İlham Hüseyn
Bu günün əsas müzakirə mövzusu Türkiyədəki seçkilərdi. Hamı İmamoğlunun qələbəsindən, Binəlinin məğlubiyyətindən, şəffaf seçkidən danışır. Hətta apalitik adamlar da səsləri saymaqla məşğuldu. Öz yaşadığı rayonda neçə seçki dairəsinin olduğunu bilməyənlər, İstanbuldakı məntəqələrdən xəbər verir. Əsas diqqətimi çəkən isə “kaş bizim ölkədə də belə seçki olaydı”, “biz də belə seçki görəcəyikmi?”, “Allah bizə də şəffaf seçkidə iştirak etmək nəsib etsin” kimi fikirlər oldu.
Biz birdəfəlik anlamalıyıq ki, bu ölkədə şəffaf seçkinin keçirilməsi hökumətin yox, bizim seçimimiz olmalıdı. Yəni, biz səmimi şəkildə, israrla seçki qutusunun bakirəliyin qorumağa çalışmalıyıq. Bunun üçün isə ilk növbədə ölkəni epidemiyadan xilas etməliyik. Qeyri-azad ölkədə bakirə seçki qutusu olmur, bütün bülletenlər zorlanır. Biz şəffaf seçki əldə etmək üçün şəffaf vətəndaş olmağı bacarmalıyıq. Meydandan səsi gəlməyən xalqın, seçki qutusundan səsi çıxmaz. Bizim oğurlanmış seçki təcrübəmiz var. Və bu böyük təcrübə bizi müdrikləşdirmiş olmalıdı. Hamı əmin olmalıdır ki, bu reallıqda Azərbaycanda şəffaf seçki keçirilməyəcək. Amma başqa ölkələrdəki seçkilərə həsəd aparmaq, başqalarının qələbəsinə köklənmək də məğlubiyyətdi. Əslində qələbə bizim ovcumuzun içindədi. Biz istəsək ən qısa zamanda dünyaya seçki nümunəsi göstərərik. Biz elə şeylərə həsəd aparırıq ki, onu özümüz də əldə edə bilərik. Qonşunun bağçasındakı güllərə baxıb “kaş mənim də olaydı” deməkdənsə, öz bağçanda gül əkməlisən.
Türkiyədəki seçkilərin nəticəsi bizə təsəlli olmamalıdır. Biz seçki aclığımızı Binəlinin məğlubiyyəti ilə doydurmamalıyıq. Əksinə, bütün dünyadakı şəffaf seçkilər bizi daha da acdırmalıdır. O qədər acmalıyıq ki, öz süfrəmizə şəffaf seçki düzməkdən başqa çarəmiz qalmasın.
İmamoğlunun qazandığı səslər yox, öz oğurlanan səslərimiz bizi məşğul etməlidir.
Bir sözlə, şəffaf seçkiyə gedən yol meydanlardan, milli iradədən, vətəndaşlıqdan keçir. Biz yalanın, talanın, hüquqsuzluğun qutusun dağıtmasaq, seçki qutusuna heç vaxt aidiyyatımız olmayacaq. Türkiyədəki seçkilərin nəticəsindən məmnun olan yüzminlərlə vətəndaşımız öz ölkəsinin taleyinə biganə qalmasa, qələbə qaçılmaz olar.
Biz vüsalın bir addımlığındayıq. Sadəcə həsrətin depressiyasından xilas olmalıyıq.