Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində keçmiş prezident Heydər Əliyevlə bağlı maraqlı məlumatları paylaşıb. C.Həsənlinin statusunda deyilir: “Deməli, hələ dünyanın düz vaxtında, 1978-ci ilin dekabr ayının 27-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Xarici ermənilərlə işin gücləndirilməsi haqqında” gizli qərar qəbul etmişdi. (Bax: Rusiya Dövlət Ən Yeni Tarix Arxivi, fond 89, siyahı 13, iş 4, vərəq 5). Bu qərara uğun olaraq Sovet İttifaqı dağılana qədər SSRİ ABŞ, Latın Amerikası, Fransa, Yaxın Şərqdə fəaliyyət göstərən erməni təşkilatlarına böyük həcmidə maliyyə yardımı göstərib. Qorbaçov hakimiyyətə gələndən sonra bu yardımlar daha intensiv xarakter almağa başladı. 1986-cı ilin iyun ayının 25-də Ermənistan Kommunist Partiyasının 1-ci katibi Karen Dəmirçiyan Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə məktubunda xarici erməni təşkilatlarına və onların mətbuat orqanlarına maliyyə yardımların gücləndirilməsin xahiş edirdi. Məktub rəy verilmək üçün Siyasi Büronun iki üzvünə, DTK-nın sədri Viktor Çebrikova və Mərkəzi Komitə katibi Aleksandr Yakovlevə göndərildi. Həmin ilin avqustun 7-də onlar Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosuna arayış hazırladılar ki, ABŞ-da çıxan “Lraber”, Fransada nəşr olunan “Aşxar”, Argentinada çıxan “Sevan”, Livanda çıxan “Kanç” adlı erməni qəzetlərinə maliyyə yardımı göstərmək məqsədəuyğundur. Eyni zamanda onlar əlavə edirdilər ki, ABŞ, Argentina, Fransa və Livanda olan sovet səfirlikləri, habelə Livan kommunist partiyasının rəhbərliyi bu təklifi müdafiə edirlər (Bax: Rusiya Dövlət Ən Yeni Tarix Arxivi, fond 89, siyahı 13, iş 4, vərəq 3). Karen Dəmirçiyanın məktubuna, Viktor Çebrikov və Aleksandr Yakovlevin arayışına əsasən Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Siyasi Bürosunda baxıldıqdan sonra MK katibliyi 1986-cı ilin avqust ayının 14-də “Xaricdəki mütərəqqi erməni qəzetlərinin redaksiyalarına maliyyə yardımı göstərmək haqqında” gizli qərar qəbul etdi. Bu qərara əsasən “Lraber”, “Aşxar”, “Kanç” qəzetlərinin hər birinə hər il 20 min, “Sevan” qəzetinə isə 10 min Amerika dolları maliyyə yardımı ayrılması haqqında tam məxfi qrifi ilə qərar qəbul edildi. Bu qərarla SSRİ Maliyyə Nazirli Boris Qostevə tapşırıldı ki, hər il bu məqsədlə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə 60 min rubl sovet xarici valyutası, yəni 85 200 Amerika dolları ayırsın (Bax: Rusiya Dövlət Ən Yeni Tarix Arxivi, fond 89, siyahı 13, iş 4, vərəq 2).Sovetlərin maliyyə dəstəyi ilə xarici ölkələrdə nəşr edilən bu erməni qəzetləri Dağlıq Qarabağa qarşı Ermənisanın iddialarının ideoloji baxımdan əsaslandırılmasında fəal rol oynadılar.
P.S.1.Yeri gəlmişkən xarici erməni təşkilatlarına və mətbuatına maliyyə yardımı göstərilməsi haqqında bu gizli qərarlar qəbul ediləndə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun tam hüquqlu üzvü, Maliyə Nazirliyi və DTK-nın tabe olduğu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi.
P.S.2. Bu da bizim istirahət günü düşüncələrimiz.