Xartumda Sudanın sabiq prezidenti Ömər Əl-Bəşirin korrupsiya ittihamları ilə bağlı məhkəməsi davam edir. O, dörd ay öncə ordu tərəfindən hakimiyyətdən devrilib.
Bəşir bazar ertəsi məhkəmə zalına mühafizəçilər tərəfindən gətirilib. Orada bir detektiv ifadə verərkən bildirib ki, Bəşir müstəntiqlərə Səudiyyə Ərəbistanından milyonlarla dollar nağd pul aldığını etiraf edib.
Ötən ay 30 illik hakimiyyətdən sonra devrilən Bəşir qanunsuz xarici valyutaya sahib olmaq və qeyri-qanuni şəkildə hədiyyələr almaqda ittiham olunur.
Xartumun bir çox sakini məhkəmə prosesindən razı deyil. Bəziləri Amerikanın Səsinə bildirib ki, Bəşir ilk öncə soyqırım və insan qətlləri ittihamlarına görə məhkəmə qarşısına çıxarılmalıdır.
Beynəlxalq Cinayət Məhkəməsi sabiq prezidentə qarşı Sudanın Darfur regionunda uzun müddət davam edən müharibə zamanı müharibə cinayəti, insanlığa qarşı cinayətlər və soyqırım törətmək ittihamları irəli sürüb.
Bundan əlavə, may ayında Bəşirə qarşı onun hakimiyyətinə etiraz edən insanların qətlində əli olduğu ilə bağlı ittihamlar irəli sürülüb. Dörd ay davam edən etirazlar nəticəsində ordu aprelin 11-də Bəşiri hakimiyyətdən devirib.