Gəncə məhbusu: Məni o qədər döymüşdülər… Bakıya yaralarım sağalandan sonra gətirdilər

2018-ci ilin 10 iyul Gəncədə baş tutan etiraz aksiyasına sadəcə kənardan baxmaq istəyən Gəncə sakini Vüqar Yusifovun ağlına da gəlməzdi ki, məhz bu hərəkətinə görə ona Xocalı soyqrımı zamanı ermənilərin əsir götürdüyü soydaşlarımıza verdiyi işgəncələrdən daha betərini verəcəklər.

Hazırda Sabunçu Rayon Məhkəməsində Vüqar Yusifovun da təmsil edildiyi 8 nəfərlik qrupun məhkəmə prosesi davam etdirilir. Məhkəməyə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov sədrlik edir.

Vüqar Yusifov həbsi və ona verilən işgəncələr haqqında məktub yazıb. Onun valideyini məktubu vetenugrunda.az-a təqdim edib. Məktubu olduğu kimi diqqətinizə çatdırırq:

“Mən Yusifov Vüqar Riaz oğlu 10-07-2018-ci il tarixində saat 19-20 radələrində Şəmkir rayonu Nizami küçəsində icarəyə götürüb işlətdiyim çay evinin qarşısındakı kafedə dostlarımla oturub çörək yeyirdik. Dostlarımdan biri mənə dedi ki, yootub-e kanalında bir musiqi qoy qulaq asaq. Mən yootuba-a girdim və gördüm ki, orada yazılıb 10-07-2018-ci il saat 20:00-da hamı Gəncədəki icra hakimiyyətinin qarşısına aksiyaya gəlsin. Elə mən də neçə vaxt idi ki, Gəncəyə gəlmək istəyirdim. Telefonumla bağlı. Çünki nasaz idi.

Mən taksiyə Dördyola gəlib orada Gəncə avtobusuna mindim. Avtobusda şifahi tanıdığım bir cavan uşağın yanında əyləşdim. Bu cavan oğlan özünü Eliş kimi təqdim etdi və xalasıgilə getdiyini bildirdi. Biz “Univermaq” deyilən yerdə avtobusdan düşüb univermağa girdik. Məqsədim telefon almaq idi. Artıq gec idi saat 20:00 idi. Satıcılar mallarını yığırdılar. Mən bu oğlana dedim ki, tələsmirsənsə gəl yolu keçək üst tərəfə, icra hakimiyyətinin qarşısında mitinq olasıdır. O, vaxtının 30 dəqiqə olduğunu dedi. Biz ora çatanda orada az adam var idi. Hərəsi bir tərəfdə oturub və ya ayaqüstə söhbət edirdilər.

Hava çox isti idi. Köşkə yaxınlaşıb iki dənə su aldım. Biz orada 10-15 dəqiqə oturduqdan sonra həmin Eliş bildiyim şəxs mənə dedi ki, vaxtdır, mən getməliyəm. Biz üzü univermaq tərəfə getdik. Qəfildən arxadan səslər gəldi. Mən çönüb baxanda gördüm ki, təxminən 80-90 metr arxada iki nəfər yerdə uzanıb və bir nəfər də əlində qılınc “Allahu əkbər” deyib qıqşırır. Nə baş verdiyi bilmək üçün o tərəfə addımladım. Mən ora çatanda qəfildən insanlar çoxaldı. Mən kütlənin içində Elşi axtarmağa başladım.

Video görüntülərdə də açıq-aydın görünür ki, mən kimisə axtarıram. Adını sonradan bildiyim Rəşad, hansı ki, bu hadisəni törədən şəxs həmin vaxt mənim yanımdan keçir. Videogörüntüdə görünür ki, həmin şəxsə əhəmiyyət vermirəm, ətrafıma baxaraq Elişi axtarıram. Mənim önüm Rəşada tərəf olanda videonu dayandırıb şəklimi çəkiblər. Bu şəkillə mənə ittiham elan ediblər.

Samir Bayramovun xəsarət aldığı yerə gəldikdə isə, mən oradan 10-15 metr aralıdan keçirəm. Açıq-aydın videodan da görünür. Hətta polis papağı yerlə diyirlənərək mənə tərəf gəldikdə mən tez ayaqlarımı aralayıram ki, mənə dəyməsin. Mənim əlim-ayağım heç kəsə toxunmadan oradan uzaqlaşıb gəldim avtovağzala və oradan da Şəmkirə qayıtdım.

Səhəri günü, həmişə olduğu kimi, işimin dalınca düşdüm. 18 iyul tarixdə qızımı qəbul imtahanı vermək üçün Gəncəyə gətirdim. 23-07-2018-ci il tarixində çay evindəydim. Özünü Kəpəz polisi kimi təqdim edən adamlar məni maşına mindirib Gəncəyə Nizami polis bölməsinə gətirdilər. Orada məni rəisin otağına saldılar. İçəridə ən azı 20 nəfər olardı. Oranın rəisi mənə monitorda bir şəkil göstərib soruşdu “bu sənsənmi?”. Mən də “bəli” dedim. Həmin rəis əmr etdi ki, məni aparıb bayılana kimi döysünlər. Bir az içkili idim.  Narazılığımı bildirdim. Elə həmin otaqdan məni vura-vura çıxardıb başqa otağa saldılar. 7-8 saat məni dayanmadan yumruqladılar, təpiklədilər. Hətta elektroşok verdilər. Az qalırdım özümü öldürəm. Hətta buna cürət etdim. Özümü ikinci mərtəbədən atmaq istədim. Amma alınmadı. Önümü kəsib məni tutdular. Çünki əlim arxadan qandalla bağlı idi.

Artıq gecə idi. Məni növbətçi otağın arxasındakı otağa apardılar. Səhər açıldıqda isə apardılar ikinci mərtəbəyə. Heç bir addım belə ata bilmirdim. Orada məndən hədə-qorxu gələ-gələ ifadə alırdılar. Məndən Elişin adresini öyrənib oraya adamlar yolladılar baxış üçün. Zor tətbiq edərək mənə imza atdırdılar. Ora nə yazdıqlarını heç oxutmadılar. Vəkilm də (yəni dövlət tərəfindən təyin edilən vəkil) kağızdakıları oxumadan qol çəkdi. Səhv etmirəmsə, vəkilin adı Təzəgül idi. Mingəçevir şəhərindən idi. Orada belə eşitmişdim, yadımda belə qalıb.

Həmin günü 24-07-2018-ci il tarixində məni polis maşınına mindirib məhkəməyə gətirdilər. Ayaqlarım üstə dura bilmirdim. Bədənimdə tək salamat yer üz nahiyəm idi. Məhkəmə mənə 4 ay sanksiya tətbiq etdi və məni Kəpəz KPZ-sinə gətirdilər. Orada da polislər məni döymək istədilər. Amma gördülər ki, bədənim qapqaradır, əl vurmadılar. Gecəni orada qaldıqdan sonra səhərisi yəni 25-07-2018-ci il tarixində məni gətirdilər Gəncə türməsinə və atdılar karserə. Orada 4 gün qaldım. Oradan çıxardıb 3-cü korpus 58-ci kameraya saldılar. Dustaqların sayəsində bir ay yarıma ayağa qalxdım. Mənə ailə üzvlərimlə nə telefon danışığına, nə də görüşə icazə verdilər. Sonradan öyrəndim ki, bu hadisə ilə bağlı nə qədər saxlanan varsa, hamısı Bakıdadır. Təkcə mən bir ay 15 gün Gəncədə qalmışam. Çünki bədənimdə zədələr çox idi. Mənim sağalmağımı gözləyirdilər. Sağaldıqdan sonra məni də Bakıya gətirdilər.

13 aydı saxlanılıram və günahımın nə olduğunu bilmirəm. Tək niyyətim aksiyaya baxmaq olub və elə də etmişəm. Nə bir kəsə əlim-ayağım, nə də bədənimin hər hansı hissəsi dəyib. Nə bir daş, şüşə atmışam, nə bir şüar səsləndirmişəm, nə də bir silahım olub. Aksiyada ora-bura qaçanlar olubsa da, mən ancaq yerimişəm. Telefonumu götürüb baxış keçiriblər. Evimə də baxış keçiriblər. Nə telefonumdan, nə də evimdən bir şey çıxmadı. İndi məni 29.120.2.1, 29.120.2.3, 29.120.2.7, 29.120.2.10, 220.1, 228.4, 315.2 bu maddələrlə ittiham edirlər.

Ən yaxın polislə aramızda 10-15 metr məsafə olubsa, mənə necə 315.2 maddəsi verilə bilər?

Heç bir silahım olmadığı halda, əlimdə ancaq bir telefonum olduğu halda 228.4 maddəsi necə qoyula bilər?

Yeriyəndə ayağımın altına baxıram ki, qarışqanı tapdamayım və mənə 29.120. ölümə cəhd maddəsi verilib.

Hadisəni izləyən adama 220.1 maddəsi verilib. Kütləvi iğtişaşda guya iştirak etmişəm.

Faktlar var videoda. Orada açıq-aydın nə etdiyim görünür. Heç bir hadisəni törətmədən 13 aydan artıqdır ki, təqsirləndirilmişəm. Ümumiyyətlə, Gəncə şəhərində bir nəfər olsun belə adam tanımıram. Hadisə iyul ayının 10-da 2018-ci il tarixində olub. Məni isə 23-07-2018-ci il tarixində gəlib öz işlətdiyim çay evindən aparıblar. Mən özümü təqsirli bilsəydim bu 13 gün ərzində harasa qaçıb gedərdim və yaxud 18-07-2018 tarixində öz avtomobilimlə qızımı Gəncə şəhərinə qəbul imtahanına gətirməzdim. Sonda demək istəyirəm ki, bir faiz olsun belə günahım yoxdu.

Yusifov Vüqar Riaz oğlu

22 avqust 2019-cu il”.