Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu gün “Azad söz” səhifəsində canlı yayımda olarkən REAL İdarə heyətinin üzvü Natiq Cəfərli şəxsimə bir xeyli diqqət göstərib. Eyni diqqəti cənablarına qaytarmaq, iltifat gərəyi, borcumdur.
1.Mənim hörmətli Arif Məmmədovun statusunu paylaşaraq “Nəhayət ki, bilindi. Böyük biabırçılıqdır” kimi başlıq yazdığımı dedi. Həmin statusun fotosunu şərh bölümündə paylaşacağam. Görün mən həmin sözləri yazmışammı, yoxsa Natiq bəy mənə böhtan atır.
2.Bu, REAL-çıların Milli Şuraya, mənə atdığı birinci böhtan deyil. REAL idarə heyətinin üzvü Zöhrab Ismayılın adını səhifəmdə birinci dəfədir yazıram, ancaq o mənə ən azı 3-4 məxsusi status həsr edib. Azərbaycan hakimiyyəti ötən il mənə qarşı AŞPA-da təxribat törədib adımı sanksiya siyahısına saldırmışdı. AŞPA-nın mənə göndərdiyi məktubları bir il ərzində Səməd Seyidov məndən gizlədib “məktublara cavab vermək istəmir” demişdi. Bu məsələnin ifşası bircə saat çəkdi. Ancaq Zöhrab Ismayıla bu bir saat “əlinə həna qoyub” bayram etmək üçün kifayət etdi. AŞPA-dan cavab alan kimi dostlar mənim xahişimlə cavabları Zöhrab Ismayılın statusunun şərh bölümünə yüklədilər, “vicdanlı” REAL-çı dərhal həmin profilləri blok etdi))). Təsəvvür edirsiniz? Adam böhtan yazır, qarşısına fakt qoyanları isə blok edir! Əsl demokrat davranışıdır!))) Təkzib verib üzr istəmək əvəzinə sonra bir status da yazdı ki, bəs Arif Məmmədov öz təşəbbüsü ilə istintaqa ifadə verib, Gültəkin Hacıbəyli də öz təşəbbüsü ilə ifadə verməli idi. Arif müəllim bu iddianı da təkzib etdi, dedi ki, ona öncə şifahi, sonra yazılı dəvət göndəriblər, biletini alıblar, otel və ezamiyyə xərcini ödəyiblər və hətta köməkçisinin də bütün xərclərini qarşılayıblar, yəni, bu yalan da ifşa olundu. Ancaq nə təkzib, nə üzrxahlıq oldu. AŞPA-nın müvafiq komitəsi yay tətilindən qayıdan kimi, 3 sentyabr tarixində, birinci iclasın birinci məsələsi olaraq mənim müraciətimə baxıb və qərarını dəyişdirməklə səhvini düzəltdi. Mənə rəsmi məktub göndərdilər, zəng vurub üzr istədilər, ancaq “vicdanlı” REAL-çının vicdanı oyanmadı ki, oyanmadı. Yeri gəlmişkən, təkidlə Strasburqa gəlib Komitənin suallarına cavab vermək istədiyimi desəm də, 2012-2014-cü illəri araşdırdıqları üçün və mənim 2010-cu ildən etibarən AŞPA üzvü olmadığımı nəzərə alaraq buna zərurət olmadığını bildirdilər. Bu boyda rüsvayçılığın və böhtanın qarşılığında Zöhrab Ismayıl nəinki məndən üzr istəməyib, əksinə özünə mənə vaxtaşırı olaraq istehzalı, kinayəli və yenə də böhtan dolu statuslar həsr etmək kimi “kişi” məşğuliyyəti tapıb. Olsun. Madam ki, adam yanından yel əsən kimi qaçıb ölkədən gedib və hökuməti sistemli şəkildə hədəf almağa hətta xaricdən də cəsarət etmir, qoy məni hədəf alsın))).
3. Natiq Cəfərli deyir ki, mən REAL-çıların mandat almaq istədiklərini bildirməklə onları təhqir etmişəm. Anlamıram, məgər REAL-ın 2-3 deputat mandatı qazanmaq istədiyini Meydan TV-nin efirində açıq mətnlə ifadə edən və əks arqumentlərə qarşı bu ideyanı inadla müdafiə edən, “tələsən yerimiz yoxdur” konsepsiyası çərçivəsində 2-3 mandatın uğur olduğunu əsaslandıran mən idim, yoxsa Erkin Qədirli?! Yəni, eyni fikri REAL-ın İdarə heyətinin üzvü səsləndirəndə bu möhtəşəm bir ideya, Milli Şura üzvü deyəndə təhqir olur?!
4. Natiq Cəfərli mənim 2000 və 2005-ci illərdə hakimiyyətlə razılaşıb mandat aldığımı deyir. 2000-ci ildə Əli Kərimli də deputat idi, Cəmil Həsənli də, başqa gerçək müxalifətçilər də. O zaman məhdud çərçivədə də olsa hakimiyyətlə razılaşmadan deputat seçilmək təcrübəsi vardı. Ancaq 2015-ci ildə, İntiqam Əliyev, Anar Məmmədli kimi təmiz QHT rəhbərlərinin, bir manatlıq maddi məsuliyyəti olmayan Xədicə Ismayılın şərlənib həbs olunduğu bir vaxtda üzərində səhv etmirəmsə 117 min dollarlıq qrant ittihamı olan bir QHT üzvünün cəmi 27 gün sonra həbsdən çıxması və barəsində açılmış cinayət işinə xitam verilməsi, heç Fuad Ələsgərovun da gücü çatacağı iş deyildi, buna yalnız İlham Əliyev səviyyəsində razılaşma tələb olunurdu.
REAL-çıların mənə qarşı kütləvi təhqir, qarayaxma və böhtan kampaniyalarını onlara bağışlayıram, ancaq Milli Şuraya qarşı sistemli və ardıcıl qarayaxma və böhtanlarını onlara nəinki mən, vicdanı olan heç kim bağışlamaz, çünki, nəticədə, xalqımız geri düşür.
5. REAL rəhbərlərindən olan Azər Qasımlı Milli Şurada gedən müzakirələr zamanı guya təşkilatımızın dindar üzvlərinin təkidilə bizim Avrointeqrasiya siyasətindən imtina etdiyimiz kimi ittihamı açıq mətnlə mətbuat üzərindən ictimailəşdirib. Təəssüflər olsun ki, darmadağın edilmiş vətəndaş cəmiyyətimiz və mediamız bu qıpqırmızı yalana və böhtana adekvat reaksiya vermədi. Milli Şura öz mitinqlərində yalnız iki bayraq dalğalandırır: Azərbaycanın və Avropa Birliyinin bayraqlarını. Bütün mitinqlərimizin qətnaməsinə Avrointeqrasiya əsas tələb kimi daxil edilib. Dəfələrlə bu mövzuda tədbirlər keçirmişik, bəyanatlar vermişik. İclaslarımızda iştirak edən yeganə dindar üzvümüz Hacı Rövşən Əhmədli bütün bu tədbirlərdə başda əyləşib. Bütün bunlardan sonra Azər Qasımlının Milli Şuraya qarşı hakimiyyətin, məsələn, Siyavuş Novruzovun ritorikası və ittihamları ilə üst-üstə düşən bu böhtanının adını nə qoyaq?! Və Arif Məmmədovdan özlərinin statuslarında, açıqlamalarında səsləndirdikləri fikirlərin eynisinə görə üzr istəməsini tələb edən partiyadaşları nədən Azər Qasımlıdan bu açıq böhtanına və yalanına görə Milli Şuradan üzr istəməsini tələb etmirlər?! Yoxsa, “yeniyetmə” siyasətin prinsip və qaydası budur?! Yəni, çamur at, yapışmasa da, izi qalar. Və kim təminat verə bilər ki, REAL-çılar bu böhtanı beynəlxalq təşkilatlardakı görüşlərində də səsləndirmirlər?!
6. Natiq Cəfərli dəfələrlə Milli Şuraya böhtan ataraq onu birbaşa və ya dolayısı ilə Rusiya maraqlarına xidmət etməkdə suçlayıb. Ilqar bəy həbsdən çıxan günün səhəri xaricdən verdiyi açıqlamasında da bunu iddia edib, dünən Meydan TV -yə verdiyi müsahibəsində də. Yenə də tanış ittiham, tanış ritorika. Ən azı “Yeni Müsavat”da neçə jurnalist bu mövzuda yaza-yaza saç ağardıb. Əcəba Rusiyanın işğal etdiyi Ukrayna ərazisinə təyin etdiyi quldurbaşı, qatil, resedivist cinayətkar Zaxarçenkonu “doğru bildiyi ideyalar uğrunda savaşan siyasətçi” adlandırıb ölümünə kədərlənən, hətta buna sevinənləri qınayan siz olursunuz da, Rusiyanın maraqlarına xidmət edənlər nədən biz oluruq? Axı sizin əsas qürur mənbələrinizdən biri İdarə Heyətinizin üzvlərinin əksəriyyətinin rusdilli olmasıdır, biz isə “90-cı illərin millətçi siyasətçiləri” deyilikmi?! Yeri gəlmişkən, 90-cı illərin siyasətçiləri Rusiya-sovet imperiyasına qarşı mübarizə aparmırdılarmı?! Yaxşı, bəs 80-90-cı illərin təfəkküründə qalanlar necə oldu da Rusiya maraqlarına xidmət etdi?! Doğrudan da, təfəkkür probleminə bənzəyir.
7. Natiq Cəfərli bugünkü efirdə Milli Şuranı məqsədsiz, məramsız və hədəfsiz mitinqlər keçirməkdə ittiham etməklə kobud şəkildə aşağılayıb. Olsun. REAL partiyası üçün siyasi məhbusların azadlığı da məqsəd olmaya bilər (2014, oktyabr), devalvasiyaya etiraz da (2015, mart, aprel). Konstitusiya referendumunu da hədəfə gətirmək istəməzlər (2016, sentyabr), Landromat ifşalarını da (2015, sentyabr). Ancaq seçkini bu qədər önəmsiyən, az qala kult səviyyəsinə yüksəldənlər heç olmasa Milli Şuranın 2018-ci ilin mart və aprel aylarında keçirdiyi seçki saxtakarlığına etiraz mitinqlərində iştirak etməli idilər axı! Xatırlayırsınızsa, o zaman REAL “Müsavat” partiyasından fərqli olaraq birgə mitinq təklifimizi geri çevirdi. Azər Qasımlı Meydan TV -nin efirində etiraf etdi ki, biz mitinqlərdə iştirak etsək, bizi işdən çıxararlar, təqib edərlər. İki gün öncə, eyni fikri eyni məkanda Erkin Qədirli də təkrarladı. Və bundan sonra, məram, məqsəd, hədəf söhbətləri, sadəcə, ironiyaya bənzəyir.
Bizim bu günədək REAL adlı hədəfimiz olmayıb və olmayacaq da. Əsasən, Ilqar bəyin xətrinə çox böhtanlara, təhqirlərə, istehzalara susmuşuq. Ancaq ən azı yuxarıda sadaladığım böhtanlara görə REAL rəhbərləri Milli Şuradan üzr istəməlidirlər və bizim yaxamızı buraxıb hökumətlə uğraşmalıdırlar. Əlbəttə, əgər müxalifət olmaq niyyətləri varsa.