Yaxşı kommunikator olmadan böyük lider olmaq mümkün deyil
Ümid edirəm, siz əvvəlki cümlədə komminikatoru çərənçi kimi başa düşmədiniz – aradakı fərq böyükdür. Universitetlər dünyasında usta kommunikator olmaq yolları çox nadir hallarda öyrədilir. Sinif otağındakı ilk günlərdən bizə intonasiya, lüğət, iştirak, çatdırma, qrammatika, sintaksis və buna bənzər şeylər öyrədilir. Başqa sözlə, bizə özümüzə fokuslanmaq öyrədilir. Mən bunları kiçiltmək fikrində deyiləm, onların da öz yeri var, amma bu da həqiqətdir ki, liderlərin hədsiz çox öyrənməyə ehtiyac duyduqları ünsiyyətin incə elementləri (başqalarına fokuslanmaq üçün olan elementlər) sinif otaqlarında nadirən keçilir. Bugunkü materialımda mən sizə müntəzəm istifadə edilərsə, daha yaxşı ünsiyyət nəticələri doğuracaq kommunikasiya xüsusiyyətlərindən bəhs edəcəm.
Başqalarıyla əlaqə qurarkən palçığa düşüb çabalayanlardan fərqli olaraq, həqiqi böyük komminikatorlarda xaricə yönəlmiş güclü bir sayıqlıq qabiliyyəti inkişaf edib. Əgər dünyanın ən böyük liderlərini araşdırsanız, görərsiniz ki, onların hər birisi güclü kommunikator olub. Onlar öz fikirlərindən bəhs edə bilərlər, amma bunu elə yolla edirlər ki, sizin duyğu və istəklərinizə də müraciət edirlər. Onlar verdikləri mesajın auditoriyaya nüfuz etmədiyini görsələr, mesajın anlaşılmaz olduğunu, buna görə də rəğbət görməyəcəyini başa düşərlər.
Zənnimcə, bu heç kimi təəccüblənməməlidir ki, əksər liderlər günlərinin böyük hissəsini başqalarıyla ünsiyyətdə keçirirlər. Həmçinin məncə, bir çox təşkilati problemlərin kökündə yetərsiz kommunikasiyanın durduğu fikri də təəccüb doğurmamalıdır. Məhz bu ziddiyət liderlərə böyük kommunikator olmaq üçün bir üstünlük qazandırır.
Effektiv kommunikasiya şəxslərarası, qruplararası, qruplardaxili, təşkilati və yaxud xaricə istiqamətlənmiş olmasından asılı olmayaraq, istənilən peşəkar uğur üçüb vacib amildir.
Kimsə yaxşı ünsiyyət bacarıqlarını inkişaf etdirməyin asan olduğunu güman edə bilər, amma bu bacarıqları lazımi anlarda istifadə etməyi bacarmaq güman edildiyi qədər asan deyil. Qazanılan bacarıqlar və yaxud əldə edilən bilik yalnız lazımi anda praktiki cəhətdən istifadəyə yarayırsa dəyərlidir.
Bütün böyük komminikatorları birləşdirən ən əsas cəhət onların yüksək səviyyədə situasiyanı dəyərləndirmək və konteksti duymaq qabiliyyətinə malik olmalarıdır. Ən yaxşı komminikator yaxşı dinləyici və usta müşahidəçidir. Böyük kommunikatorlar ünsiyyətdə olduqları insanların ovqatını, enerjisini, davranışlarını, dəyərlərini və əndişələrini hiss etməklə, şəxsləri və qrupları oxumaq bacarığına sahibdirlər. Onlar təkcə olduqları mühiti yaxşı oxumurlar, həmçinin istədikləri mesajı bu mühitə çaşmadan ötürmək kimi güclü qabiliyyətə sahibdirlər. Mesaj mesajı ötürənlə əlaqədar deyil; onun ismarıcının göndərənlə əlaqəsi yoxdur; bu daha çox sənin kommunikasiya qurduğun insanların gözləntilərini 100% qarşılamağından ibarətdir.
Bəs sən qabiliyyətlərinin lazım olan nöqtəyə gəlib çıxdığını və artıq əla komminikator olduğunu haradan biləcəksən? Təqdim etdiyimiz 10 prinsip sənə bu sualın cavabını tapmaqda kömək edəcək:
1. Dolanbaclı dildə danışma: Əksər hallarda insanlar etibar etmədikləri birinə asanlıqla açılmırlar. Əgər onlar etibar edəcəkləri bir liderin olduğunu görsələr, zaman ayıracaq və ona görə risklərə gedəcəklər, halbuki onlar belə bir şeyi zəif xarakterli və ünsiyyət bacarığı olmayan birisi üçün heç vaxt eləməzlər. İnsanların sənə etibar etmələrini tələb edə bilərsən, amma bu nadir hallarda işə yarayır. Etibar bir qayda olaraq düzgün davranışla, düşüncəylə və qərar verməklə qazanılır. Yadında saxla: əgər ortada etibar varsa, insanlar bir çox şeyləri bağışlaya bilərlər, amma etibar yoxdursa, heç vaxt bağışlamazlar.
2. Daha məhrəm ol: Korporativ əlaqələrlə və təşkilati söhbətlərlə başlamağı unut– monoloq barədə deyil, dialoq barədə düşün. Məsələ budur: söhbət nə qədər çox məhrəm və yaxın olsa, bir o qədər təsirli olacaq. Bu aksiomda böyük həqiqət gizlənib:
“İnsanlara sənin nə qədər çox bildiyin deyil, nə qədər çox qeydinə qaldığın maraqlıdır”.
Klassik biznes nəzəriyyəsinə görə, liderlər insanlardan bir qol uzunluğunda aralı dayanmalıdırlar. Mən isə deyirəm ki, bir qol uzunluğunda aralı dayanmaq, qaranlıqda dayanıb həqiqətin ancaq sterilizə olunmuş variantlarını istədiyin zaman məqbuldur. Əgər sən mənalı əlaqələr qurmasan, insanların beynində nə olduğunu heç vaxt aydınlaşdıra bilməyəcəksən.
3. Spesifik ol: Spesifik olmaq qeyri-müəyyən olmaqdan qat-qat yaxşıdır: aydın şəkildə kommunikasiya qurmağı öyrən. Dəqiq və lakonik olmaq, mürəkkəb və çaşdırıcı olmaqdan yaxşıdır. Vaxt heç zaman indi olduğu kimi qiymətli olmayıb. Liderlər üçün uzunçuluq etmədən bir şeyə nail olmağı və ən lazımi nöqtəyə vurmağı öyrənmək çox vacibdir – eyni şeyi digərlərindən də gözləmək lazımdır. Yığcamlığın və aydınlığın dəyərini anlamasan, çətin ki, insanlardan istədiyin şeyi ala biləsən. Sənin məqsədin artıq alaq otlarını təmizləmək və nə qədər söz dediyini saymağı mümkün etməkdir.
4. İnsanlardan nəsə qopartmağa deyil, onlara nəsə bəxş etməyə köklən: ən yaxşı kommunikatorlar təkcə öyrənib informasiya toplamırlar, onlar həmçinin ideyaların ötürülməsinə, gözləntilərin doğrulmasına, hərəkətə keçməyə ilham verməyə və görüşlərinin yayılmasına diqqət edirlər. Əsas vacib olan məsələ hər bir qarşılıqlı əlaqəyə təmiz xidmətçi ürəyilə yaxınlaşmaqdır.
Nəyisə almağa deyil, bəxş etməyə həqiqətən köklənəndə, insan məqsədinə çatır. Bu ziddiyətli görünə bilər, lakin bir başqasının istəklərinə, ehtiyaclarına və arzularına diqqət yetirməklə, sən özünün ehtiyaclarına kökləndiyindən daha çox şey öyrənirsən.
5. Açıq fikirli ol: Mən bunu hər zaman deyirəm: yeni fürsətlərin qarşısını kəsən ən böyük əngəl qapalı fikirli olmaqdır. Qapalı fikirli adamlar öz düşüncələrini dəyişə biləcək ziddiyətli düşüncələrdən və əks mövqelərdən ehtiyat edib üz çevirirlər, liderlər isə bunlara açıq fikirli yanaşmaqla, özlərini yeni bir səviyyəyə qaldırırlar. Mən həmişə əslində maraqlı və cəlbedici ola biləcək zidd görüşlər qarşısında insanların necə həqiqi bir qorxu duyduqlarından heyrətə gəlmişəm. Sənin əksinə gedən insanla dialoqa keç, özünü sına, gərginləşdir və inkişaf elətdir. Yadında saxla, vacib olan düşüncə yox, onu açıq fikirlə və öyrənərək müzakirə etmək həvəsidir.
6. Ağzını mumla və qulaq as: Böyük liderlər nə zaman əlaqəyə keçəcəklərini, nə zaman əlaqəni zəiflədəcəklərini və kəsəcəklərini yaxşı bilirlər. Camaatı bezdirənə qədər öz mesajını gözə soxmaq heç vaxt mənalı bir söhbət qədər yaxşı nəticə doğura bilməz, amma sən bilməlisən ki, ən yaxşı diskurs mühazirədə və monoloqda deyil, söhbət zamanı baş tutur. Həyatında bu mərhələyə çatanda, sən başa düşməyə başlayırsan ki, bilik dodaqları tərpətməklə deyil, qulaqlarının tıxacını açmaqla əldə edilir, bu zaman sən bacarıqlı komminikator olmaq üçün ilk addımını atmış olursan.
7. Eqonu empati ilə əvəz et: Mən artıq çoxdan liderlərə məsləhət verirəm ki, eqoya istedadın girə bilməyəcəyi kola girməyə imkan vermək olmaz. Səmimiyyət empati və qayğı ilə ifadə ediləndə, yaxşı şeylər baş verməyə başlayır. Empatiyalı kommunikatorlar ünsiyyət zamanı səmimiyyət və şəffaflıq nümayiş etdirirlər, bu da kövrək eqosu olan kəslərdə görünməyən bir şeydir. Bu kommunikasiya prinsipini başa düşmək qəzəbin hörmətlə, şübhənin isə etibarla əvəzlənməsinə gətirib çıxaracaq.
8. Hissləri və niyyətləri oxu: Qısa bir tənəffüs elə, ağlına böyük liderləri gətir… sən onların hissləri və niyyətləri başa düşməkdə çox usta olduqlarını görəcəksən. Onların deyilməyən, eşidilməyən və şahid olunmayan şeyləri başa düşməkdə misilsiz bacarıqları var. Daha doğrusu ağıllı liderlər bir yerə soxulmaqla deyil, oranı təslim etməklə, daha çox şey əldə etməyin mümkün olduğunu görürlər. İndiki daimi kommunikasiya dövründə, insanlar ağıllarında olanları başqalarına çatdırmaq üçün elə tələsirlər ki, başqalarının düşüncələrindən ala biləcəkləri faydaları dərk etməkdə uğursuz olurlar. Gözlərinizi və qulaqlarınızı açıq saxlayın, ağzınızı isə mumlayın, onda təşkilati sayıqlığınızın necə artdığını görüb çaşacaqsınız.
9. Danışanda nə danışdığını bil: Danışdığın mövzu haqqında texniki hakimiyyətini inkişaf elətdir. Əgər sənin danışdığın mövzu üzərində hakimiyyətin yoxdursa, çox az insan nə danışdığına fikir verəcək. Əksər uğurlu insanlar situasiyanı və mövzunu qiymətləndirə bilməyən insanlara qulaq asmağa o qədər də həvəsli olmurlar, ancaq özlərini məcbur edirlər. Özün eləməyi öyrənənə qədər təqlid elə konsepti artıq geridə qalıb, tanıdığım insanların böyük çoxluğu tələsən və sürüşkən insanlara o qədər də etibar etmirlər. Hamı “nə danışdığın deyil, necə danışdığın vacibdir” deyimini eşidib, bu deyimdə həqiqət payı böyük olsa da, sənə deməliyəm ki, sənin nə danışdığınının da böyük əhəmiyyəti var. Yaxşı kommunikatorlar bunun hər ikisinə ciddi fikir verir və insanlara hərtəfəli məlumat ötürürlər.
10. Qruplarla fərdlər kimi danış: Liderlərin fərdlərlə həmişə məhrəm danışmaq kimi imkanları olmur. Liderlər konfrans zalında 10 insanın qarşısında da, auditoriyada 10, 000 insanın qarşısında da çıxış edərkən, mesajlarını elə ötürə bilərlər ki, hər bir iştirakçı bunun şəxsən ona deyildiyini hesab edə bilər. Auditoriya ilə necə işləyəcəyini bilmək, etibarlılıq, inam və anlayış uğurlu əlaqələrdə açar rolunu oynayır.
11. Bonus. Ehtiyac olarsa, mesajı dəyişdirmək lazımdır: kommunikasiya strategiyalarındakı bir başqa komponent mesajın səhv başa düşülməsini əngəlləmək, bu baş verərsə hansı tədbirin görüləcəyindən ibarətdir. Belə gözlənilməz vəziyyət üçün ehtiyat tədbirləri görmək lazımdır. Bir daha qeyd edək: uğurlu əlaqələrin ortaya çıxması üçün sən ünsiyyətdə olduqlarınla harmoniyada olmalısan. Əgər sənin araşdırman, empatiyan və açıqlığın arzuolunan nəticə doğurmursa (onsuz da bu nadirən olur), sən situasiyaları və nəsnələri dəyişdirməyə çalışmaqla təsir göstərməyə çalışmalısan.
Ağıllı suallar verin, yumordan, hekayələrdən, analogiyalardan, münasib məlumatlardan və lazımdırsa, kəskin bəyanatlardan yararlanın ki, insanlarda sizinlə əlaqə qurmağa təhrik edəcək inamı və etibarı yarada biləsiniz. “Şok yaratmaq və dəhşətə gətirmək” taktikası bəzən zəruri olsa da, ən axıra saxlanılmalıdır.
Elə güman eləmə ki, sən kiminləsə ünsiyyətə hazırsansa, o da səninlə ünsiyyətə hazırdır. Məhsuldar bir söhbətin ortaya çıxması üçün vaxt sərf eləmək, Çin atalar sözləriylə silahlanmış döyüşçü olmaqdan daha yaxşıdır.
Bundan başqa, elə güman eləmə ki, demədiyin təqdirdə insanlar sənin nə istədiyini bilməlidirlər. İnsanlar başqalarının onların nə istədiklərini bildiklərini güman etdikləri halda, bilmədiklərini görmək, məni hər zaman əyləndirib. Əgər sən öz mesajına bilik, biznes məntiqi, səbəb, empati və s. qazandırmasan, görəcəksən ki, o, qulaqlara çatmamış yerə düşəcək, sonradan anlaşıqlı və açıq şəkildə çatdırılmağa ehtiyac duyacaq.
Yekun vurarkən – burada verilən liderlik dərsi bundan ibarətdir: əgər əlaqə qurmaq üçün bir mesajın varsa (birbaşa və dolayı olmasından asılı olmayaraq), verilən mesajın etibarlı və dəqiq, məntiqli, spesifik, açıq və konkret, davamlı və sərrast biznes məntiqi ilə ifadə olduğuna əmin ol. Mesajı ötürərkən cəbhədə və arxa cəbhədə ekstra vaxt xərcləmək səni əlavə əziyyətlərdən və problemlərdən xilas edəcək. Hər şeydən vacibi isə, yadda saxla: mesaj sənin haqqında, sənin düşüncələrin, sənin mövqeyin, sənin şərtlərin haqqında olmamalıdır. O, başqalarına yardım etmək, ehtiyaclarını qarşılamaq, onların əndişələrini başa düşmək və onların düyagörüşünə dəyər qatmaq üzərində olmalıdır.
Bunları elə, onda sən yaşadığın bir çox ünsiyyət problemlərini aradan qaldırmış olacaqsan.