“Müsəlman Birliyi” hərəkatının üzvü Anar Cabbarov aprelin 5-də azadlığa buraxılıb.
O, Türkiyədə tutulub, beş gün sonra – martın 22-də Bakıya gətirilib və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanırdı. Yaxınlarının bildirməsinə görə, onu elə həmin idarədən buraxıblar.
Anar Cabbarova qarşı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham irəli sürülmüşdü.
Ailə üzvlərinin sözlərinə görə, Anar Cabbarov aprelin 4-də axşam saatlarında 1 saylı Bakı istintaq təcridxanasından BMCMİ-yə gətirilib:
“Aprelin 3-də axşam onu istintaq təcridxanasına köçürmüşdülər, ayın 4-də axşam yenə geri qaytarıblar. Aprelin 5-də narkotik ittihamına da, haqqındakı cinayət işinə də xitam verilib. Çünki narkotikin ona heç bir aidiyyəti yoxdur”.
Ailə üzvləri Anar Cabbarovun səhhətində problem olmadığını da əlavə ediblər.
Ailəsilə birlikdə Türkiyədə yaşayan Anar Cabbarov “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırovun da yaxın dostudur.
Yaxınlarının bildirdiyinə görə, Anar Cabbarovu martın 16-da Türkiyədə sənədlərində problem olması adıyla polis idarəsinə, oradan Binkılıç Göç İdarəsinə aparıblar: Daha sonra onu Azərbaycanın İstanbuldakı konsulluğuna aparıb, onun üçün yeni sənədlər alıb, Göç İdarəsinə qaytarıblar. Martın 22-də isə o Bakıya gətirilib: “Həmin gün hava limanında bir tanışımızı görüb, qışqırıb ki, “ailəmə xəbər ver, məni “bandotdel”ə aparırlar”.
Azadlıq Radiosu