Fəzail adlı Kəsəyin Oqtay adlı daş üçün axıtdığı göz yaşları
Milli Məclisin spikeri Oqtay Əsədovun ailəsinin xaricdə aşkara çıxan milyonluq əmlakı ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələr səngimir.Baş deputatın ailəsinin xaricdə daha bir mülkiyyətə malik olması xəbərinin yayımlanması yeni qalmaqallardan biridir.
Bu dəfə spiker Oqtay Əsədovun kürəkəninin xaricdə bir milyonluq əmlaka sahib olduğuna dair sənəd yayımlanıb. Əmlak Londonun ən bahalı bölgələrindən birində, St Johns Wood-da yerləşir. Onun kürəkəni Mehman Qocayev prokurorluq orqanlarında yüksək rəhbər vəzifə tutur.
Xatırladaq ki, yaxın zamanlarda spikerin həyat yoldaşı Zemfira Əsədovanın Moskvada “Kapriz” (striptiz-bar) pritonu və məşhur “Triumph Palace”da penthauzu da daxil olmaqla, çoxlu sayda başqa daşınmaz əmlaka malik olduğu üzə çıxmışdı. Həm də Oqtay Əsədovun ailə üzvlərinin adı digər səs-küylü qalmaqallara qarışmışdı.
İndiyə qədər nə Parlament, nə də ölkə rəhbərliyi “Parlament spikerinin” ailə üzvlərinin əmlakına dair hər hansı bir hesabat və ya izahat verməyib. Oralardan bir qayda olaraq bu cür maxinasiyalara susqunluq göstərilir və yəqin, ona görə ki, onların hamısı eyni əməllərin sahibləridir. Amma Oqtay Əsədovla bağlı korrupsiya faktlarına ağrılı reaksiya verən yeganə “nadzor” – deputat Fəzail Ağamalıdır. Buna gör də, bu bəndin üzərində ayrıca dayanmaq gərəkdir.
Fəzail Ağamalı özünü ya fəal, ya göründüyündən ağıllı, ya da olduğundan sadəlövh göstərmək itəyən qəribə tipdir. O, başqalarının cəsarət etmədiyi mövzulara başını soxmaqla fərqlənmək istəyir. Məsələn, Fəzail Ağamalının belə bir açıqlaması vardı ki, işdən qovulan və ya cəzalandırılan sabiq korrupsioner məmurların əmlakı müsadirə olunmalıdır. İndi bu şkaladan olan sabiqlərin əmlakını müsadirə edib PaşaHoldinqə verirlər və görünür, Fəzail Ağamalı da gözü çıxmış qardaşlarının aqibətindən dərs alan həmin o məşhur məsəl personajı kimi çıxış etməyə üstünlük verir.
Deputat konkret şəkildə Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin və Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlının hər şeyinin əlindən alınmasını təklif etmişdi. O, eyni reseptin sabiq vergilər naziri Fazil Məmmədova da tətbiq edilməsini zəruri saymışdı və demişdi: “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 24 min insan şəhid olub. Onlar evini, maşınını satıb ov tüfəngi, avtomat alaraq ermənilərə qarşı döyüşərək şəhid olublar. Şəhid olanların hər birinə 11 min manat birdəfəlik ödəmə verilsə, bu, 264 milyon manat edir. Dövlət büdcəsində müəyyən problemlərin, məhdudiyyətlərin olduğunu bilirik. Cahangir Hacıyevin və Rüfət Aslanlının mülkləri, obyektləri, maşın kolleksiyaları satışa çıxarılsın, həmin mülklərin pulları vətən yolunda şəhid olan insanların vərəsələrinə verilsin. Çünki həmin pullar xalqın, dövlətin puludur. Bu barədə düşünmək vacibdir”.
Amma virtual reyder roluna iddialı olan Ağamalı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun işdən qovulduğu və onun ətrafında çoxsaylı iddiaların meydana çıxdığı günlərdə daha “humanist” davranmışdı: “Abel Məhərrəmovun işdən çıxarılmasından sonra onun ətrafında bu cür müzakirələrin aparılmasını məqbul hesab etmirəm. Bir insanın bir səhvinə görə onun üzərinə bu qədər getmək olmaz. O, bir səhv etdi və ölkə prezidenti də bunu bağışlamadı, onu vəzifəsindən uzaqlaşdırdı. Ən azından o, 20 ilə yaxın BDU-ya rəhbərlik edib və kimya sahəsində çox görkəmli bir alimdir”.
Spiker Oqtay Əsədovun adından danışanda da deputat Fəzail Ağamalı özünü qəribə, bəlkə də bir qədər gülünc günə salan açıqlama verdi. “Oqtay Əsədov acından ölməli deyil” deyərək onun mülklərinin hansı korrupsiya ilə əldə edilməsini gizlətməyi təklif etdi. Sabiqlərin əqnimi, carilərin vəkili rolunda çıxış edən Fəzail Ağamalı öz mülklərindən narahatdırmı? Uzun illər ərzində bu deputat qırığı öz korrupsiya əməliyyatlarını gizlədə bilmişdi, amma günün birində bəlli oldu ki, yenə də məşhuir bir məsəldə deyildiyi kimi “dananın böyüyü damda qalıb”. (Lətifəsi F.Ağamalıya dəyməsin). Onun da mülk siyahısının bir hissəsi ifşa edildi və Ağamalı ağlamalı vəziyyətə düşdü. Nələr vardı onun korruspiya arsenalında?
Məlum oldu ki, ki, “BUTA” bağçaları deputatın qızı Günay Ağamalının adınadır. Bundan başqa, Novxanıda villa öz adına rəsmiləşdirilib.
Novxanıda daha bir villa isə oğlu Elçinin adınadır. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil, M.Araz küçəsində 2 mənzil, Çınqıl zavodu, Neftçala rayonunda şadlıq sarayı, “555” nömrəli bahalı avtomobillər, Ukraynada meyvə biznesi, Atatürk prospektində villa F.Ağamalıya məxsus olduğu deyilir.
Şəhərin bir neçə yerində təzə binalarda mənzillər, Xətai rayon məhkəməsinin binası deputata aiddir və icarədədir. Oğlu tərəfindən boru sexləri idarə edilir. Salyanda isə Xıdırlı kəndində qum karyeri və s. obyktləri mövcuddur. Hətta oraya qədər gedib çıxıb ki, Bakıda, Xətayi rayon məhkəməsinin binası da Ağamalının mülkü kimi məhkəməyə icarəyə verilibmiş. Bu informasiya üzmumiyyətlə, belə bir fırıldaq kələfinin üstünü açdı ki, ölkədəki bir çox dövlət idarələrinin yerkləşdiyi binçlara bu cür korrupsiya tullantılarının- deputatların, məmurların mülkiyyətində imiş.
Bu qədər dolaşıq kələfin içində yerləşən deputatın spikerin əmlak maxinasiyalarına haqq qazandırması, onun vəkili kimi yaxasını yırtması, əlbəttə, ağlar- güləyən durum yaratmalıdır.
O ki qaldı, spikerin Londonda və başqa yerlərdə mülklərinə, çirkli biznesinə, ehtimal etmək olar ki, bu siyahıya hələ yeniləri də əlavə olunacaq.
Şübhəsiz, ölkədə istər lokal xalq etirazlarını, istərsə də müxalifətin təşkil etdiyi daha geniş siyasi protestləri elə bu cür faktlar daha da aktual edir.
Spiker Əsədovun Londondakı mülkü və Milli Məclis deputatlarının ətrafında baş verən digər qalmaqallar ilə bağlı, yüksək qanunverici orqanlarda islahatlar tələbi ilə kütləvi etiraz aksiyaları keçirilməsi qərara alınıb. Lakin “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də və 11-də “Məhsul” stadionunda mitinq keçirməsinə icazə verməyib.
Zaur Əliyev