Müxalifətin qələbə qazandığı İstanbulda təkrar bələdiyyə seçkiləri keçirmək barədə Türkiyə Mərkəzi Seçi Komissiyasının qərarının ardınca Türkiyə prezidenti İstanbula müvəqqəti mer təyin edib.
Recep Tayyip Erdoğan deyib ki, İstanbul Böyükşəhər Bələdiyyə sədrinin vəzifəsini Ali Yerlikaya icra edəcək.
“Bu müddətdə, İstanbul merimiz (valimiz) Ali Yerlikaya olacaq. Hazırda İstanbul merimiz Ali bəy işinə başladı”, o qeyd edib.
Partiya toplantısında jurnalistlərin suallarını cavablandıran AKP lideri deyib ki, İstanbul bələdiyyəsinə dair qərar yerli seçkilərin üzərindən “kölgəni qaldıracaq”.
“İstanbul seçkilərinin üzərindəki kölgənin ləğvini təmin edəcək bu qərarı, demokratiyamızı gücləndirəcək mühüm bir addım kimi görürük”, Erdoğan bildirib.
Mayın 6-da Türkiyə Mərkəzi Seçi Komissiyası İstanbulda müxalifətin qələbə qazandığı yerli bələdiyyə seçkilərinin təkrar keçirilməsi barədə qərar qəbul edib. Bu addım müxalifətin tərəfdarlarını acıqlandırıb.
Prezident Recep Tayyip Erdoğanın AK Partiyası iddia edib ki, müxalif CHP-nin qələbəsinin arxasında “qanunauyğunsuzluq və korrupsiya” olub.
Lakin CHP-nin aprel ayında İstanbul merliyinə təsdiq olunmuş namizədi Ekrem İmamoğlu bunu “xaincəsinə” qərar adlandırıb.
İyunun 23-də keçiriləcəyi bildirilən təkrar səsvermə şəhərdə etiraz qığılcımları yaradıb.
Yüzlərlə vətəndaş İstanbulun bir neçə küçəsində toplaşaraq, qab-qacağı dınqıldadaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.
Avropa Parlamenti bildirib ki, seçkilərin təkrar keçirilməsi qərarı Türkiyədə demokratik seçkilərin keçirilıməsinə inamsızlıq yaradacaq.
“Qəddar diktatorluq”
AKP-nin seçki heyəti üzrə nümayəndəsi Recep Özel deyib ki, təkrar seçki bəzi seçki rəsmilərinin dövlət rəsmisi olmadığı və bəzi nəticəyə dair sənədlərin imzalanmadığı üçün keçirilir.
Lakin CHP-nin sədr müavini Onursal Adıgüzel təkrar seçkinin “AKP-yə qarşı qələbənin qanunsuz” olduğunu göstərdiyini deyib.
Ekrem İmamoğlu aprel ayında İstanbulun meri postuna təsdiq olunub.
Cənab Adıgüzəl Twitter-də yazıb ki, bu qərar “qəddar diktatorluq” idi.
“Bu, xalqın iradəsini nəzərə almayan və qanuna hörmətsizlik edən, nə demokratik, nə də qanuni sistemdir”, – o qeyd edib.
Cənab İmamoğlu sosial mediada etdiyi canlı yayımda seçki heyətini hakim partiyanın təsiri altına düşməkdə günahlandırıb.
“Biz öz prinsiplərimizlə bağlı heç vaxt kompromisə getməyəcəyik”, – o izdihama deyib. “Bu ölkə 82 milyon vətənpərvərlə doludur və onlar demokratiyanın son məqamına kimi mübarizə aparacaqlar”.
Cənab İmamoğlunun dəstəkçiləri “gəlin birlikdə olaq, sakit olaq… Biz qələbə çalacağıq. Biz yenidən qələbə qazanacağıq” deyə insanları təmkinli olmağa dəvət ediblər.
Türkiyədə bələdiyyə seçkiləri 2019-cu ilin martın 31-də baş tutub və prezident Erdoğanın liderliyində kəskin iqtisadi böhranın referendumu kimi dəyərləndirilir.
AKP-nin bütün ölkəboyu səslərin 51 faizini əldə etməsinə baxmayaraq, dünyəvi CHP Ankara, İzmir və bir vaxtlar Erdoğanın mer seçildiyi İstanbulda qələbəni təmin edib.
Hakim partiya Ankara və İstanbuldakı səsvermənin nəticələrini sorğuladı, bu da müxalifətin hakim partiyanı “seçkilərin nəticələrini oğurlamaq istəyir” deyə günahlandırmasına gətirib çıxardı.
“Erdoğan İstanbulu geri almağa qərar verib”
Mark Lowen, BBC-nin Turkiyə üzrə müxbiri
Prezident Erdoğan heç vaxt İstanbulun itirilməsini qəbul etməzdi. “İstanbulu qazanan Türkiyəni qazanır”, bu Erdoğanın hər zaman səsləndirdiyi ifadədir.
O, ölkənin iqtisadi güc mərkəzini geri qaytarmağa qərarlıdır.
Lakin bu, riskli strategiyadır. Son bir ildə 30 faiz dəyər itirmiş türk lirəsi yenidən düşdü. Tənəzzüldə olan iqtisadiyyat bu cür qeyri-müəyyənliklə çətin ki, bacarar. Hər şeydən öncə isə, Erdoğanın İstanbulu itirməsinə səbəb iqtisadi çətinliklər idi.
Ötən ay rəsmi şəkildə mer seçilmiş Ekrem İmamoğlu çox sürətlə məşhurlaşır. O, hüdudları aşdı və öz roluna rahatlıqla uyğunlaşdı. Təkrar seçki onun qələbəsini genişləndirə bilər – İmamoğluna qarşı ola biləcək qanunsuzluqlar onun tərəfdarlarını qorxudur.
Cənab Erdoğanın öz partiyası bu məsələdə iki yerə bölünür. Onun tərəfdarları hesab edirlər ki, bu qələbə oğurlanıb. Lakin partiyanın digər qanadı məğlubiyyətlərini qəbul edir və təkrar seçkinin türk demokratiyasına daha bir zərbə olduğunu düşünürlər.
Bbc.com