İyunun 8-də Bakıda Siyasi Məhbusların Müdafiə Mərkəzi Nardaran hadisələrinə görə həbs olunmuş və son günlər vəziyyətinin daha da pisləşdiyi bildirilən Əbülfəz Bünyadovla bağlı müzakirə aparıb. Toplantı iştirakçıları bildirdilər ki, Ə. Bünyadovun həyatına təhlükə var. Onların deməsinə görə, məhbusun bağırsaqlarına infeksiya düşüb, qida qəbul edə bilmir, sümüyə çatan yataq yarası açılıb. “Onun bədənin 80 faizi işləmir və belə adamı həbsxanaya göndərmək onu hər gün diri-diri öldürmək deməkdir. O, dərhal azadlığa buraxılmalıdır”, – deyə Mərkəzinin üzvü Zümrüd Yağmur qeyd edib.
Tədbirdə Mərkəzin adından Azərbaycan hökumətinə Ə. Bünyadovun azadlığa buraxılması istəyi ilə bağlı müraciət qəbul olunub. İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev də deyib ki, Ə.Bünyatov azadlığa buraxılmasa ölkədə multikulturalizm, humanizm haqqında söhbətlər nağıllardan fərqlənməyəcək. O qeyd edib ki, bu ayın 12-də Ali Məhkəmə Ə.Bunyatovun şikayətinə baxmalıdır:
“ Biz müəyyən addımları atırıq və böyük ümidimiz var ki, Ə. Bünyadov ayın 12-də azad olunacaq”.
Məhbusun bacısı Mərhəmət Bünyadova isə əlavə edib ki, qardaşı bir neçə aydır ancaq çörək, kartof soyutması ilə yaşayır: “Çünki bağırsaqlara infeksiya düşüb və o, normal qida qəbul edə bilmir. Səhhətində digər problemlər də var. Ayağı çarpayıya ilişir,… belindəki yaraya infeksiya düşə bilər. Müalicə Müəssisəsindəki vəziyyət belə, belə xəstələr üçün qənaətbəxş deyil. Bizim yeganə istəyimiz qardaşımın yaxşı müayinəsidir. Çünki onun heç bir orqanı normal işləmir”.
Tədbirdə hazırda həbsdə olan bir sıra başqa şəxslərin də səhhəti ilə bağlı məsəllələrdən bəhs edilib.