Rafiq Manaflı
Hakim rejim bir daha nümayiş etdirdi ki, o qorxur. O qədər qorxur ki, rasional düşünmə qabiliyyətini itirib. Biz, əlbəttə, insanlarla görüşürük, söhbətlər edirik və ölkədəki ictimai-siyasi ab-havadan xəbərimiz var. Amma ölkədəki siyasi atmosferlə əlaqəli bütün dövlət resursları vasitəsi ilə əldə edilən məlumatlar Prezident aparatında toplanır və o məlumatlar xalqın əhval-ruhiyyəsinin aydın təsvirini verir. İlham Əliyev və onun rejiminin vücudunu sarmış qorxu da həmən o təsvirin nəticəsidir.
Bu gün Azərbaycanda rejimlə siyasi müxalifət və ümumiyyətlə xalq arasında ziddiyyətlər qalmayıb. Bütün sahələrdə, bütün istiqamətlərdə ziddiyyətlər dərinləşərək konfliktlərə çevrilib. Bu gün İlham Əliyev rejimi ilə Azərbaycan xalqı arasında razılaşmaların mümkün olduğu xəttləri ötüb keçən, tədricən böhran xəttinə yaxınlaşan ağır siyasi-iqtisadi-sosial konfliktlər var.
Hələ Heydər Əliyevin dövründə geniş vüsət almış maraqların toqquşması, yəni iqtisadi və siyasi resursların bölüşdürülməsində balansın pozulmasının yaratdığı ziddiyyətlər onun hakimiyyətinin sonuna yaxın keçirdiyi Konstitusiya referendumu ilə maraqların konflikti müstəvisinə qədəm qoymuşdu.
Sonradan İlham Əliyevin azadlıqlara, insan hüquqlarına, seçib-seçilmə haqqına, sosial bərabərliyə və dözümlülüyə aramsız, məqsədyönlü və artan amplitudalı hücumları ölkədə dəyərlərin artıq kompromis mümkün olmayan konfliktini yaratdı.
Və nəhayət, Nardaran hadisələri ilə start götürən dindar, inanclı kəsimə hücumlar və elə təxminən həmən vaxtdan ölkədə türk dilinin küncə sıxışdırılma prosesinin başlaması, bu sahədə həmişə latent şəkildə mövcud olan obyektiv ziddiyyətləri açıq, dərin identifikasiya konfliktinə çevirdi.
İlham Əliyev və onun rejiminin bir dövlət adamları olaraq idarəetmədə dövlətçilik prinsipləri haqqında anlayışlarının olmadığını bilirik, amma bir oğru olaraq “oğru qanunlarına” belə riayət etməməsi ölkəni barıt çəlləyinə döndərib.
İlham Əliyevə çatdırmaq istəyirəm ki, proseslər təkcə konfliktlərlə davam edə bilməz. Siyasi proseslərin normal gedişi konsensusların olmasını tələb edir. Bir siyasi liderin dəyəri onun konfliktlər yaratmasında deyil, konsensuslar əldə etmək qabiliyyətindədir.
Və əgər belə bir qabiliyyət yoxdursa o siyasi lider deyil, heç siyasətçi də deyil, necə görünürsə, odur!!!