Demokratik Qüvvələrin Milli Şurası (bundan sonra Milli Şura) 2013-cü ildə müxalif siyasi partiyalar, müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən prezident seçkiləri öncəsi yaradılan siyasi təşkilatdır. Təşkilat 2013-cü il prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarı verərək, tarixçi alim, prof. Cəmil Həsənlininin namizədliyini irəli sürüb. Seçkilərdə Milli Şuranın vahid namizədi olan C.Həsənli seçkidə iştirak edən vətəndaşların əksəriyyətinin səsini almasına baxmayaraq, seçkinin nəticələri hazırki prezidentin lehinə saxtalaşdırılıb. ATƏT/DTHİB-in 2013-cü il Prezident seçkiləri ilə bağlı yaydığı son hesabatında ölkədə seçki öncəsi mühitin olmadığı, sərbəst toplaşmaq və ifadə azadlığının böyük ölçüdə məhdudlaşdırıldığı, vətəndaş cəmiyyətinin təzyiq altında saxlandığı, müstəqil medianın sıxışdırıldığı, seçki günü isə seçki məntəqələrinin 58%-də səslərin saxtalaşdırıldığı qeyd edilib. Milli Şura seçkidən sonra da fəaliyyətini davam etdirib. Hal-hazırda qurumun əsasını müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası, digər müxalif partiyalardan fərdi qoşulmuş siyasilər, müstəqil ziyalılar, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçiləri təşkil edir.
Milli Şura Azərbaycanda insan hüquqlarının qorunması, xalqın öz iradəsini sərbəst ifadə etməsini təmin edən azad və ədalətli seçkilərin keçirilməsi, buna nail olmaq üçün seçki mühitinin yaradılması, xüsusilə sərbəst toplaşmaq azadlığının təmin edilməsi, müstəqil mediaya, vətəndaş cəmiyyətinə olan basqıların durdurulması uğrunda mübarizə aparır. Milli Şuranın əsas hədəfi Azərbaycanda demokratik sistem bərqərar etmək və ölkənin Avro-Atlantik məkana inteqrasiyasına nail olmaqdır. Hədəfinə çatmaq üçün Milli Şura Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn tanıdığı bütün sivil müstəvilərdə mübarizə aparır, seçki hüququ, sərbəst toplaşmaq və ifadə azadlıqları başda olmaqla bütün siyasi və iqtisadi hüquq və azadlıqların bərpası üçün bütün dinc yolları sınaqdan keçirir. Azərbaycandakı hazırki durumu nəzərə alaraq, Milli Şuranın daha effektiv və dinc etiraz yolu kimi istifadə etdiyi əsas vasitələrdən biri kütləvi mitinqlərdir. Milli Şura yarandığı gündən bu günə kimi onlarla mitinq təşkil edərək bir çox həssas məsələləri diqqət mərkəzinə gətirib.
Azərbaycanda sərbəst toplaşmaq azadlığı uzun illərdir ki, sərt məhdudlaşdırılıb. 2005-ci ildən 2013-cü ilə qədər paytaxtda şəhərin mərkəzinə yaxın yerlərdə mitinq keçirilməsinə icazə verilməyib, yürüşlər isə faktiki olaraq qadağan edilib. Rayonlarda isə heç bir yerdə nə yürüş, nə də mitinq keçirməyə icazə verilməyib və bu qanunsuzluq hələ də davam edir. Uzun mübarizədən sonra hökümət 2013-cü il Prezident seçkiləri zamanı Bakının mərkəzinə yaxın yerləşən “Məhsul” stadionunda mitinqlərin keçirilməsinə razılıq verib. Amma həmin vaxtda da Bakıda yürüşlər, rayonalarda isə hər ikisi-həm mitinqlər, həm də yürüşlər qadağan edilmiş olaraq qalıb.
Milli Şuranın 2016-cı ilə qədər keçirdiyi mitinqlər ağır şərtlər və məhdudiyyətlər altında keçirilsə də, inzibati müdaxilə nisbətən az olurdu. Amma 2016-cı il referendum öncəsi keçirilən mitinqlərə, xüsusilə həmin ilin 11 sentyabrında keçirilən mitinqə böyük sayda insan qoşulduğu üçün hökümət mitinqlərin qarşısını almaq üçün yeni üsullara əl atdı. İstirahət günü olması səbəbilə bazar günləri keçirilən mitinqlərdə çox sayda insan iştirak etdiyi üçün hökümət bu tarixdən sonra bir daha bazar günləri mitinqlərin keçirilməsinə icazə vermədi. Daha sonra mitinqlərin razılaşdırılmış olmasına baxmayaraq, mitinq öncəsi və mitinq günü siyasi fəalların həbsləri başladı. Mitinq meydanına yerləşdirilən iştirakçıların biometrik görüntülərini qeydə alan kameralarla mitinq iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilir və onlar qeydiyyatda olduğu rayonların polis idarələrinə çağırılır, mitinqdə iştirak etdiklərinə görə hədələnir, bir də iştirak edəcəkləri təqdirdə həbslə cəzalandırılacaqları ilə təhdid edilirdilər. Milli Şuranın 2017-ci ilin sentyabr-oktyabr aylarında keçirdiyi mitinqlər zamanı ən azı 229 AXCP üzvü və Milli Şura tərəfdarı ölkənin müxtəlif yerlərində polis idarələrinə çağırılıb, onlardan 18 nəfər polisə müqavimət ittihamı ilə 10 sutkadan 30 sutkaya qədər inzibati həbslə cəzalandırılıb, digərləri isə cərimələnərək və ya xəbərdarlıq edilərək sərbəst buraxılıb. Milli Şuranın 2018-ci il 11 aprel prezident seçkiləri zamanı keçirdiyi 3 razılaşdırılmış mitinqdə isə 174 nəfər polis idarələrinə çağırılıb, onlardan 17 nəfər polisə müqavimət ittihamı ilə 10 sutkadan 30 sutkaya qədər inzibati həbslə cəzalandırılıb, geridə qalanı isə eyni şəkildə cərimələnib və ya xəbərdarlıq edilərək sərbəst buraxılıb. 2016-cı ilin 11 sentyabr mitinqindən 2018-ci ilin sonuna qədər MŞ-nın keçirdiyi 9 mitinq ərəfəsində mitinq hazırlığına görə 86 nəfər, bu ilin əvvəlindən isə 53 nəfər AXCP funksioneri inzibati qaydada həbs olunub. Hər mitinq ərəfəsi yüzlәrlә AXCP funksioneri mitinqin təşkilatçısı olmaqdan daşındırılmaqdan ötrü polis idarələrinə çağırılmış və ya hədələnmişdir.
Mitinqlərin kütləviliyinin qarşısını almaq üçün atılan addımlardan biri də yaşı 18-dən aşağı olan vətəndaşların qanunsuz olaraq mitinq meydanlarına buraxılmaması oldu.
19 yanvar 2019-cu ildən etibarən hökümətin mitinqlərə münasibəti daha da sərtləşdi və mitinqlər onlar üçün yenidən çox ciddi potensial təhlükə mənbəyi kimi görünməyə başladı. Hökümətin mitinqlərə qarşı nisbi tolerantlığının sona çatmasına səbəb olan hadisələr belə başladı: 26 dekabr 2018-ci ildə o zaman həbsdə olan, yerli və beynəlxalq insan hüquqları təşkilatlarının, o cümlədən “Amnesty İnternational”ın vicdan məhbusu kimi tanıdığı video-blogger Mehman Hüseynova qarşı cəzasının bitməsinə 3 ay qalmış yeni cinayət işi açıldı. Cəzasının müddətinin bitməsinə az qalmış siyasi məhbuslara qarşı yeni cinayət işinin açılması faktı əvvəllər də mövcud olsa da, 2017-ci ilin sentyabrından etibarən bu üsul siyasi fəallara qarşı təzyiq metodu kimi geniş istifadə edilməyə başlandı. Bundan az öncə AXCP sədrinin müşaviri Məmməd İbrahim də daxil olmaqla 3 siyasi məhbus bu ssenari ilə qarşılaşmışdı. M.Hüseynov işi artıq 4-ci belə fakt idi. Milli Şura siyasi məhbuslara qarşı bu şəkildə yenidən açılan saxta cinayət işlərinə etiraz olaraq 19 yanvar 2019-cu ilə mitinq təyin etdi. Mitinqin əsas tələbi M.Hüseynov və bütün digər siyasi məhbuslara azadlıq idi. Mitinq son 10 ilin ən kütləvi mitinqi kimi yadda qaldı. 19 yanvar mitinqi öncəsi və sonra 40-dan artıq AXCP və Milli Şura fəalı həbs edilib ki, onların həbsinin əsl səbəbi mitinqin təşkilatçılığını axsatmaq olsa da, amma rəsmi olaraq sərbəst toplaşmaq azadlığı ilə əlaqədar olmayan qeyri-siyasi səbəblər göstərilib (Məsələn, yolla gedərkən ünvansız söyüş söymək). Bundan başqa mitinqdən sonra yüzlərlə mitinq iştirakçısı telefon nömrələrinə zəng edilərək, hüquq mühafizə orqanlarına çağırılıb, mitinqdə iştiraklarının səbəbi öyrənilib. Polis idarələrinə çağırılanlar təhdid edilib, bir daha mitinqdə iştirak edəcəkləri təqdirdə həbslə cəzalandırılacaqları bildirilib.
19 yanvar mitinqindən sonra hökümətin mitinqlərə olan nisbi tolerantlığı da sona çatdı. Növbəti mitinq üçün edilən müraciətə hökmət yox cavabı verdi. Milli Şura 4 dəfə – 26 yanvar, 02 mart, 06 aprel və 20 apreldə mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də müsbət cavab verilməyib. Mitinq üçün edilən müraciətlərə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, son mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən yol verilən qanun pozuntuları, ictimai qayda əleyhinə olan əməllər, polisin qanuni tələblərinə tabesizlik şəhər sakinlərinin haqlı narazılıqlarına səbəb olmuş, bununla bağlı hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Halbuki, iştirakçıların hansı əməllərinin qanunsuz olduğu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir sübut ortaya qoyulmayıb, əksinə sonuncu 19 yanvar mitinqindən sonra Bakı Şəhər Baş Polis İdarəsinin açıqlamasında mitinqin dinc şəkildə keçdiyi, heç bir qanun pozuntusu qeydə alınmadığı göstərilib. Milli Şura son olaraq May ayının 5-i və 11-də mitinq keçirmək üçün müvafiq orqanlara müraciət edib. Çox güman ki, bu tarixlərdə də mitinq keçirmık üçün icazə verilməyəcək.
Sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası, bir çox beynəlxalq və regional sənədlərlə, həmçinin digər yerli qanunvericilik aktları ilə təmin altına alınıb. Azərbaycan 1992-ci ildə BMT-yə üzv qəbul ediləndən sonra, digər hüquqlarla yanaşı sərbəst toplaşmaq azadlığını qarantiya altına alan, BMT nəzdində qəbul edilmiş məcburi xarakter daşıyan Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakta tərəf olub. Azərbaycan 2002-ci ildə Avropa Şurasına üzv olmaqla, Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyanı ratifikasiya edib və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul edib. Konvensiyanın 11-ci maddəsi sərbəst toplaşmaq azadlığına təminat vərərək, bu azadlığın çox nadir hallarda məhdudlaşdırıla biləcəyini qeyd etməklə o halları dəqiq olaraq təsvir edib. Avropa İnsan Hüquqları Məhkəməsi sərbəst toplaşmaq azadlığının pozuntusu ilə bağlı Azərbaycana qarşı qəbul etdiyi qərarlarda Azərbaycan hökümətinin sərbəst toplaşmaq azadlığına müdaxiləsinin ədalətli olmadığı qənaətinə gəlib. Avropa Məhkəməsi indiyə kimi çıxardığı 21 qərarda inzibati həbslərlə 72 ərizəçinin azadlıq və ədalətli məhkəmə araşdırması hüququ ilə bərabər həm də sərbəst toplaşmaq azadlıqlarının pozulduğunu bildirib. Qeyd edək ki, yuxarıda göstərilən 72 ərizəçinin yarıdan çoxu AXCP üzvləridir. Avropa Məhkəməsinin Qərarlarına baxmayaraq, Azərbaycan höküməti dinc və hökümətlə razılaşdırılmış mitinqlərə görə həbsləri davam etdirib, yenə də yüzlərlə insan mitinqlərdə iştirak və ya bu mitinqlərin təşkilində fəallıq göstərdiyi üçün polis bölmələrinə çağırılıb, təhdid edilib, inzibati həbslə cəzalandırılıb, cərimələnib, ən yaxşı halda xəbərdarlıq edilərək sərbəst buraxılıb. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən AŞ Nazirlər Komitəsinin sərbəst toplaşmaq azadlığı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmələrin özbaşına, qərəzli və müstəqil olmayan qərarlar qəbul etməsinin qarşısını alacaq qanunvericilik və məhkəmə islahatlarının kerçirilməsi ilə bağlı tövsiyələrinə baxmayaraq hökümət tərəfindən heç bir addım atılmayıb və siyasi iradə nümayiş etdirilməyib. Bundan başqa beynəlxalq insan hüquqları təşkilatlarının mitinqlərə gətirilən məhdudiyyətlərlə bağlı narahatlıqları da gözardı edilib. Elə bunun səbəbidir ki, eyni pozuntuların baş verdiyi iddiası ilə çoxlu sayda Milli Şura və AXCP fəalı Avropa Məhkəməsinə ərizə ilə müraciət edib, hal-hazırda əksəriyyətinin işləri kommunikasiya mərhələsindədir.
Sərbəst toplaşmaq azadlığı Avropa Birliyinin təminat altına aldığı təməl, demokratik cəmiyyətdə ən önəmli olan azadlıqlardan biridir. Çünki bu hüquq bir çox digər insan hüquqlarının, xüsusilə ifadə azadlığının təmin edilməsinin əsas vasitələrindən biridir. Bu səbəbdəndir ki, həm Avropa Məhkəməsi, həm də Avropa Birliyinin Ədalət Məhkəməsi bu hüququn çox dar çərçivədə, yalnız qanunvericilkdə nəzərdə tutulmuş hallarda məhdudlaşdırılmasını qəbul edir. Azərbaycan imzaladığı beynəlxalq və regional insan hüquqları instrumentləri ilə dinc şəkildə sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə nəinki mane olmamaq, hətta bu hüquqa olan qəsdlərin qarşısını almaq öhdəliyi götürüb. Təəssüf ki, Azərbaycan hakimiyyəti ilk növbədə özünün neqativ öhdəliyini icra etmir, digər tərəfdən mitinq və yürüşlərin rahat və dinc şəkildə keçirilməsini təmin etməli olduğu təqdirdə özü bu hüququn qarşısında maneəyə çevrilib.
Bütün bu qeyd edilənləri nəzərə alaraq Azərbaycanla Avropa Birliyi arasındakı bağlanılması ehtimaledilən sazişlə bağlı aparılan danışıqlarda aşağıdakı məsələrin Azərbaycan höküməti qarşısında qaldırılmasının zəruri olduğunu Avropa Parlamentinin diqqətinə çatdırırıq:
– Avropa Birliyi ilə bağlanacaq sazişdə insan hüquqlarına xüsusi diqqət yetirilsin, sazişdə sərbəst toplaşmaq azadlığı da daxil fundamental insan hüquqları ilə bağlı ayrıca bölmə yer alsın, Azərbaycan hökümətindən bu hüquqların qorunması üçün təminat alınsın və bu təminat üçün nəzarət mexanizmi yaradılmasını öngörən müddəalar sazişə əlavə edilsin;
– İnsan hüquq və azadlıqlarının müdafiəsi və təminatı yönündə ciddi addımlar atılması, siyasi motivli bütün növ həbslərin durdurulması, həbsdə olan 100-ə yaxın siyasi məhbusun azad edilməsi ön şərt olaraq qəbul edilsin; dinc mitinq və yürüşlərin keçirilməsinin qarşısının alınmasında əsas siyasi vasitə olaraq istifadə edilən siyasi motivli inzibati həbslərdən istifadə təcrübəsi ortadan qaldırılsın, siyasi fəalların mitinqlər öncəsi müxtəlif bəhanələrlə kütləvi polis idarələrinə çağırılması, təhdid edilməsi və qərəzli məhkəmə qərarları ilə cərimələnməsi və ya inzibati həbslə cəzalandırılmasına son qoyulsun;
– Ölkənin bütün ərazisində sərbəst toplaşmaq azadlığı təmin edilsin, Azərbaycanın müvafiq qanunvericiliyi Avropa standartlarına uyğun hala gətirilsin, mitinqlərin keçirilməsi üçün qanunda nəzərdə tutulmayan “icra hakimiyyətindən icazə alınması” anlayışı ortadan qaldırılsın, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq dinc mitinq və yürüşlərin keçirilməsi üçün hakimiyyət orqanlarının xəbərdar edilməsi dinc aksiyaların qanuniliyi üçün yetərli olsun; bütün bu ediləcək dəyişikliklərin yalnız kağız üzərində deyil, həm də praktikada icra edilməsi üçün siyasi iradə nümayiş etdirilsin;
– Avropa Konvensiyasında nəzərdə tutulan məhdudiyyətlərin tətbiqinə zərurət yaradacaq hallar istisna olmaqla, icra orqanlarının xəbərdar edilib-edilməməsindən asılı olmayaraq, dinc xarakterli bütün növ ictimai mitinqlər, yürüşlər və flaşmoblara hüquq mühafizə orqanlarının müdaxiləsinin qarşısını alan müddəalar qanunvericiliyə əlavə edilsin, hökümət yalnız müdaxilədən çəkinməklə kifayətlənməyib öz pozitiv öhdəliklərini icra edərək, mitinqlərin dinc məcrada davam etməsi və yürüşlərin təhlükəsizliyini təmin etmək üçün mümkün olan bütün addımları atsın;
– Mitinq iştirakçılarına yaş məhdudiyyətinin tətbiq edilməsi ortadan qaldırılsın, 18 yaşına çatmayan şəxslərin mitinq və yürüşlərdə tam iştirak hüququnun olduğunu və bu hüququn həm BMT tərəfindən qəbul edilən Uşaq Hüquqları Haqqında Konvensiya, həm də Avropa Konvensiyası ilə təminat altına alındığını nəzərə alaraq, 18 yaşı tamam olmamış şəxslərin mitinq meydanlarına daxil olmasının qarşısının alınması təcrübəsinə son qoyulsun.
– Kütləviliyin qarşısının alınması üçün mitinqlərin bazar günü keçirilməsinə gətirilən faktiki qadağa ortadan qaldırılsın, mitinqi keçirən təşkilatların zaman seçimində sərbəstliyi tanınsın.