Azərbaycanda rejimin təmsilçilərinin əməllərini izlədikcə düşünməyə bilmirsən ki, deyəsən, bunlar ölkədə hamıdan fərqli, dəyişkən, original bir diktatura qurduqlarını zənn edirlər. Ya da özlərini o qədər original, nadir nüsxə hesab edirlər ki, dünyada olanların, ya da bundan sonra ola biləcəklərin bunlara toxunmayacağından əmin halda etdiklərinə davam edirlər. Dünyanın bir hissəsində insanlar ayaqlanır, diktatorlar bir günün içində tarixə göndərilir, Azərbaycandasa biri papağını qarşısına qoyub düşünmür ki, birdən bizdə də belə bir iş oldu, onda necə olacaq?! Düşünən yoxdur, bundan əminəm, ya da hərdən birinin ürəyindən gizli bir titrəyiş keçir, sonra gün ərzində edəcəyi bəd əməllərin siyahısına baxıb hər şeyi unudur, polisi döyüb adam öldürür, deputatı yalan danışır, dindarı kiminsə əlini öpüb qarşısında təzim edir, naziri puluna daha artığını qatmağın yollarını arayır, daha nələr baş verir bu ölkədə, o qədər də böyük fantaziyaya sahib olmaq lazım deyil.
Ağıllı, arif adama işarə bəsdir deyirlər, yaxşı, bəs bu YAP-da bir nəfər arif olub olanları görən yoxdurmu, Azərbaycanın adının Tunislə birgə çəkilməsindən heç diksinmirlərmi, nəyə arxayındırlar bu adamlar, bəlkə bu xalqı daha acıq və qorxaq sayırlar, ya da öz cəza aparatlarını Ben Əlininkindən güclü hesab edirlər!?
Əgər belədirsə, yanılırlar təbii, çünki bu xalq o xalqdır ki, tankların qarşısına əli yalın yeriyə bilirdi. Kimlərsə bu xalqı özünə bənzədib ondan manqurt yaratmaq istəyirsə yanılır, özü də bərk yanılır. Düzdür, bu gün xalq susur, əzilir, amma əzilmək hələ ölmək, məhv olmaq deyil, bu əzilməyin bir qalxınması da ola bilər, ola bilər deyil, bu labüddür, qarşımızda “tarix” deyə bir fakt var çünki?
Gədəbəydə adam ailəsi ilə birgə özünü yandırdı, xalqdan səs çıxmadı, Elvini döyüb öldürdünüz, səs çıxmadı – bəlkə bunlar cəsarətləndirib hakimiyyətdəkiləri, bəlkə elə zənn edirlər ki, manqurtlaşdırma siyasətinin sonuna gəlib çatıblar, Azərbaycanı dünyadan təcrid edib hökm sürəcəklər, istədiklərini edəcəklər?! Ya da bunlar odda yanmaz, suda batmazdırlar?
Yəqin ki, bu düçüncədədirlər və onlar Allahı unutduqları kimi, Allahın da bu ölkəni unutduğuna inanırlar. 20 ilə yaxın bir zaman içində istədiyini et, kimi istəyirsən öldür, kimi istəyirsən şərlə, həbs et, insanları gün çörəyinə möhtac et, tala, soy, əz, sonra da Allahın ədalətinə inan, təbii ki, özünü hər şeyə qadir sayan hakimiyyətdəkilərə görə zor bir iş?
Haqqa, dünyada ədalət deyə bir şeyin olduğuna inanmaq belə qabiliyyətdir və görünən o ki, YAP-ın “qəlbi” bunlara qapanıb.
Amma Allah o Allahdır ki, şeytanın özünə rəqib olmasına imkan verib?
Azərbaycanda da allahlıq edib insanların taleyini istədikləri kimi yönləndirən, evinin önündə vurub öldürən, şərləyən hakimiyyəti də bəlkə elə burda özünə rəqib yaradıb, bir müddət möhlət verib?!
Eynən şeytana verdiyi möhlət kimi? Amma şeytanın Qiyamətə qədər möhləti var.
Azərbaycandakı rejim nümayəndələrinə verilən möhlətin bitməsinin Qiyamətə qalacağınasa zənn etmirəm?