Səbail rayonunda yerləşən 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsi qızğın müzakirələrə səbəb olub. Mətbuatda bu məsələnin araşdırılması təhsil sistemində böyük problemlərin olduğunu bir daha ortaya qoydu. AXCP sədri Əli Kərimli Elina Hacıyevanın intiharı və onun üzə çıxardığı nəticələrlə bağlı facebook səhifəsində status paylaşıb. Statusda deyilir:
“Jurnalist araşdırmalarından sonra indi artıq əminliklə demək olar ki, Elina Hacıyevanı da digər minlərlə vətəndaşımız kimi rejim öldürüb. Məktəblərdə geniş yayılmış uşaqların qısnanması, gözümçıxdıya salınması əlbəttə ki, olduqca pis tendensiyadır, onunla ciddi mübarizə aparılmalıdır. Ancaq Elinanın ölümü çoxsaylı başqa cinayətləri ortaya çıxartdı. Təhsildə, səhiyyədə, icra hakimiyyyətində nə qədər cinayətlərin üstü açıldı. Bu hadisədə bir daha sübut olundu ki, dövlət hakimiyyəti vətəndaşın, konkret halda daha çox müdafiə olunmalı olan uşağın yox, cinayətkar sindikatın yanında yer alıb. Elina intihara cəhd edəndən xəstəxanada baxımsızlıqdan ölənə qədər bu uşağın həyatı heç kim üçün önəmli olmayıb. Məktəb direktorundan, icra hakimiyyətinə və təhsil və səhiyyə nazirliyinə qədər vəzifəli şəxslərin bir məqsədi olub, bu cinayəti ört – basdır etmək, cinayətə görə məsuliyyət daşımalı olan vəzifəli şəxsləri təmizə çıxartmaq, uşağın həyatı isə heç kim üçün prioritet olmayıb. Hökümətə yaxın informasiya resurslarının dövlət orqanları ilə əlbir olaraq Elinanı rüsvay etmək niyyətilə materiallar yayması da bir başqa mənəviyyatsızlığı ortaya qoydu. Bir daha sübut olundu ki, ölkədə dövlət hakimiyyəti bir qrup cinayətkarı qorumağa xidmət edir. Ölkədəki imtiyazlı təbəqə bütün hallarda haqlı çıxarılır və məsuliyyətdən yayındırılır. Ölkədə xalqa xidmət edən hakimiyyət qurmaq lazımdır. Bunu isə yalnız xalq özü edə bilər”.