Bizim ölkəmiz ziddiyyətlər toplusuna çevrilib. Məsələn, Azərbaycan qəpiyə güllə atanların ölkəsidir. Amma bu ölkədə milyard söhbəti adi statistika, təbii haldır. Yəni, vətəndaş sabah nə yeyəcəyini düşündüyü halda, hökumət milyardları rəqs elətdirir. Hansı dövlət qurumunu qurdalasaq, altından milyardlarla ölçülən yeyinti üzə çıxır. Artıq bu milyard söhbəti o qədər adiləşib ki, qəpiyə güllə atanlar da adi qarşılayır. Heç kim bu məbləğin real qüdrətini təsəvvür etmir. 1 milyard 100 min paçka 100-lük dollar deməkdir. Bu isə təxminən 8 ton pul deməkdir. “Filan məmurun 3 milyard pulu var”, “filan qurumda 5 milyard yeyinti olub”, “filan offşora 30 milyard pul yatırılıb” deyəndə tonları nəzərdən keçirin. Əgər 150 milyard dolların oğurlanmasından söhbət gedirsə, 150 kamaz puldan söhbət gedir. Pomidor-xiyar, kartof-soğan yox ey, pul.
Amma bu kamaz-kamaz oğurluğa təkcə pul kimi də baxmaq olmaz. Bu həm də insan taleyidi, vətəndaşın arzularıdı, keyfiyyətli təhsil və səhiyyədi, güclü ordudu, real iqtisadiyyatdı, gələcək nəsillərin təminatıdır. Yəni, hər dəfə milyardların oğurlanması, bu sahələrin şikəst edilməsi, fürsətlərin əldən verilməsi, sabahların qaranlıqlşaması deməkdir.
Ona görə də bu milyard söhbətinə oyuncaq kimi baxmayın. Əksinə, bizləri oyuncaq hesab etdikərinə görə, milyardlarla “evcik-evcik” oynaya bilirlər.
Bir vaxtlar maşın-maşın cehizi olanlara həsədlə baxırdılar, indi maşın-maşın dolları cehiz aparanlar var. Vətəndaş isə bazardan qoz-fındıq ləpəsini qramla alır ki, bayramda süfrəyə sürpriz eləsin….