Azәrbaycan mәdәniyyәtinә ağır itki üz verib. Tanınmış rejissor Rövşәn Almuradlı bu gün sәhәr saatlarında dünyasını dәyişib. O, dayanacaqda avtobus gözləyərkən vəziyyəti qəflətən pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Rejissor xəstəxanaya aparılarkən yolda vəfat edib.
Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.
R.Almuradlı 1976-1980-cı illərdə Şekspirin “Kral Lir”ində Kral Lir, Cəfər Cabbarlının “Aydın”ında Dövlət bəy, Anarın “Adamın adamı”nda İbiş İbişli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin “Kür qırağının meşələri”ndə Qasım obrazlarını yaratmışdır.
O, sonralar Azərbaycanın müxtəlif teatrlarında və kinostudiyalarında çalışaraq, çoxlu sayda tamaşa və filmlərin rejissoru olub.
R.Almuradlı 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin də quruluşçu rejissoru olub. 2006-cı ilin oktyabrında o, Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilib.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.
Allah rəhmət eləsin.