İyunun 3-də yerli vaxtla saat 9-da Milanın Ədalət Sarayında AŞPA-nın Hüquq məsələləri və insan hüquqları üzrə komitəsinin keçmiş sədri Luka Volontenin işi üzrə məhkəmə prosesi başlayıb. O, Azərbaycan hakimiyyətindən digər AŞPA deputatlarını ələ almaq üçün böyük məbləğdə rüşvət almaqda ittiham olunur.
Məhkəmə prosesində ittiham tərəfindən ekspert kimi Azərbaycanın Aİ-dəki nümayəndəliyinin keçmiş rəhbəri, Avropa Şurasında daimi nümayəndə Arif Məmmədov iştirak edib.
A.Məmmədov təhlükəsizlik məqsədilə İtaliya hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş mühafizə ilə təmin edilib.
İtaliyalı deputat Luka Volonte beynəlxalq “kürü diplomatiyası” qalmaqalının – beynəlxalq “Avropa sabitlik təşəbbüsü” QHT-nin araşdırmasının fiqurantıdır. O, Azərbaycandan 2,3 mln. avro almaqda, bu məbləği 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin qəbul edilməməsi məqsədilə bir sıra AŞPA deputatlarının cəlb edilməsinə yönəltməkdə ittiham olunur.
2016-cı ildə Milan Prokurorluğu Volonteyə qarşı ittiham irəli sürərək, araşdırmaya başlayıb.
Məhkəmə iclasından sonra A.Məmmədov qısa məlumat paylşıb ki, prosesdə Azərbaycan hakimiyyətinin bu korrupsiya əməlində iştirakı sübut olunmalıydı və olundu. Məhkəmə qapalı keçirilib.