Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmovun qardaşları – Taleh və Valeh Rüstəmovların ölkədən çıxışına qadağa qoyulub. Bu barədə AzadlıqRadiosuna Taleh Rüstəmovun oğlu Sayğın Rüstəmovməlumat verib. Saleh Rüstəmov AXCP-yə maliyyə yardımında suçlanıb 7 il 3 ay həbs cəzasına məhkum edilib.
Sayğın Rüstəmov deyir ki, 2018-ci ilin mayında əmisi həbs olunandan dərhal sonra atasına və digər əmisinə də təzyiqlər başlayıb. Onun sözlərinə görə, təxminən 15 il öncə qapanmış vergi problemini təzələyiblər: «Atamla Valeh əmim qardaş olmaqla, həm də şərikdirlər. Hələ biz uşaq olandan onlar birgə işə başlayıb, birlikdə də inkişaf etdiriblər. Onlar un və un məmulatlarının satışıyla məşğul olublar. 15 il əvvəl baş vermiş vergi mübahisəsini təzələyib, onun əsasında hər ikisinin ölkədən çıxışına qadağa qoyulub».
S.Rüstəmov bildirir ki, əmisinin üzərindəki vergi borcu, onun faizi daha çox olub. Ancaq o, borc tapıb, həmin məbləği tam ödəyib. Buna baxmayaraq, ölkədən çıxışına olan məhdudiyyət aradan qaldırılmayıb. T.Rüstəmov isə hələ ödəməyib. Sayğın deyir ki, atası borc götürmək istəmir, o vəsaiti hissə-hissə ödəmək niyyətindədir: «Onsuz da atam deyir ki, Saleh əmim həbsdən çıxana qədər heç yerə getməyəcək. Onun üçün sovqat aparır, onunla görüşür».
S.Rüstəmov vergi probleminin necə yaranmasından da danışıb: «O zaman un satışıyla əlaqədar qanunvericiliyə dəyişiklik edilib. Atamgilin yeni qaydadan xəbəri olmayıb. Vergi yoxlamasında buna görə nöqsan tapılıb. Müsadirə qərarı verib, iş yerindən müəyyən avadanlıqları götürüblər. Bununla da məsələ bağlanıb. Əmimin həbsindən sonra qardaşlarını da cəzalandırmaq üçün bu işi açdılar».
Həm öz valideynləri, həm də digər əmiləri, bibiləri, onların övladlarının əmlaklarının da müsadirə edildiyini yada salan S.Rüstəmov baş verənləri «bir nəslin repressiyası» adlandırır. Deyir ki, bütün bunlar barədə beynəlxalq insan haqları təşkilatlarına, xarici ölkə səfirliklərinə məlumat veriblər.
Rəsmilər isə ölkədə kimsənin yaxın qohumuna görə, yaxud siyasi motivlərlə cəzalandırılmadığını, hər kəsin qanun qarşısında bərabər olduğunu bildirir.
Azadlıq radiosu