2018-ci il iyulun 10-da Gəncədə baş verən aksiya ilə bağlı 200-ə yaxın insan həbs edilib. Onlardan bəziləri 30 sutka inzibati cəza ilə cəzalandırılıb. Lakin adının çəkilməsini istəməyən bu adamlar hətta 30 sutka ərzində hər gün dəhşətli işgəncələrə məruz qaldıqlarını bildirir. Onlar təqdim edilən ifadəyə imza atmaları üçün döyülüblər. İfadəyə imza atdıqdan sonra isə 30 sutkalıq cəzalarını çəkiblər.
Amma 80 nəfərə yaxın şəxs məhkəmə qarşısına çıxarılıb. Sabunçu Rayon Məhkəməsində və Gəncə Ağır Cinayətlər məhkməsində bu adamlara məhkəmə prosesi keçirilir. Mayın 13-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində 8 nəfərlik qrupun ilkin hazırlıq iclası keçiriləcək.
Gəncə məhbuslarına verilən işgəncələr gündəmin mövzusuna çevirilib. Onlar məhkəmə prosesində işgəncə faktlarına toxunublar. Eyni zamanda onların yaxınları bu barədə saytmıza məlumat veriblər.
2019-cu il fevralın 28-də Sabunçu Rayon Məhkməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi başa çatdı. 6 nəfərlik qrupa hökm oxundu.
Bu qrupda 4 Mingəçevir sakini var. Onlardan biri Elvin Nəzərov 7 il cəza aldı.
Elvin Nəzərov-Gəncə məhbusu
Elvin Nəzərovun yaxınlarının verdiyi xəbərə görə, ona ağlasığmaz işgəncələr verilib.
“Məni şöbəyə gətirdikləri andan döyməyə başladılar. İlk dəfə döyməyə başlayanda qollarımı qandalladılar, gözümə də qara dəsmal bağladılar ki, döyənlərin üzünü görməyim. Ağzımı “skoçla” bağlamaq istəyəndə dedim ki, burnumdan nəfəs ala bilmirəm, ancaq ağzımdan nəfəs alıram. Əgər ağzımı da bağlasanız boğulub öləcəm. Mən qışqırmayacam, səsimi çıxarmayacam, dözəcəm ağzımı bağlamayın.
Birinci gün qollarımı qandallayıb, ayaqlarımın altına dubinka ilə var gücləri ilə döydülər. Böyrəklərim və ciyərlərim dağılsın deyə, dubinkanı o qədər möhkəm vururdular ki, huşumu itirirdim. Sonrakı günlərdə də hər gün səhərdən-axşama qədər məni döyürdülər. Huşumu itirəndə su tökürdülər üstümə, ayılırdım və yenidən döyürdülər.
Bir gün məni rütbəli birinin otağına apardılar. O, özünü təqdim etmədi və kobudluqla soruşdu ki sənin uşağın var. Məndə dedim ki, bəli, var. Mənə “sən nəsənki, sənin uşağın da nə olsun” deyəndə, ona layiq olduğu cavabı verdim. O, çox qəzəbləndi, yanındakılara “aparın bunu, ölüncə döyün, o kimdi axı mənə cavab qaytarmağa cəsarət edir” dedi. Bu olaydan sonra məni daha dəhşətli döyürdülər. Yorulanda isə pol ağacının sapı ilə döyürdülər. Hər yerimə vururudlar. Bütün bədənim qanın içində və gömgöy idi.
Bir dəfə iri əlləri olan adamdöyənlər qulağımın pərdəsini partlatmaq üçün var qüvvələri ilə başıma və qulağıma zərbələr endirirdilər. Ağzım burnum qanla dolmuşdu. Qulağımın pərdəsinin hələ də partlamadığını görəndə iri kitabları götürüb başıma və qulaqlarıma yenidən zərbələr endirdilər. Mən huşumu itirdim, su töküb ayıltdılar və yenidən döyməyə başladılar.
Bu zaman adamdöyənlərdən bir nəfər dedi k, mən daha yaxşı “metod” bilirəm. Bu “metodla” döysək, o, huşunu itirəcək, biz də belə yorulub, əldən düşməyəcəyik. Beləliklə, boğazımın altındakı, sinə sümüyünün yuxarı hissəsindəki yerlərə vurmağa başladılar. Bu çox dəhşətli ağrı verirdi və mən bayılırdım.
Sonra qollarımı arxadan qandallayıb çox iriçəkili bir nəfəri belimin üstündə oturdub məni dəhşətli şəkildə döyməyə başladılar. Alışqanı yandırıb belimə tuturdular və saxlayırdılar. Belim yandıqca ağrının şiddətindən bayılırdım.
O qədər döydülər ki, bütün bədənim göyərmişdi, mən qan içində idim, ağrıdan ayaqüstə dayana bilmirdim, oturmağa da qoymurdular. Kimsə dedi ki, bu adamı niyə ayaq üstə saxlamısız, qoyun otursun. Oturmaq istəyəndə otura bilmədim. Ayaqlarımın altına dubinka ilə o qədər döymüşdülər ki, ayağımı yerə basa və ayaqqabı geyinə bilmirdim.
Hər gün səhərdən-axşama qədər dayanmadan döyürdülər. Başımı iki nəfər möhkəm tuturdu, başımı tərpədə bilmirdim, digərləri üzümün tüklərini bir-bir dartıb çıxarırdı.
Məni yerə uzadıb 5-6 nəfər başıma təpiklə döyürdülər. 7 ay keçməsinə baxmayaraq, hələ də üzümdə o təpikləmənin izi qalıb.
Bir dəfə xahş etdm ki, qollarımı açın namazımı qılım, icazə vermədilər”.
Elvin Nəzərova işgəncə verənlər ondan etmədiyi əməlləri haqqında ifadə verməsini tələb ediblər.
Ona Nizami polis İdarəsində və Kəpəz Polis İdarəsində işgəncə verilib. 11 iyulda həbs edilən Elvin Nəzərova 9 gün ağlasığmaz işgəncə verilib. Elvin deyir ki, bu 9 günü məhkəmə işinə əlavə etmiyiblər.
Bu məhkəmədə 7 il həbs cəzası verilən digər Mingəçevir sakini Elvin Allahverdyev də Elvin Nəzərovla birgə saxalnıb. Elvin Nəzərov və Elvin Allahverdiyev dostları Renat Məmmədovun maşını ilə digər dostları, Mingəçevir sakini Vüqar Xudiyevin saxlandığını eşidib onun yanına yemək gətiriblər. Bu üç dost heç bir səbəb göstərilmədən saxlanıb və olmazın işgəncələr verilib ki, onlara təqdim olunan ifadələrə imza atsınlar.
Elvin Allahverdiyev-Gəncə məhbusu
Elvinin yaxınlarının verdikləri xəbərə görə, o, 2018-ci ilin 11 iyununda saxlanılıb. Elvin dostları Renat (Məmmədov) və Elvinlə (Nəzərov) birgə Kəpəz rayon polis İdarəsində saxlanan dostları Vüqar Xudiyeva yemək aparıblar. Uşaqlardan heç biri geri qayıtmıyıb. Sən demə, polis idarəsində uşaqları tutub salıblar içəri, telefonlarını da alıblar əllərindən. Saxlanmaları haqqında ailələrinə də xəbər verməyiblər: “İki gün sonra xəbər tutduq ki, Elvin polis idarəsində saxlanılır. Qardaşımla anam gedib Kəpəzə, deyiblər ki, Elvinə 20 sutka verilib. İyulun 18-də oğluna yemək aparmaq üçün anam gedib Kəpəz Polis İdarəsinə. Ona deyiblər ki, Elvini Gəncə Polis İdarəsinə aparıblar. Sonra məlum olub ki, 4 aylıq sanksiya verilib. İyulun 25-də isə Kürdəxanı Müvəqqəti Saxlanma Təcridxanasına köçürüblər.
Sonra bizim bütün əlaqələrimizi kəsdilər. Sentyabr ayında vəkil tutduq. Bundan sonra ancaq vəkili vasitəsilə əlaqə saxlaya bildik. Bu mhkəməyə qədər davam etdi”.
Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə iştirak edən yaxınları Elvini görəndə tanımayıblar. Onun bütün dişləri qırılıb: “Elvin deyir ki, Kəpəzdə də, Gəncədə də döyülüb. Ona dəhşətli işgəncələr verilib. Eyni anda 6-7 nəfər üstünə düşüb hamısı başına o qədər təpikləyiblər ki, qulaqlarından qan gəlirmiş, başı o qədər şişib ki, görənlər qorxurmuş. Damağı çox ağır şəkildə zədələnib. Bütün dişləri qırılıb, yemək də yeyə bilmir. Ancaq sulu yemək yeyə bilir. Elvin demək olar ki, ağrıkəsici ilə yaşayır”.
Elvin deyib ki, 9 gün onu gecə və gündüz döyüblər. Bu 9 gün isə heç bir sənəddə qeyd edilməyib: “Ayaqlarını və qollarını bağlayıb ayaqlarının altına dubinkayla huşunu itirənə qədər döyürmüşlər. Hər gün səhərdən axşama qədər işgəncə verirmişlər, ancaq yorulanda əl çəkirmişlər.
Eyruz Hacıyev-Gəncə məhbusu
Elvinin işgəncə zamanı qabırğasının biri qırılıb deyə, aylarla bir tərəf üstə yatıb. Başına dubinkayla o qədər vurublar ki, iki gün gözləri görməyib.
Gəncə məhbuslarının anaları və yaxınları isə ölkə başçısına etidkləri müraciətdə övladlarına verilən işgəncə faktlarından danışıblar: “…İşgəncələrə dözməyib intihar həddinə çatanlar və buna cəhd edənlər olub. Təqsirləndirilən şəxs Asif Cavadovun işgəncələrdən bezərək “özümü öldürmək istəyirəm” sözünə qüvvət verərək onu dindirən şəxs masasının siyirməsindən silahı çıxararaq Asifə uzatmış və “özünü öldürmək istəyirsən, al öldür” demişdir və Asif silahı özünə tuşlayaraq tətiyi çəkib (əlbəttə silah boş idi, lakin Asif bunu bilmirdi və ölümə hazır idi), bu hadisəyə digər təqsirləndirilən şəxs Şahin Verdiyev şahid olub. Bir çox uşaqlar işgəncələrə dözməyib Gəncə şəhər Nizami rayon polis idarəsinin 3-cü mərtəbəsinin pəncərəsindən özünü atmağa cəhd ediblər və hətta bir nəfər özünü atıb da, həmin şəxs haqqında məlumatlar açıqlanmır, gizlədilir.
Müstəntiq Orxan Babayev
Nizami rayon polis idarəsində quraşdırılmış kameralara nəzər salsanız 10-11 iyulda və digər günlərdə orada qanın su yerinə axdığının şahidi olacaqsınız, orada arvad-uşaq, cavan-qoca fərq qoyulmadan tutulan şəxslərin hər biri amansızcasına döyülüb, söyülüb, təhqir olunub və digər zorakılıqlara məruz qalıb.
Tutulan şəxslər onlara işgəncə verən şəxlərin adlarını xatırlayır, bunlar Samir Bayramov, Orxan Babayev, Ədalət Sadıxov, Rafiq Şabanov, Ceyhun Nuriyev, Rasim Qurbanov, Vüqar Qarayev, Mehdiyev Elşən, İsmayılov Əfqan, Knyaz, Zöhrab, Yusif, Xanlar, Cavanşir və digərləri olmuşdur. Bu kimi işgəncələr Gəncə şəhər Kəpəz rayon polis idarəsində, Gəncə 2 saylı İstintaq Təcridxanasında, Bakıda “bandotdel” adlanan yerdə və digər polis şöbələrində də baş verib.
Təqsirləndirilən şəxslər onlara verilən işgəncələr haqqında və bu işgəncələrin başında müstəntiqlər qrupun rəhbəri Orxan Babayevin durduğu haqqında danışarkən hakimlər tərəfindən sözləri dərhal kəsilir və sanki heç nə olmamış kimi dindirilməni başqa səmtə yönəldərək davam etdirirlər, işgəncə mövzusunu ört-basdır edirlər.
Orxan Babayevin adının çəkilməsinə isə dövlət ittihamçısı icazə vermir. Nə üçün?! Budurmu məhkəmələrimizin işə obyektiv baxması?! Məgər bizim övladlarımız bu ölkənin vətəndaşları deyilmi? Nə üçün onlara qarşı istintaq dövründən öncə və istintaq dövrü aparılarkən müxtəlif ağlasığmaz qeyri-insani işgəncələr verilib.
Siz təsəvvür edirsinizmi 4-5 yaşlı uşağın gözü önündə onun anasını vəhşicəsinə döysünlər, bir qadına təpiklə elə vursunlar ki, qadın bir neçə metr kənara yıxılıb, huşunu itirib və qeyri ixtiyari sidik ifraz etmiş olsun? Bunlar hamısı həqiqətən baş vermişdir (!) Budurmu hüquq-mühafizə orqanların Azərbaycan qadınına, Azərbaycan anasına hörməti?
Budurmu insan hüquqlarının qorunması? Düşünə bilərsinizmi, bir atanın qollarını qandalla istilik radiatoruna bağlasınlar və özünü amansızcasına döyməkləri bir tərəfə, 21 yaşlı övladını onun gözü önündə çılpaq soyundurub əl-ayağını skoçla bağlayıb vəhşicəsinə döysünlər, bədəninin müxtəlif yerlərinə cərəyan versinlər, alışqanla ayağının altını, belini yandırsınlar, atanın barmaqlarını məngənə arasına salıb sıxsınlar, yalançı və qurama izahata imza atmadığına görə əllərini kəsik-kəsik etsinlər…
Şahin Verdiyev Gəncə məhbusu
Tutulan uşaqlar ilkin olaraq Gəncə şəhər Nizami rayon polis idarəsində gətirilmişlər, orada onların ləyaqəti alçalması bir tərəfə, onlarla amansız qəddarlıqla davranaraq “…onlara Mingəçevir tokunu verin”, “…siz bizim rəisimizi öldürdünüz, biz də sizi ayağımızın altında asfalt edəcəyik” deyilirmiş və bütün koridor boyu uşaqlar ayaq altında əzirmişlər, polis idarəsində elə bir işçi qalmamışdır ki, həmin uşaqları təpikləməsin, döyməsin və alçaltmasın.
Bir çox tutulan şəxslər söyləyirlər ki, onların saxlandıqları yerlərə “bandotdel”in maskalı cəlladları sərbəst daxil olub istədikləri kimi hərəkət edə bilirdilər, sanki xüsusi təlim keçmiş həmin maskalı cəlladlar amansızcasına, soyuqqanlıqla və ölümünə onları döyürdülər, müxtəlif işgəncələr verirdilər. Bir çox şəxsləri Bakıya “bandotdel”ə göndəriblər, orada onlar qaldıqları müddət ərzində davamlı şəkildə olmazın işgəncələrə məruz qalıb, elektrik cərəyanı müxtəlif yerlərinə, hətta cinsi orqanlarına verilib. İsgəncələr uşaqların bədənlərinin müxtəlif yerlərində iz qoyub, bunu xüsusi zamazka ilə ört-basdır edərək tutulan şəxsləri Bakı İstintaq təcridxanasına təhvil veriblər.
Gülmirzə Nuruzadə-Gəncə məhbusu
Bir çox uşaqlar öz kamera yoldaşlarının qulluğuna möhtac qalıb, onların köməyi ilə qaşıq-qaşıq yemək yeyib. Bu insanlar təbii ehtiyaclarını ödəmək üçün kiminsə qollarından tutmasına ehtiyaclı olublar.
Hadisədən 9 ay keçməsinə baxmayaraq, almış olduqları xəsarətlərin izləri bir çox uşaqların bədənlərində hələdə qalıb: Məmmədov Urfanın əlinin baş barmaqları işləmir, Quliyev Kamalın qulağının pərdəsi zədəlidir, Məhərrəmov Kamalın belində yırtıq əmələ gəlib, Cavadov Asifin qollarında siqaret kötüklərinin yanıq izləri qalıb. Şahin Verdiyev infarkt keçirib.
Övladlarımız fiziki sağlamlığını itirib, keçirtdikləri mənəvi və psixoloji sarsıntılar onların həyatında sağalmaz izlər buraxıb. Övladlarının haqsız tutulmasına və işgəncəyə məruz qalmasına dözməyib bir çox valideynlər sağalmaz xəstəliyə düçar olub, bir ana dünyasını dəyişib digər bir ana intihar etməyə cəhd edib, hazırda doğmalarının daimi nəzarəti altındadır.
Adı çəkilən qurumlar və ayrı-ayrı vəzifəli şəxslər, öz səlahiyyətlərindən sui-istifadə edərək, bizim övladlarımızı istintaqsız və məhkəməsiz mühakimə etmiş, bildikləri və istədikləri kimi işgəncə veriblər”.
Valideynlər müraciətin sonunda övladlarına işgəncə verən Orxan Babayev, Ədalət Sadıxov və qeyriləri barəsində ölçü götürməsini, onların cinayət məsuliyyətinə cəlb edilməsini ,ən ağır cəzanın verilməsini tələb edirlər…
Rəcəbov Səbuhi-Gəncə məhbusu
Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Azacıq vicdanı olan şəxs belə vandalizmə, açlaqlığa dözməməlidir. Günahsız insanlara işgəncə verənlərin milliyyəti və pisoxoloji durumu araşdırmalı, onlar hüquq- mühafizə orqanlarından xaric edilməli və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar…”
Qeyd edək ki, Gəncə olayları ilə bağlı həbs edilən Eyruz Hacıyev, Gülmirzə Nurzadə və Səbuhi Rəcəbov zindanda aclıq aksiyasına başlayıb. Məhbuslar haqsız yerə həbs olunduqlarına və onlara verilən işgəncələrə etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.
2019-cu ilin 2 mart tarixində, Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya iclasının çıxardığı hökmə əsasən 7 nəfərlik qrupun üzvləri 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edildi:
Cabir Əzizov 5 il,
Səbuhi Rəcəbov 6 il,
Eyruz Hacıyev 7 il,
Gülmirzə Nuruzadə 6 il,
Riya Nurzadə 5 il,
Fikrət Mirzəliyev 6 il,
Elman Quliyev 8 il,
Sabir Əzizov 6 il.
Verilən məlumata görə, məhkumlar saxlandıqları Bakı İstintaq Təcridxanasının rəhbərliyinin müdaxiləsindən sonra aclıq aksiyasını dayandırıblar.
vetenugrunda.az