2020-ci il seçkilərinədək Qazaxıstan prezidenti vəzifələrini icra edəcək Kasım-Comərt Tokayev and içib. O, ölkənin paytaxtı Astananın adının dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib.
Çərşənbə günü eks-prezident Nursultan Nazabayevin qızı Dariqa Nazarbayeva Qazaxıstan parlamentinin yuxarı palatasının spikeri seçilib.
55 yaşlı Dariqa Nazarbayeva Tokayevin inauqurasiyasından həmən sonra seçilib. Buna qədər o, senatın Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri idi.
Nazarbayevin istefası
Qazaxıstan lideri Nursultan Nazarbayev istefaya çıxdığını elan edib. 78 yaşlı Nursultan Nazarbayev bu vəzifədə 30 ilə yaxın olub.
Televiziya ilə xalqa müraciətində o deyib ki, bu qərarı vermək onun üçün “asan olmayıb”.
“Mən prezident kimi səlahiyyətlərimdən imtina etmək qərarına gəldim”, o müraciətində deyib.
1990-cı ildən bəri ölkəni idarə etmiş prezidentə müxalifət böyük olmayıb.
O, iqtisadi islahatlar aparıb, amma siyasi sistemi demokratikləşdirmək üçün gözlənilən addımları atmayıb.
Cənab Nazarbayev 1940-cı ildə doğulub. O, Qazaxıstanı, Sovet respublikası illərində Kommunist partiyasının ilk katibi kimi idarə edib.
Ölkə müstəqillik qazanandan bəri o seçkilərdə jeton “rəqiblərinə” qalib gəlib. Ən son 2015-ci ildə seçkilərdə qalibiyyəti elan olunub. Bundan əvvəl isə o, 1999, 2005, 2011-ci illərdə seçilib.
Təəccüb doğuran istefa
Abducəlil Abdurəsulovun təhlili, BBC News
Son bir neçə ayda, hətta ildə cənab Nazarbayevin istefaya gedəcəyi barədə spekulyasiyalar dolaşırdı.
Bu şaiyələr bu yaxınlarda daha da güclənmişdi – çünki o, Konstitusiya Məhkəməsindən prezidentin istefası prosesini aydınlaşdırmağı rəsmən istəmişdi. Məhkəmə isə demişdi ki, prezidentin istefa etmək hüququ var.
Çoxları üçün, onun tezliklə istefaya gedəcəyi aydın idi. Ancaq bütün hallarda, onun bu günkü bəyanatı hamıya təəccüblü gəldi.
Cənab Nazarbayev müstəqil Qazaxıstanın yeganə prezidenti olub. Çoxları ona ömürlük prezident kimi yanaşırdı – bu isə Mərkəzi Asiyanın avtoritar dövlətlərində yayılmış bir təcrübədir.
O populyar idi, amma bu populyarlığın həqiqiliyini müstəqil şəkildə ölçmək heç zaman mümkün olmamışdı – çünki, seçkilər azad və ədalətli keçirilmirdi.
Ancaq iqtisadi böhrana görə, əhalinin bəzi hissəsi ona qarşı etiraz edirdi.
Bbc.com