Avropada mühacir həyatı yaşayan siyasi fəalların Azərbaycandakı qohumlarına qarşı repressiyalara ara verilmir. Siyasi mühacirlərin Azərbaycandakı qohumları heç bir hüquqi əsas olmadan polisə aparılır, orada təhqir edilir, işdən çıxarılmaqla hədələnir, yaxınlarından və ailə üzvlərindən imtinaya məcbur edilir və s.
“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının yaydığı məlumatda bildirilir ki, bu quruma üzv olan mühacirlərin qohumlarına qarşı son vaxtlar xüsusi təqib kampaniyası başlayıb.
“Bugünlərdə Qabil Məmmədovun 12 nəfər yaxını Tovuz Rayon Polis Şöbəsinə aparılıb. İki dəfə ürəyindən əməliyyat keçirmiş 85 yaşlı atası Əmrah Məmmədov, 83 yaşlı anası Dünya Cəfərova, Qarabağ qazisi olan qardaşları Tahir Məmmədov, Ədalət Məmmədov, Mobil Məmmədov, onların övladları da daxil olmaqla, həmin qohumları polis şöbəsində saxlanılıb. Onların arasında qardaşlarının həyat yoldaşları da olub. Atasının və qardaşlarının telefonlarından ona təhqiredici mesajlar gəlib, onu “vətən xaini” adlandırıblar. Yəni polislər onların telefonlarından istifadə edərək bu addımı atıblar. Bütün ailə üzvlərinə ondan məcburi imtina sənədi yazdırıblar”, – deyə DAS təşkilatından bildirilib.
Təşkilatın daha bir üzvü Mübariz Kərimov bacısı oğlunun işdən çıxarılması ilə təhdid olunduğunu deyir. Səbuhi İsmayılova isə anasına işdən çıxarılacağı barədə xəbərdarlıq edildiyi bildirilir.
Təşkilatın üzvü Əli Məmmədov da Yevlax rayonunda olan yeznəsi, xalası və digər qohumlarının polisə çağrıldığını söyləyir.
Məcid Mehdilinin sözlərinə görə, atasına Sabunçu rayonu, 13-cü polis bölməsindən zəng olunub, bildirilib ki, oğlu Berlində 10 may mitinqində iştirak etsə, onlardan inciməsin.