Yaxın günlərdə hökumət bulvara “Qorxu otağı” gətirəcək. Xeyirli bir şey gətirsəydilər, şaşardıq zatən. Bunların işi budur: qorxutmaq, qorxutmaq, yenə də qorxutmaq!
Özlərinin dediyinə görə, “Qorxu otağı” – qaranlıq, dəhşətli görüntülərin əks olunduğu, vahiməli səslərin eşidildiyi bir yerdir. Pul ödəyib girəcəksiniz ora, sonra yavaş-yavaş bət-bəniziniz ağaracaq, dizləriniz əsəcək, diliniz topuq vuracaq, bir sözlə, ölüb-ölüb diriləcəksiniz.
Əslində “Qorxu otağı”nın təsvirindən belə başa düşmək olar ki, ora – Azərbaycanın kiçildilmiş modelidir. Bir növ “balaca Azərbaycan”dır. Təsvirlər də uyğun gəlir: Qaranlıq. Dəhşətli görüntülər – məsələn, polisin döyüb öldürdüyü 30 yaşlı Elvinin qan içindəki üzü… Vahiməli səslər – tutaq ki, Ilhamə Quliyevanın səsi.
Əlbəttə, özü boyda bir “Qorxu otağı” olan ölkəyə bir də haradansa zəhmət çəkib “Qorxu otağı” gətirmək çox komik, çox yersiz görünür. Soruşmaq istəyir adam: “Onsuz da bütöv bir millət üzərində qorxu imperatorluğu qurmuşkən bir də bu ”Qorxu otağı”na xərc çəkmək kimə və nəyə lazımdır axı?”.
Amma gəlin tələsməyək. Ağıllıdır hökumətimiz. O “Qorxu otağı” gərəksiz bir şey olsa, özlərinə əziyyət verib gətirərlərmi? Məlum, ölkədə hələ də dili topuq vurmayanlar, dizi əsməyənlər var, hər kəs Mersinə gedəndə, tərsinə gedənlər var, belə görünür, “bandotdel”-zad da onların gözünü qıra bilməyib. Indi bəlkə “Qorxu otağı” bir işə yaradı, kim bilir…
Ayıbın ən böyüyü
Qəzetinin birinci səhifəsindən, yuxarıdan Elçibəyin şəklini qoyub, heydərizm qarşısında göbəkoynadan biri Elçibəyə “Istiqlal” ordeni verilməsini təklif edib, indi hər kəs oturub bu təklifə qaz verməklə məşğuldur.
Elçibəyin ruhu ilə alver edənlər həmişə olacaq. Irticaya xidmətlərini Elçibəy haqqında bir-iki xoş sözlə, onun xatirəsinə saxta canıyananlıqla malalamağa çalışanlar həmişə olacaq.
Məni yandıran hətta Elçibəy sevgisində səmimiyyətinə inandığım adamların da bu düşük təklifi ikiəlli dəstəkləməsidir.
Oysa heç düşündünüzmü indiyədək kimlərə verilib “Istiqlal” ordeni! Bu ölkənin müstəqilliyi əleyhinə səs verənlərə! Azadlıq savaşında qarşı səngərdə dayananlara! Azərbaycanın başını daim başqasının qoltuğunda görənlərə!
Indi Elçibəyin də belə bir ordenlə təltif edilməsini istəyərkən ayıbların ən böyüyünə imza atırsınız, xəbəriniz olsun.
MKM-in münsiflərinə və ekspertlərinə!
Çox yazmışıq, amma bəlkə çoxları yenə də bilmir, ona görə də təkrar yazmaqda fayda var: Azərbaycan kitaba ən yüksək verginin tətbiq edildiyi ölkələrin başında gəlir. Yanlış xatırlamıramsa, 18 faiz.
Ermənistanda bizdən azdır – 16 faizdən bir qədər çox. Gürcüstanda isə bu rəqəm sıfıra bərabərdir. Elə Tacikistanda da.
Əlbəttə, kitaba dünyanın ən yüksək faiz dərəcələrindən birini qoyub sonra da hansısa Milli Kitab Mükafatı (MKM) ilə gözə kül üfürmək mümkün deyil. Kitabı doğrudan da, sevən, doğrudan da, qiymətləndirən bir zehniyyət əvvəlcə onu vergidən azad etməlidir. Heç olmasa, neftsiz-qazsız ölkələrdəki faizlərə endirməlidir. Neftin, qazın, qızılın pulları azmış kimi, kitabdan da qazanmaq yerinə, kitabı insanlara qazandırmaq haqqında düşünməlidir. Əks halda istəyirsən bir yox, yüz dənə Milli Kitab Mükafatı keçir, əfsanə söhbətdir, boş şeydir.
Burası öz yerində. Indi isə MKM-in bir hökumət projesi olduğunu bilə-bilə, alt qatında ədəbiyyat üzərində hökumətin nəzarətini təmin etmək məqsədi daşıdığının fərqində ola-ola o müsabiqənin münsifi, eksperti, daha nə bilim nəyi olmağa razılaşmış dostları muştuluqlamaq istəyirəm: kitaba görə vergi faizlərini nəinki ləğv etmək, hətta azaltmaq haqqında düşünməyən hökumət dünən qoyunları və keçiləri əlavə dəyər vergisindən azad etdi! Bəli, qoyunları və keçiləri!
Doğrudur, kitabxanaları uçurub, satıb yerində kababxanalar tikən zehniyyətə də kitabları yox, qoyunları və keçiləri vergidən azad etmək yaraşır. Amma yenə də bu xəbərdən sonra nələr hiss etdiyinizi bilmək çox maraqlıdır mənə…