İlham Hüseyn
Bəzən adamlar ən böyük səhvləri ona görə edirlər ki, başverənlərə ümumi tabloda baxa bilmirlər. Yəni, dənizə girəndə elə bilirlər ki, dənizin dərinliyi ilk addımda müşahidə etdikləri qədərdi. Belə yanaşma insanı yanlış qənaətə aparır. Hətta insan özü haqqında da yanlış fikirləşir. Elə bilir ki, hər şeyi dəqiq analiz edir, amma hər şeyi üzünə-gözünə bulaşdırır. Əbu Turxan deyirdi ki, böyük adamlar kiçik işlərdə çox vaxt səriştəsiz olurlar. Məncə, bunun əksini də söyləmək olar. Kiçik adamlar böyük işlərdə həmişə səriştəsiz olurlar. Gücü kiloqramlıq daşı qaldırmağa çatdığı halda, tonluq çəki sifariş verir. Yeri gəlmişkən, Lixtenberq çoxbilmişliyi nadanlığın ən pis növü adlandırırdı. Həqiqətən də az bildiyin şeylər haqqında çox danışanda nadanlıq üzə çıxır.
Siyasət meydanında isə bu məsələlərə daha ehtiyatlı yanaşmaq lazımdı. Məsələn, hansısa nazirə, hansısa icra başçısına, hansısa məktəb direktoruna “getməlisən” demək olar. Yəni, onun yarıtmazlığını faktlarla göstərib, ondan daha yaxşı idarə edəcəyini iddia edə bilərsən. Həm də faktiki olaraq həmin adam həmin postu zəbt etdiyinə görə, sən onun yerinə keçdiyin halda öz qabiliyyətini göstərə bilərsən.
Müxalifət düşərgəsində isə vəziyyət fərqlidir. Heç kim heç bir postu zəbt etməyib və kiminsə lider olmasına heç kim əngəl törədə bilməz. Kimsə bacarıqlı, qətiyyətli, xalqı arxasınca apara biləcək şəxsiyyətdirsə, bunu rahatlıqla nümayiş etdirə bilər. Yəni, burda mövcud vəziyyət bəhanəyə yer qoymur və xeyli sayda boş kreslolar var. Ona görə də kiminsə gəlməsi üçün, kiminsə getməsi şərt deyil. Kimimsə gəlməyə cəsarəti, qətiyyəti yoxdursa, kiminsə getməsini istəməyə də haqqı olmamalıdır.
Nəhayət, siyasətdə “köhnələr və təzələr” anlayışı təvəllüd məsələsi deyil, təfəkkür məsələsidir. Bugün müxalifət düşərgəsində ən öndə kimdirsə, ən təzə də odur. Bunu mən demirəm, əlahəzrət fakt deyir. Əksini sübut etmək istəyən varsa, meydan ixtiyarınızdadır. Xalqı arxanızca aparın, biz də “qəttəzə” komandanın uğurlarına sevinək.