2017-ci ildən Gürcüstanda həbsdə olan Fərman Ceyranlı barədə həbs qətimkan tədbiri seçilməsi qərarını Nəsimi məhkəməsi 2018-ci ilin noyabrında verib
Qərardan verilən apelyasiya şikayəti təmin olunmayıb
“Bu gün Bakı Apellyasiya Məhkəməsində Fərman Ceyranlının barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyim apellyasiya şikayətinə baxdı. Şikayət təmin edilmədi, rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı”. Bunu Facebook statusunda vəkil Fuad Ağayev yazıb.
Vəkil daha sonra Azərbaycanda 5 ildən çoxdur yaşamayan adamla bağlı keçirilən məhkəmə prosesinə aydınlıq gətirib:
– Barəsində şikayət verdiyim qərarı Nəsimi Rayon Məhkəməsi hələ ötən il noyabrın 29-da qəbul edibmiş. Həmin iclasda müstəntiq, prokuror və müstəntiqin təyin etdiyi vəkil olub. Vəkil Fərman Ceyranlının hüquqlarını elə “müdafiə” edib ki, nə qərardan apellyasiya şikayəti verib, nə də qərar barədə F.Ceyranlını və onun yaxınlarını məlumatlandırıb.
“İnterpol” saytında isə F.Ceyranlı barəsində Azərbaycan prokurorluq orqanlarının beynəlxalq axtarış verdikləri haqqında məlumat yayıldıqdan sonra professorun tapşırığı ilə onun yaxınları mənimlə müqavilə bağladılar. Bundan sonra bilmişik ki, Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində hələ 28 noyabr 2019-cu il tarixində F.Ceyranlının Cinayət Məcəlləsinin 137 (İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı…), 144-1 (insan alveri) və b. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarlar var! Bu ittiham F.Ceyranlının Gürcüstanda işlədiyi dövrə aid olmaqla tamamilə əsassızdır. Professor son 5 ildə, ümumiyyətlə, Azərbaycanda olmayıb!!!
Xatırladaq ki, Fərman Ceyranlı 2017-ci il mayın 22-dən həbsdədir. O, “Lanset” klinikasında qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında tutularaq dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmə ittihamıyla 6 il azadlıqdan məhrum edilib. Gürcüstan Apellyasiya Məhkəməsi sonradan onun cəzasını 2 il 3 aya endirib. F.Ceyranlı bu qərarla da razılaşmayaraq, bəraət almaq üçün Ali Məhkəməyə müraciət etmişdi.
F.Ceyranlı bildirir ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. F.Ceyranlı həm Gürcüstanda həbsinə rəsmi əsas kimi göstərilən ittihamları, həm də Azərbaycanda axtarışa verilməsinin səbəbilə bağlı yaylan iddiaları rədd edir. Bir müddət əvvəl yaydığı açıqlamada bildirib ki, “Lancet” tibb mərkəzinin orqan köçürmə şöbəsi Ümumdünya Səhiyyə təşkilatının təlimatına, Gürcustan qanunlarında nəzərdə tutulan qaydalara uyğun fəaliyyət göstərib. Onun sözlərinə görə, orqan köçürmə əməliyyatı zamanı şəxslərdən lazım olan bütün hüquqi sənədlər alınıb və qanuni şəkildə əməliyyat icra olunub.
“Mən Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunmuşam, həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər. Acıq qapını açırlar. Artıq hədlərini aşırlar…”, – deyə F.Ceyranlı bildirib.
F.Ceyranlı 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib.
Azadliq.info