ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Ötən ilki uğursuzluğunu kənar amillərin təsiri ilə izah edərək məsuliyyətdən boyun qaçıran Dövlət Neft Fondu bir sıra vacib məlumatları ictimaiyyətdən gizlətməklə yanaşı, rəqəmlərlə manipulyasiya edərək açıqladığı informasiyalarla əhalini də çaşdırır. Odur ki, bəzi vacib məsələləri aydınlaşdırmaq üçün yenidən ARDNF-nin dünənki açıqlamasına qayitmaq və diqqətinizi 2 məqama cəlb etmək istərdim.
1) Diqqət edin, 28 dekabr 2017-ci il tarixli prezident fərmanıilə Dövlət Neft Fondunun 2018-ci il üçün təsdiq edilmiş büdcəsində Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 42 milyon 46 min 100 manat nəzərdə tutulurdu. Sonradan Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2018-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər edilib və valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 042 046,1 min manatdan 1 216 734,8 min manata qədər artırılıb. Yekunda nə baş verib. Fond ötən il vəsaitlərin idarə edilməsindən cəmisi 181,1 milyon manat məbləğində gəlir əldə edib. Göründüyü kimi, Fond özünün hazırladığı proqnoza 14,9 faiz əməl edib. Belə ki, bu mənbədən Dövlət Neft Fondunun büdcəsinə daxil olan vəsait büdcədə nəzərdə tutulan gəlirlərə nisbətən 1 035,6 milyon manat və yaxud 85,1 faiz az olub. Ötən il ərzində Fondun investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 0,35 % təşkil edib ki, bu da büdcədə nəzərdə tutulmuş gəlirlilik göstəricisi ilə müqayisədə (1,96% ) 1,61 %, 2017-cı il ilə
müqayisədə 1,53% azdır.
2) Baxın, Hesablama Palatasının açıqlamasına görə, Fondun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0.35 faiz təşkil edib ki, sözügedən göstəricidə borc öhdəlikləri və pul bazarları altportfelinin gəlirliyi 0.68 %, daşınmaz əmlak altportfeli gəlirliyi 0.54% olub. Amma Fond dünən açıqladığı bəyanatında bildirir ki, uğurlu diversifikasiya siyasətinin nəticəsində ötən il daşınmaz əmlak portfelinin 2018-ci il üzrə məzənnə fərqi nəzərə alınmadan gəlirliliyi 9,9% təşkil edib. Görürsünüzmü, rəqəmlərlə manipulyasiya edən Fond ictimaiyyəti necə aldadır. Necə olur ki, aktivlərini ABŞ dolları ilə qiymətləndirən Fond əmlak bazarında gəlirliyi məzənnə fərqini nəzərə almadan 9,9 % təqdim edir. Halbuki, məzənnə fərqi nəzərə alınandan sonra Fondun əmlak bazarında sərmayələri üzrə illik gəlirlik səviyyəsi 0,54 % olub. Məgər Fond bu iki rəqəm arasındakı fərqi bilmir?
Sizcə, əmlak bazarında əldə edilən gəlirlər niyə aşağı göstərilir, pullar hara gedir? Fondun açıqlamasından məlum olur ki, icarədən qazanılan pullar təmir-tikintiyə və yenidənqurmaya sərf olunur. Buna inanırsınızmı?