Aprelin 8-də Binəqədi Müvəqqəti Saxlama Məntəqəsində keçmiş siyasi məhbus, 30 gün inzibati həbs edilən N!DA-çı Bayram Mәmmәdovla ailəsi və vəkili görüşüb.
Vəkil Elçin Sadıqov bildirib ki, aprelin 9-da Bayramın yenidən apellyasiya məhkəməsi keçiriləcək. Bayramın özünün isə təcili həkim müayinəsinə ethiyacı var.
Atası Fərman Məmmədov bildirib ki, indi Bayramın vəziyyəti bir az düzəlib, hazırda qusma yoxdur, amma əvvəlki simptomlar beyin silkələnməsi ehtimalını göstərir, bunun da fəsadları böyük ola bilər, ona görə normal tibbi müayinə istəyirlər. Bayram Məmmədov özü dә müayinə olunmasını istəyir.
Fərman Məmmədovun sözlərinə görə, Bayramın travmalarının haradan yaranması barədə ekspertiza keçirilməyib. “Biz narahatıq, deyirik ki, həkim müayinəsi olsun. İndi göyərmələri azalıb, bir qulağının arxasında qalıb, bir də diz tərəflərində. Mən şüşə arxasından görüşürəm deyə yerləri dəqiq bilmirəm”.
O əlavə edib ki, Bayram Ombudsman Aparatının nümayəndələri ilə görüşərkən onlara bütün travma və zədələrini göstərib, onlar da deyib ki, məruzə edəcəyik.
Ombudsman Aparatı işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə BBC News Azərbaycancaya deyib ki, təmsil etdiyi qurumun nümayəndələri cümə günü təcridxanada Bayram Məmmədovla görüşüb və onu dinləyib. “Bayram Məmmədovun telefon danışığı, vəkili ilə görüşü məsələsi, ailə üzvləri ilə görüşü məsələsi bizim tərəfimizdən təmin olunub. Bizim onunla söhbətimiz zamanı o qusması haqqında məlumat verməyib. Söhbət konfidensial olub”, – Rəşid Rumzadə belə deyib.
Rəşid Rumzadə əlavə edib ki, Bayram Məmmədov vəkilinin aidiyyatı qurumlara artıq müraciət ünvanladığını və onlardan da buna dəstək vermələrini xahiş edib. Rumzadə vurğulayıb ki, Bayram Məmmədovla görüşün nəticələri ilə bağlı müvafiq qaydada müraciətlər olunub.