AXCP Saatlı söbəsinin sədri Şamil Hacıbəylinin qızının toy
məclisinin şadliq evinda keçirilməsinə icra başçısının öncə mane olması, daha sonra isə bəyin atasını icra hakimiyyətinə çağıraraq
nigahın pozulmasını tələb etməsi cəmiyyətdə ciddi rezonansa səbəb olub. Baş verən hadisə ilə bağlı AXCP sədri Əli Kərimli facebook səhifəsində münasibət bildirib. Ə.Kərimli yazır: “İndi ölkə bu toydan – AXCP GK Ali Məclisinin sədri Ruslan Nəsirli ilə AXCP Saatlı şöbəsinin sədri Şamil Hacıbəylinin qızı Altunay xanımın toyundan danışır. Mövzuya keçməzdən öncə gəlin hamılıqla bu gözəl gənclərimizi təbrik edək, onlara xoşbəxtlik arzulayaq. Saatlı icra hakimiyyəti başçısı Siraqəddin Cabbarov bu gənclərin toyunun rayondakı şadlıq evində keçirilməsini qadağan etməklə bir andaca ölkənin gündəminə, mənfi qəhrəmanına çevrildi. Ancaq hadisə ilk baxışda göründüyündən daha dərindir. Bir icra başçısının anti-insani özfəaliyyəti yox, “dövlət siyasətidir”.
İlham Əliyevə məxsus olan, siyasi kursunu da İlham Əliyevin şəxsən müəyyənləşdirdiyi Real TV-də Mirşahin Ağayev bir neçə həftə öncə müxalifətçilərə qarşı bu dolayı çağırışı etmişdi: “Çağırış kimi çıxmasaydı, məsələn, çörək dükanlarına müraciət edərdim ki, satıcılarımız bu adamlara çörək satmasınlar. Sürücülərimiz bu miskin varlıqları avtobuslara minməyə qoymasınlar. Şəxsiyyət vəsiqələri rəsmən qüvvədə olsa da, onların kimliklərini gerçək hesab etməsinlər. Təcili yardım stansiyalarımız onların çağırışlarını qəbul etməsinlər. Yasa, toya buraxmasınlar. Bir sözlə, belələrini cəmiyyət bir zamanlar Çernışevskinin məruz qoyulduğu tənbeh növünə məhkum etsin.”
Son günlərdə müxalifətçilərə qarşı qırmızı xətlərin keçilməsilə atılan addımlar – Fuad Qəhrəmanlının məktəbli qızının küçənin ortasında YAP-çı tərəfindən döyülməsi, Şamil Hacıbəylinin qızı ilə Ruslan Nəsirlinin toyuna yaradılan maneələr məhz həmin direktivin nəticəsi idi. İlham Əliyevin Mirşahin Ağayevin dililə səsləndirdiyi təlimata cəmiyyətimizin reaksiyası isə çox sərt və birmənalı oldu. İlham Əliyev başa düşməlidir, biz müxalifətçilər o qədər çoxuq ki, bizi bundan sonra cəmiyyətdən təcrid etmək, xeyir-şərdən məhrum etmək artıq mümkün deyil. Əksəriyyəti rejimə qarşı müxalifət olan toplum özü sizin rejimi faktiki təkləyib və təcrid edib. Xəbəriniz varmı ki, real həyatda inzibati resursların, sosial şəbəkələrdə isə yalnızca trolların ümidinə qalmısız? Anlamırsız ki, həm 14 yaşlı Sənayın döyülməsi, həm Saatlıda cəbhəçi toyuna yaratdığınız maneə, daha öncə cəbhəçi Xəlqi Hüseynin yas məclisinə mane olmaq cəhdiniz məhz sizin özünüzü daha da hörmətdən saldı? Artıq anlayın ki, bu tipli anti-insani hərəkətlərlə xalqdan daha da təcrid olunursunuz”.