“Mən 5-10 dəqiqə əvvəl iqtidarın konslagerlərindən birini tərk etdim.” Bunu prezidentin əfv sərəncamı ilə martın 17-də azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov deyib.
O, əlavə edib ki, 2005-ci ildən həbsdə olub:
“Əvvəlcə dövlət çevrilişinə cəhdi bəhanə etdilər. Onu Avropa İnsan Hüquqları Məhkəməsi ləğv etdi. Azərbaycan bunu icra etmədi. Həbsimin başa çatmasına 1-2 həftə qalmış cibimə narkotika qoydurdular və 7 il təkrar həbs verdilər.Mənim azadlığa çıxmağım demokratik Qərbin, Amerika Birləşmiş Ştatlarının rəhbərliyinin, konqresinin, Avropa Birliyinin və Avropa Şurasının təşbbüsü ilə olub.”
“Azərbaycan özü böyük bir həbsxanadır”
Əli İnsanovun deməsinə görə, onu İlham Əliyevin azad etmək fikri olmayıb:
“Mən belə qənətə gəlmişdim ki, ömrümün sonuna kimi həbsdə qalcam. Amma İlham Əliyevi məcbur etdilər ki, məni azadlığa buraxsın.”
Keçmiş nazirinin sözlərinə görə, özünü azadlığda hiss etmir. Ə. İnsanovun fikrincə, indi onu kiçik həbsxanadan böyük həbsxanaya köçürüblər:
“Azərbaycan özü böyük bir həbsxanadır.İndi Prezident Administrasiyasının mirzələri hümanizimdən danışacaqlar. Hansı hümanizimdən danışmaq olar ki, bu məmləkətdə polis serjantının gördüyü işi prezident görür. Vaxtilə kimisə şərləyib, həbs etmək istəyirdilərsə , onun cibinə narkotik atırdılar. İndi bunu ya eləyir, ya elətdirir-prezident edir…”
“Çox istərdim ki, Azərbaycan xalqı mənim qolumdakı qandalı açsın”
Əli İnsanov daha sonra deyib:
“Demokrtik Qərb, ABŞ mənim ayağındakı qandalı açıb. Çox istərdim ki, Azərbaycan xalqı mənim qolumdakı qandalı açsın.”
Əli İnsanıv vurğulayıb ki, siyasətdən ayrılmayıb və ölkəni də tərk etmək fikri yoxdur.
O, “Keşmiş partiya yoldaşınız deyib ki, Əli İnsanov azadlığa çıxsın müxalifətə qoşulmayacaq. Nə deyə bilərsiniz” sualına isə belə cavab verib.
“Azərbaycan bu gün uçrumun dibindədir. Onu bu uçurumdan xilas edə biləcək istənilən qüvvəyə dəstək verməyə hazıram. Ancaq hər şey Allahın əlindədir. Məlum deyil. Mənmi onlara qoşulacam, yoxsa onlarmı mənə qoşulacaq”.
Azadlıq Radiosu