Fransa paytaxtı Parisdə yanğından sonra bir hissəsi məhv olmuş orta əsr kilsəsi Notre-Dame-ın bərpasına milyonlarla avro həcmində yardım vəd olunmaqdadır.
Bazar ertəsi başlayan yanğını 15 saatdan sonra söndürmək mümkün olub.
Yanğınsöndürənlər 850 illik qotik binanın gövdəsini və iki qülləsini qoruya biliblər, ancaq onun damı və əsas qülləsi dağılıb.
Artıq məşhur kilsənin bərpasını müzakirə etməyə başlayıblar.
Fransa prezidenti Emmanuel Macron tarixi binanın yenidən qurulacağını vəd edib. Daha iki fransalı sahibkar isə onun bərpası üçün 300 milyon avro ianə ayırdığını bildirib.
Gucci və Yves Saint Laurent brendlərinin sahibi olan Kering qrupunun Baş icraçı direktoru, François-Henri Pinault yanğının törətdiyi dağıntının ləğv edilməsinə 100 milyonavro verəcəyini bildirib.
Reuters agentliyinə əsasən, daha 200 milyon avro ayıracağını Louis Vuitton və Sephora şirkətlərinin daxil olduğu LVMN biznes imperiyasının sahibi Bernard Arnault ailəsi bəyan edib.
Yardım təklifləri Fransa hüdudlarından kənarda da səslənir. Ruisya, İspaniya və Britaniya kömək təklif ediblər.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Aİ üzvlərinə müraciətində yardımlarını əsirgəməməyə çağırıb.
Səbəblər araşdırılır
Yanğının səbəbi hələlik bəlli deyil.
Lakin rəsmilər deyir ki, yanğın bərpa işləri ilə əlaqəli ola bilər.
Paris Prokurorluğu bildirib ki, hadisə barədə təhqiqat aparılır.
Yanğınla mübarizə zamanı bir yanğınsöndürən ciddi xəsarət alıb.
Macron: “Dəhşətli faciə”
Bazar ertəsi günü hadisə yerinə gələn Fransa Prezidenti Emmanuel Macron deyib ki, binanın əsas gövdəsinin qurtarılması ilə “ən pisi” geridə qalıb. Prezident yenidənqurma üçün beynəlxalq fandreyzinq (bir layihəyə vəsait toplanması) kampaniyası aparmağı da vəd edib.
“Bu, şübhəsiz ki, Fransanın bir hissəsidir və bu layihə önümüzdəki illərdə də mövcud olacaq”, Macron deyib.
“Bu, fransızların gözlədiyi və tariximizin haqqı olandır”, deyə o, baş vermis hadisəni “dəhşətli faciə” adlandırıb.
AFP xəbər agentliyi bildirir ki, milyonçu, “Gucci” və “Yves Saint Laurent”-in sədri François-Henri Pinault artıq Notre-Dame kilsəsinin yenidən qurulması üçün 100 milyon avro ianə edib.
Fransanın Potrimoine Xeyriyyə Fondu UNESCO-nun dünya abidələri saytında kilsənin yenidən bərpa edilməsi üçün beynəlxalq müraciət hazırlayır.
Mer: “Sənət əsərləri təhlükəsiz yerdədir”
Təhlükəsizlik komandası qiymətli sənət əsərlərini və dini əşyaları, həmçinin çarmıxa çəkilməzdən əvvəl İsa peyğəmbərin qoyduğu deyilən tikanlı tacı 12-13-cü əsrlərdə tikilmiş kilsədən çıxara bilib.
IX Kral Luis-in tikanlı tacı Parisə gətirərkən geydiyi deyilən tunika da qurtarılıb.
“Xüsusilə sənət əsərlərini qorumaq üçün bir araya gəldik. Onları xilas edib, təhlükəsiz yerdə yerləşdirdik”, Paris Meri Anne Hidalgo deyib.
Bu, bütün dünyanın faciəsidir. Notre-Dame başdan-başa Parisin tarixidir, mer bildirib.
Tarixçi Camille Pascal Fransanın BFMTV televiziyasına deyib ki, “qiyməti ölçülməyən abidə” məhv olub.
“Notre-Dame-ın zəngləri ilə əsrlərlə xoşbəxt və bədbəxt hadisələr qeyd olunub. Gördüyümüz bizi dəhşətə gətirir”, tarixçi əlavə edib.
bbc.com