Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin rəhbəri Nəcimə Babayevanın qətl işi…
Qətldən əvvəl və sonra – VII
“…Maşını cərimə meydançasına qoyub, mənə dedilər ki, ekspertlər yoldadır, gəlib çatıb, yoxlayandan sonra xəbər edərik, gəlib götürərsən. Mən gəlib başıma gələni Nəcimə xanıma danışdım. O rəhmətlik də dedi ki, olur belə şeylər, yoxlasınlar, gedib götürərsən. Hər gün şöbəyə gedib maraqlanırdım, hər gün də deyirdilər ki, ekspertlər gəlir, yoldadır. 9 gündən sonra, bir polis əməkdaşı mənə dedi ki, ay evin yıxılmasın, maşını Akif Mərdanov sifariş edib, qəsdən saxlatdırıb ey, nə ekspert, nə hadisə? Bundan sonra ayıldım, araşdırıb gördüm ki, heç bir qəza filan olmayıb, heç kəsi də maşınla vurmayıblar. O vaxta qədər sən demə məni aldadıb, maşını cərimə meydançasına qoyublar ki, Nəcimə xanım və Gülnarə xanım bir yerə gedəndə əziyyət çəksinlər.”
Əməkdaşlıq etməmənin bədəli
Oktay Azayev başına gələnləri bir də Nəcimə Babayevaya danışır. O da öz növbəsində, təcili olaraq Oktay üçün Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə rəsmi məktubla müraciətlər hazırlayaraq, yola salır. Bundan bir gün keçən kimi, Oktayı təcili olaraq Xaçmaz Polis Şöbəsinə çağıraraq, maşını təcili götürməsini deyirlər.
“Tələsirdilər ki, maşını götürüb aparım. Deyəsən yuxarıdan artıq cavab gəlmişdi. Mən mərdiməzar adam deyiləm, lənət şeytana deyib, maşını şöbədən çıxardım. Ancaq sonradan Akif ona “işləməkdən” imtina etdiyim üçün, məni aparıb şöbədə döydürtdü.”
Hadisənin baş verdiyi gün Oktay Nəcimə xanımın qızı Kəmalə Həbibovanı o vaxt işlədiyi “Xalq Bank”-ın Xaçmaz filialına aparıb, bazara qayıdır. Bu zaman bazarın işçisi Elşad Nurməmmədov ona zəng vuraraq, “müəlliməyə nəsə olub, tez gedib baxmaq lazımdır” deyir. Oktay öz işini də Ticarət Mərkəzindəki həmkarı Qurbana tapşırıb cəld maşına tərəf qaçır. Özünü itirdiyindən maşını işə salıb, indi də özünün bilmədiyi səbəbə görə “Xalq Banka” tərəf gedir. Halbuki, ev həm bazara yaxın idi, həm də maşın evə yaxın yerdə idi. Oktay ona gələn zəngdən həyəcanlanaraq, özünü itirib nədənsə evə deyil, Kəmalə xanımın dalıyca gedir. Banka çatanda mühafizəçi polis ona Kəmalə xanımın artıq evə getdiyini bildirir. Bundan sonra Oktay da hadisə yerinə gəlir.
Gələndə görür ki, bir neçə nəfər orda toplaşıb. Ailə üzvləri ağlaşır. Oktay Azayev gəlib, sahə müvəkkili İdris Axundov (hazırda mühacirətdədir) və Elşad Nurməmmədovun yanında durur.
Bu arada haşiyəyə çıxaraq qeyd edim ki, Elşad nədənsə ömrü boyu yanında dolandığı, onun hesabına pul qazandığı Nəcimə xanımın qətli zamanı evə daxil olmayıb, hətta həyətə belə girməyib. Hüzr zamanı müxtəlif anlarda, həyətə daxil olub çıxsa da, əsasən evin qarısında olaraq, gəlib-gedənləri müşahidə edib. Bizim milli psixologiyamıza görə nadir sayılan bu davranış nədənsə istintaq aparan orqanların diqqətini cəlb etməyib(?) Bir insan, uzun illər bir yerdə çalışdığı şəxsin qətlinə qarşı necə belə soyuqqanlı, laqeyd yanaşa bilərdi ki?
Burda maraqlı detalın biri də budur ki, Oktaya zəng vuran Elşad, göründüyü kimi hadisə yerində olduğu halda, Nəcimə xanımın qətlə yetirildiyini deməyib, ancaq “müəlliməyə nəsə olub” deməklə kifayətlənib. Həmçinin hadisə zamanı hər kəsə zəng vurub xəbər verən Elşad, danışdığı hamıya eyni şeyi, eyni mətndə deyib…
Oktay gəlir, Elşadgilin yanında durur. Hələ də olayı tam dərk edib, həzm edə bilməyən ailənin sadiq sürücüsü nəhayət başa düşür ki, Nəcimə xanımı öldürüblər.
Prokuror olay yerinə çatanda “qatili” tanıyırmış…
Daha sonra hadisə yerinə hüquq mühafizə orqanları gəlir. Maraqlıdır ki, prokuror Rasim Məlikov dərhal guya özünü tanımırmış kimi göstərərək, Oktayı göstərib soruşur ki, bu kimdi? Halbuki, prokuror həm də Nəcimə xanımın qonşusu olduğu üçün, ən azı peşəsindən irəli gələn qabiliyyətlərinə görə, ailənin sürücüsünü tanımalı idi.
Ordakılar da bildirirlər ki, Oktay Azayev Nəcimə xanımın sürücüsüdür. Prokuror dərhal onu həbs etməyi tapşırır.
Başdan ayağa “müəmmalarla” dolu olan bu qətli bu vaxta qədər “aça bilməyən” prokurorun “Vanqa kimi” cəsədi görməmiş bu qərarı niyə qəbul etməsi də istintaqın diqqətini cəlb etməsə də, mənə olduqca maraqlıdır. Necə olur ki, hələ cəsədi görmədən “şübhəlini” uzaqdan “tanıyan” prokuror, sonradan 9 il bu müşkülün öhdəsindən gələ bilməyib?! Ya da belə bir qabiliyyət sahibi olan bir prokuror niyə sonradan “sıradan bir qətli” aça bilmədi? Halbuki, bu vaxta qədər söhbət etdiyim, təcrübəli və peşəkar hüquqşünaslar ölüm hadisəsinin 99 faiz dərhal açıla biləcəyini deyirlər. Sözünə və təcrübəsinə etibar etdiyim bütün kriminalist dostlar xüsusilə vurğulayırlar ki, ölüm hadisəsi digər cinayətlərdən fərqli olaraq asanlıqla açılır…
Prokuror Oktayı həbs etməyi əmr edir. Hələ hadisəni tam anlamağa imkan tapmayan sürücü həbs olunur. Oktay Azayevi maşına mindirib, aparırlar onun öz evinə və evdə axtarış başlayır…
Burda da maraqlıdır ki,prokuror axtarışı deyil, onun həbs edilməsini tapşırır, ancaq Xaçmaz polisindən olay yerinə gələrək Oktayı həbs edən əməliyyatçılar, birbaşa onu Heydər Hüseynov küçəsindəki evinə aparıb, onun iştirakı ilə evdə axtarış aparırlar.
“Mən hələki heç nə anlamırdım,həyat yoldaşım işdə idi, uşaq isə məktəbdə. Evdə Bakıdan gələn bacım və onun həyat yoldaşından başqa heç kəs yox idi. Vəhşicəsinə evə soxuldular, hamımız çaşıb qalmışdıq, nə baş verdiyini dərk edə bilmirdik. Girdilər, evi ələk-vələk elədilər, zirzəmini də axtardılar. Sadəcə eşidirdim ki, bir-birlərinə, nəsə qanlı paltar filan axtardıqlarını deyirdilər. Fikirləşirdim ki, yəqin bazarda işlədiyimizə görə, bütün bu işləri eləmək onların borcudur. Sakitcə və arxayın gözləyirdim ki, onsuz da biləcəklər ki, günahım yoxdu, buraxacaqlar. Hələki öz işlərini görürlər. Nə bilim ki, burda söhbətin mövzusu başqadı?!”
Bundan sonra Oktayı Polis Şöbəsinə gətirərək, onu orda mühafizə altında koridorda saxlayırlar. Hadisə yerində baş verənlərdən xəbərsiz olan sürücü elə bilir ki, onu bir qədər saxlayıb, sonra azad edəcəklər.
Bir də axşamüstü, gün batana yaxın, olay yerindən qayıdan əməliyyatçılar, o vaxt Xaçmaz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini Valik Vəlimətovun (hazırda Siyəzən rayonunun polis rəisidir) otağında Oktayı sorğu-suala başlayırlar. Əvvəlcə Oktaya deyirlər ki, şairəni sən öldürmüsən. Necə öldürmüsən, kimlə öldürmüsən, bizə danışmalısan! Oktay özünə qarşı irəli sürülən iddialara və ittihamlara təəccüblənsə də, polis mühakimə etməyə davam edir.
“Əvvəlcə dedilər ki, sən öldürmüsən, niyə öldürmüsən və ya bu cinayəti işləməkdə başqa kimlər sənə kömək edib? Niyə öldürmüsən? Sənə pul verirdi, yoxsa az verirdi? Səhərə qədər sorğu-sual edirdilər. Özüm də mat qalmışdım. Heç nədən xəbərim yox idi, niyə məndən şübhələnirlər, anlamırdım…”
P.S. Ömrünü rayon rəhbər və vəzifəli şəxsləri ilə məhkəmələrdə, mübahisələrdə keçirən Nəcibə xanım, günlərin birində, 15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən, xüsusi amasızlıqla, vəhşicəsinə qətlə yetirilir. Əvvəlcə Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, bizə məlum olan səbəblərdən, iş üzrə istintaqın davam etdirilməsi, 20 sentyabr 2010-cu il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılır.
2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva, xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edir. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlir, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan, heç kəsi çağırmadan, evə daxil olur və bu zaman 1-ci mərtəbədə, mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçır. Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görür.
Məhkəmə tibb ekspertizası, mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir.
Qatil və qatillər, sifarişçilər isə bu günə qədər “heç kəsə məlum deyil”…
Cəmil Məmmədli