Məhəmməd Talıblı
Son bir ayda illərini millətimizin azadlığı və demokratiyası yoluna həsr etmiş bir neçə dəyərli əqidə yoldaşlarımızı itirdik. Həmid Azəri, Sövdagər Mursaquliyev, Mübariz Məmmədov və çox gənc olan Xəlqi Hüseyn haqq dünyasına qovuşdu.
AXCP Ağdaş şöbəsinin sədri Həmid Azərinin avtomobil qəzasında faicəvi sürətdə ölümü hamımıza şok yaşatdı. Ağdaşda istisnasız olaraq hamının sevimlisi və sözünün ciddiliyinə hamını inandırmış Həmid bəyi dəfn etməyə uzaq yerlərdən hamı tələsirdi. Onun haqq dünyasına qovuşması üçün gedənlərin həyətindəki sıxlığı yalnız “iynə atsaydın, yerə düşməzdi” el sözü ilə ifadə etmək olardı. Böyük həyətə toplanan insanların nigaran baxışları çox şeyi deyirdi. Evin içi insanlarla dolub-boşalır. Həyətə daxil olmağın mümkünsüzlüyünü görən məhəllədə gözləyən çoxsaylı insanların nigaran baxışları ürəyi göynədirdi. Yarımçıq qalmış ideyaları, hələ tam göyərməmiş ümidləri və görməli olduğu məmləkətinin gələcəyi onu nakam olaraq haqq dünyasına qovuşdurdu. Görünür tarixin paradoksudur ki, sayı bilinməyən insanları ölümün caynağından qurtaran Həmid doktorun özü də faciəvi ölümün qurbanı oldu. Haqq və ədalət üçün çalışan bir insanın məmləkətində demokratiya görmədən haqq dünyasına qovuşdu. Görünür, bu da bizim dünyamızın təzadlarındandır…
Həmid müəllimi son mənzilə yola salmaq üçün çiyinlərini tabutun altına verən insan selinə yolda yüzlərlə insan qoşulurdu. Sanki, hamı Həmid bəyin faciəvi ölümünün sualına cavab axtarırmış kimi çaşqınlıq içərisində idi. Onu insanlara sevdirən rayonda təmənnasız və vicdanlı bir həkim (vaxtı ilə baş həkim işləməsi yox) kimi işləməsi ilə bəlkə də az əlaqəsi var. Həmid doktor, gerçək bir ziyalı, nəcib bir dürüstlük örnəyi və ədalət çarçısı idi. O, təkcə bir cəbhəçi, milli azadlıq hərəkatının fəal nümayəndəsi deyildi. O, 80-ci illərdə Əbülfəz Elçibəylə dissedent klublarından başlanan uzun bir tarixi yolun yolçusu idi. Bu qədər tarixi yolları aşmış bir insanın siz təvazökar davranışını görərdiniz… Mütəvazi münasibəti ilə qarşıdakı insanı utandıracaq qədər həlim xarakterin duyardınız…
Həmid bəy, alicənablığın və nəcibliyin simvolu idi. Həmid bəyin bizim yaşımız qədər siyasi təcrübəsi və aktivində “patronları” olub. Bizimlə elə münasibətinin şahidi olmuşam ki, sadəcə o situasiyanı sözlə ifadə etmək mümkünsüz olur. Yaddaşlardan silinməyək qədər sanballı şəxsiyyət… İlk baxışda həlim, sakit və xeyli mədəni insan təəsuratı oyadan Həmid müəllim, eyni dərəcədə də sərt, prinsipial və inadlı insan idi. O, bilirdi ki, uğur təkidli insanların (İmam Cavad) tərəfində olur. Ona görə də, bütün rayon əhli də onun tərəfində idi. Onu son mənzilə yola salan zaman buna bütün rayon şahidlik etdi.
AXCP Ağstafa şöbəsinin sədri Sövdagər Mursaquliyevi son mənzilə yola saldıq. Sövdagər bəy, sosial şəbəkədə bütün dostları ilə birdəfəlik xudafizləşmək üçün üzücü bir məktub yazdı. Sanki, ömrünün sonunu hiss etdiyi üçün dostları və əqidə yoldaşları üçün sanki vidalaşırdı. Onun bu məktubu ildırım sürəti ilə bütün sosial şəbəkədə yayıldı. Cəmi bu facebook statusundan bir neçə saatdan sonra yaxın rayonlardakı cəbhəçiləri onun evində gördük. Evindən canlı reportajdan başlamış və əqidə yoldaşları ilə çəkilən fotolar bir göz qırpımında baş verdi. Kiçik bir narahatlıq yaradan informasiya onu tanıyanları tam səfərbər etdi. O, şəxsi həyatındakı çətinlikləri indiyə qədər ictimailəşdirməmişdi. Halbuki, uzaq rayondan Bakıda keçirilən mitinqlərdə iştirakına görə, Sövdagər Mursaquliyevin bütün ailə üzvlərini işdən çıxarmışdılar. Qardaşını mühüm bir işdən çıxarmaq azmış kimi əlavə başağrısına “qonaq” etmişdilər. Son illərin maddi çətinlikləri və ailə üzvləri arasında təfriqətçilik toxumunun əkilməsinə edilən cəhdlər boşa çıxmışdı. Daha doğrusu onu Şövdagər bəy, onları boşa çıxarmışdı. Lakin o, bu dünyadan gözütox və boşa xərclənməyən mənalı ömrü ilə getdi. Özü də birdəfəlik…
Partiyanın gənc fəallarından olan Xəlqi Hüseyn Bakı Neyrocərrahiyyə Mərkəzində beyinə qan sızması ilə cəmi bir neçə gün yaşaya bildi. Gəncləri özünün çevik və daimi işlək aurası ilə səfərbər edə bilirdi.
AXCP Saatlı rayon şöbəsi sədrinin müavini Mübariz Məmmədovla bağlı növbəti xəbər da Novruz bayramı günlərində bizi kədərləndirməkdə davam etdi.
Hər dörd cəbhəçilərin itkiləri bizləri üzdü. Bir cəmiyyət olaraq bizim onlara təmənnasız xidmətləri üçün böyük borclarımız var. Lakin, onları təkcə bizlər itirmirik. Onların da bu məmləkətin sabahı üçün çoxsaylı itkiləri saymaq olar. Onlar millətin azadlığı və demokratik dövlət quruculuğu yolunda verdikləri şəxsi itkiləri danışmadan və talelərindən gileylənmədən ediblər. Zərbələri də ləyaqətlə qarşılayıblar. Həbsləri və şəxsi itkiləri kimi şirin şərbət kimi içiblər. Belə bir dost itkisində cəbhəçilərin ədalət meyarları və ləyaqləri ilə bağlı düşüncəmdə özünə yer etmiş digər düşüncələri də yazmamaq olmur.
Cəbhəçi ədaləti və ləyaqəti
El arasında “cəbhə” deyəndə təkcə milli azadlıq hərəkatının təşkilatlanmış forması və avanqard təşkilatı nəzərdə tutulmayıb. Bütün çatan və çatışmazlıqları ilə cəbhə ədalətli insanların və haqdan yana olanların mütəşəkkil birliyi olub. Cəbhəçilər merkantil maraqları və karyera perspektivləri üçün bu təşkilatda olmayıblar. Bu təşkilatda olmaq, əksinə, onların maddi güzəranına və karyeralarına zərbələr vəd edib. Amma bütün bunların tərəzidəki çəkisi ƏDALƏT “gözündən” ağır gəlməyib. Onlar haqsızlığa məruz qaldıqları dözülməz münasibəti ilə cəmiyyətdə xüsusi seçilmiş zümrədir. Onlar ədalətin təkcə bir cəmiyyət üçün yox, hətta dünya üçün nə demək olduqlarını yaxşı anlayırlar. Onlar ədalətisz cəmiyyətdə yaşamağın zombi və biofizioloji ehtiyaclarını ödəməkdən başqa bir şey olmadıqlarının fərqində olduqları üçün başqa cür həyat yolu seçməyi özlərinə yaraşdırmayıblar. Ədalət anlayışı dünyada olmasaydı, inanıram ki, həmin cəbhəçilər tərəddüd etmədən bu dünyada yaşamağı uca LƏYAQƏTİNƏ sığışdırmazdılar. Doğrudan da ədalət və ləyaqət mənəviyyatlı insan üçün mənəvi dəyər elementləri olaraq qoşa qanaddır. İqtisadiyyatın “atası” Adam Smit özünün “Əxlaqi duyğular fəlsəfəsi” əsərlərində ədalətin dəyəri və təsiri haqqında çox ibrətamiz fikri var: “Əgər ədalət aradan götürülsəydi, insan cəmiyyətinin böyük, nəhəng fabriki anında atomlara parçalanardı.” İşsiz qalan, repressiyadan qorxmayan və seçimindən qürur duyan cəbhəçi üçün əsas missiya dünyanın atomlara bölünməsinə imkan verməməkdir. Güclü olan yox, haqqı güclü olan qalib olacaq!
Azadlıq və demokratiya yolunda haqq dünyasına qovuşan bütün cəbhəçilərə Tanrıdan rəhmət diləyirəm!