Son 2 ayda AXCP-yə üzv olmaq üçün 700 nəfər müraciət edib. Bu barədə partiya sədri Əli Kərimli feysbuk səhifəsində məlumat paylaşıb və belə bir dəstək üçün cəmiyyətə təşəkkürünü bildirib. AXCP sədri yazır:
Təşəkkürlər, uca xalqım!
Bu bayram günlərində sevincimiz ikiqat artıb. Bir tərəfdən bir çox siyasi məhbus dostlarımız azadlığına qovuşdu, partiya fəallarımız inzibati həbslərini başa vurub sıralarımıza qayıtdı, digər tərəfdən isə həmvətənlərimiz partiyamıza üzv olmaq üçün kütləvi şəkildə müraciətlər edirlər. Son 2 ayda 700 nəfərə qədər həmvətənimiz AXCP-yə üzvlük üçün müraciət edib. 637 nəfər partiyaya üzvlük üçün elektron anketi dolduraraq, digərləri də mənim, AXCP-nin feysbuk səhifəmizə və tanıdıqları partiya funksionerlərinə müraciət edərək, üzv olmaq istədiklərini bildiriblər. Hazırda partiya funksionerləri müraciətləri araşdırır. Və həmin şəxslər nizamnaməyə uyğun şəkildə partiyaya qəbul olunur.
Bilirsiniz nəyə görə bu son 2 ayda edilən kütləvi üzvlük müraciətləri belə önəmlidir? Etiraf edim ki, 19 yanvar mitinqi öncəsi və sonrakı günlər partiyamızın repressiyaya ən çox məruz qaldığı vaxtlar idi. Elə vaxt oldu ki, partiyamızdan həbsdə olanların sayı 60 nəfərə çatdı (16 siyasi məhbus və 46 nəfər inzibati qaydada həbs olunmuş). Biz isə növbəti mitinqlərə hazırlaşmalı idik. O zaman xalqımıza müraciət etdik ki, sıralarımızın seyrəlməsinə imkan verməyin. Riskli olsa da, ölkəmizin qurtuluşu üçün mübarizənin önündə olub, əsas zərbələri qəbul edən təşkilatın zəiflədilməsinə imkan vermək olmazdı.
Millətimizin cəsur oğul və qızları çağırışımıza səs verdilər. Nəinki strukturlarımızın zəifləməsinə imkan vermədilər, sıralarımıza qoşularaq bizi daha da gücləndirdilər. Partiyamıza yeni qoşulan hər bir həmvətənimizə “AXCP ailəsinə xoş gəldiniz” deyirəm. Ədalətli və qədirbilən xalqımıza verdiyi dəstəyə görə təşəkkür edirəm. Sıralarımıza bundan sonra qoşulmaq istəyənlər üçün üzvlük anketini şərh bölümünə yerləşdirirəm. Xalqımızın kütləvi narazılığını kütləvi və dinc etiraza çevirmək, köklü dəyişiklikdən sonra ölkəmizdə demokratik inkişafı təmin etmək üçün təşkilatlanmağımız zəruridir. Xalqımızın hazırkı dəstəyi üzərimizdəki məsuliyyəti daha da artırır. İnanıram ki, xalqımızın birgə səyləri nəhayət, nəticə verəcək və biz birlikdə cümhuriyyətimizi 3-cü dəfə quracağıq!