər.

Ancaq nəzərə alınmır ki, hakimiyyət üçün əsil təhlükənin mənbəyi müxalifətdən daha çox, xalqın rejimə qarşı kəskin narazılığı, qəzəb hissidir.

Bu məsələdə hakimiyyətin nəzərə almadığı digər bir nüans da odur ki, qeyri rəsmi cəza dəstələri müxalif fəallara qarşı hansısa zorakılıq həyata keçirəndə, bu artıq ölkədə dərəbəylik olduğunu, hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyi təəsüratını yaradır. Belə bir şərait özünü müdafiə hissinin təsiri ilə adekvat cavablar meydana çıxararaq, sabitliyin pozulması ilə nəticələnə bilir. Bu da hərc mərclikdən narahat olan xalqı, dərəbəylik vəziyyəti yaradan rejimə qarşı dirənisə təşviq edər. Ona görə də tarixi təcrübə də təsdiq edir ki, sosial dayaqlarını itirmiş zorakı rejimlərin son çarə olaraq baxdıqları bu cür üsullar onları nəinki xilas etmir, əksinə daha tez tükəndirir.
Onu da unutmaq lazım deyil ki, quldur dəstələrinin ümidinə qalan hakimiyyət öz məmur korpusu və yaxın tərəfdarlar çevrəsində də öz sayğınlığını və güvənilirliyini itirib daxilən deqradasiyaya məruz qalır. Çünki bu təbəqə də görür ki, tərəfdarı olduqları hakimiyyət xalqla və rəqibləri ilə münasibətdə o qədər zəifləyib ki, artıq öz addımlarının məsuliyyətini daşımağa, inzibati yolla prosesləri nəzarətdə saxlamağa gücü yetmir, ona görədə başıpozuq quldur dəstələrinə möhtac qalıb. Eyni zamanda belə bir vəziyyət onların da təhlükəsizliyini təhdid etdiyi üçün, davamlı narahatlıq duyğusu iqtidarın yaxın ətrafında bezginliyə yol açır.

Bütün bunlar onu göstərir ki, hakimiyyəti ölkəni “Suriyalaşdırmaqla” əldə saxlamağa çalışmaq, indiki hakim komandanı ən böyük şansdan- dinc yolla daha təhlükəsiz şəkildə iqtidardan gedə bilmək imkanından məhrum edə bilər.