«Həm Gəncə Şəhər Baş Polis İdarəsində, həm də Kəpəz Rayon Polis Şöbəsində polislər mənə elə işgəncə verirdilər ki, əminəm, heç əsirlərə elə işgəncə verilmir. Belimi sındırmaq üçün o qədər vurdular… Şükür ki, sınmadı. Əl-ayaqlarımı bağladılar, sonra özümü də stula bağladılar. Məni stul qarışıq divara, yerə, hara gəldi, çırpırdılar…», – Gəncə hadisələrinə görə həbs olunan Vüqar Xudiyev iyunun 19-da məhkəmədə danışıb.
Gəncə hadisələrinə görə həbs olunanların işi sonradan bir neçə qrupa ayrılıb. V.Xudiyevin işi daha beş nəfərlə birlikdə məhkəməyə göndərilib. Onlara kütləvi iğtişaşların təşkili, polislərə qarşı müqavimət göstərmə, zor tətbiq etmə ittihamıyla 6 ildən 8 ilə qədər həbs cəzası verilib. Onlar özlərini təqsirli bilmirlər. Hamısı da hökmdən apellyasiya şikayəti veriblər və hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
«İki ay yerdən qalxa bilmədim»
7 il həbs cəzası almış V.Xudiyev iyunun 19-da apellyasiya məhkəməsində ifadə verərkən işgəncələrdən danışıb. Deyib ki, o qədər döyülmüşdü, qabırğalarının bir neçəsi sınmışdı: «İki ay yerdən qalxa bilmədim».
Saxlandığı istintaq təcridxanasında da lazımi tibbi yardım göstərilmədiyini deyən V.Xudiyevə hakim Salman Hüseynov irad tutub ki, niyə ancaq işgəncədən danışır? Gəncəyə niyə getməsindən danışsın.
V.Xudiyev bildirib ki, Gəncəyə İmamzadə ziyarətgahına getmişdi: «İyulun 10-da səhər saat 8-9 arası Elvinin dostları Eyruz və Səbuhi ilə İmamzadə ziyarətgahını ziyarət etdik. Eyruzgil Mingəçevirdən gəlmişdi. Məndən Elvin (Nəzərov) xahiş edib dedi ki, dostları ziyarətgaha getmək istəyir, onlara həm bu məsələdə kömək eləyim, həm də qonaq saxlayım. Ziyarətgahdan sonra Xoşbulağa dincəlməyə gedəcəkdik. Arada Gəncədə Xan bağında oturub çay içdik. Bu vaxt iki polis bizə yaxınlaşdı və onlarla idarəyə getməyimizi tələb etdilər. Biz də getdik. Yəni mən aksiyadan əvvəl Xan bağında çay içəndə həbs olunmuşam. Amma yazıblar ki, guya aksiya zamanı meydanda tutulmuşam».
Bakıda fəhlə işlədiyini deyən V.Xudiyevin sözlərinə görə, polislər onları tutub aparanda səbəbini soruşmağa imkan verməyiblər. İdarədən sonra isə onları məhkəmə qarşısına çıxarıb, ictimai asayişi pozmaq ittihamıyla 15 sutka inzibati həbs cəzası veriblər.
Onun sözlərinə görə, məhkəmənin qərarından sonra yenə polis idarəsinə qaytarıb döyüblər:
«Dayanmadan döyürdülər. Deyirdilər ki, əmr gözləyirik, lazım olsa, sizi güllələyəcəyik. Deyəndə ki, günahımız yoxdur, bunu Allah da bilir, başlayırdılar Allahı da söyməyə…».
«Bütün yaddaşım itib»
Təqsirləndirilən Elvin Nəzərov da ifadəsində Gəncə aksiyasının təşkilatçılarından biri olması barədə ittihamda yazılanların yalan olduğunu bildirib.
Təqsirləndirilən Nemət Heydərli Gəncə aksiyasının videogörüntülərində şəxsən onun iştirakının tapılıb ortaya qoyulmasını tələb edib.
Dövlət ittihamçısı Ədalət Əzimovməhkəmədə deyəndə ki, «işgəncə iddiaları təsdiqini tapmayıb, yalandır», təqsirləndirilən şəxslər etiraz ediblər.
«İnsafınız olsun, mənim başıma o qədər təpik, dubinka vurulub ki, bütün yaddaşım itib…», – V.Xudiyev belə deyib.
E.Nəzərov 7 ay ərzində heç bir yaxını ilə əlaqə saxlamağa imkan verilmədiyini xatırladıb. Dövlət ittihamçısına isə biləklərindəki izləri göstərib: «Hələ də işgəncə yerləri qalıb biləklərimdə. Qollarımı qandallayıb məni yerə yıxdılar, qandalların üstündə 150 kiloluq adam oturtdular. Qandallar biləklərimi kəsdi, ətimə girdi, bütün qanın içində idim. İndi deyirsiz ki, işgəncə olmayıb».
Məhkəmə iyunun 24-də davam edəcək.
Bu altı nəfərlik qrupdan Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov, Vüqar Xudiyev 7 il, Elman Rüstəmov və Nemət Heydərli isə 8 il azadlıqdan məhrum edilib.
Azadlıq radiosu