AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev
Baş nazir Novruz Məmmədov dünən Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat verib parlament binasında. İlk baxışdan diqqəti çəkən odur ki, ənənəvi bir çıxışdır. Yeni baxış, yeni yanaşma, təhlil kimi çox vacib məsələlərdən əsər-əlamət yoxdur o çıxışda. Sabiq Baş nazir Artur Rəsizadənin arabir verdiyi “hesabat”dan elə də fərqlənmir. İnkişaf haqqında Baş nazirin səsləndirdiyi fikirlərin isə bir tənqidlik canı yoxdur…
Öz çıxışında Baş nazir deyib ki, guya 2018-ci ildə iqtisadiyyat 1,4% artıb. Halbuki rəsmi məlumatlar əsasında aparılan təhlillər ortaya çıxarıb ki, yerli malların ticarət dövriyyəsi 2018-ci ildə 12% azalıb. Son 4 ildə isə bu azalma 46% təşkil edib. Belə olan halda çox ciddi sual çıxır ortaya ki, axı yerli malların ticarəti “ölübsə” və gəlirlər də əhəmiyyətli dərəcədə düşübsə, istehsalın artması haqqında fikirlərə kimi inandıra bilərsən? Əgər buraya ümumi kapital yatırımlarının 4,4%, xarici sərmayələrin 39% azalmasını, ölkənin nəqliyyat sistemindəki rüsvayçılığı və sairə kimi halları da əlavə eləsək, o zaman iqtisadi artım haqqında söylənən nağıllar alt-üst olar.
Çıxışında Baş nazir həm də bildirir ki, guya ötən il 2,3 % inflyasiya olub. Çox gülüncdür! Çünki Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlar ortaya çıxardı ki, yerli bazarlarda 53% çəki qazanan idxal mallarının qiymətləri 2018-ci ildə 30% bahalaşıb. Hələ yalnız bu bahalaşma ümumi istehlak bazarında qiymətləri 10%-dən çox artırıb. Yerli malların bahalaşma səviyyəsini və psixoloji amillərin də təsirini buraya əlavə eləsək, ümumi bahalaşma səviyyəsinin daha çox olmasına heç şübhə yeri qalmayır. Elə isə bu “2,3%” nədir, nəyi ifadə eləyir? Axı bu dərəcədə mənasız rəqəmlərlə bahalaşmanın silinməz izlərini canlarında yaşadan sadə vətəndaşları necə yola verə bilərsən? Bəs bir az təhsili olanlar necə, bu cəfəngiyata inanarmı, sizcə? Əsla!..
Baş nazirin öz çıxışında toxunmadığı problemlər isə daha çoxdur. Artan bahalaşma fonunda əhalinin pisləşməkdə davam edən həyat səviyyəsindən danışmayıb Baş nazir. Pensiyaların orta aylıq məbləğinin artmasını dilə gətirsə də, 21 min nəfərin pensiya təminatından, 150 minə yaxın ailə üzvünün (37 min ailə) isə ünvanlı dövlət sosial yardımından məhrum edilməsi haqqında düşünməyi heç ağlına gətirməyib.
ABŞ Dövlət Departamentinin bir gün əvvəl yaydığı 40 səhifəlik çox ciddi hesabatla bağlı da danışmayıb Baş nazir. Halbuki, Dövlət Departamentinin illik Hesabatı Azərbaycan hökumətinin 2018-ci ildəki fəaliyyətinin Novruz Məmmədovun “hesabatı”nda görünməyən tərəflərini bütün dünyaya açıb töküb, ifşa edib. Fikrimcə, dünyanın super dövlətinin Azərbaycan hökumətinin ünvanına irəli sürdüyü çoxprofilli ittihamların izahatı verilməliydi: ölkədə geniş yayılmış arbitrar qətllərdən və işgəncələrdən, xüsusən də Qazax polis idarəsində polisin fiziki təzyiqlərinə tab gətirməyib dünyasını dəyişən Teymur Axundovun ölümündən, yaxud da Dövlət Sərhəd Xidmətinin sıravi əsgəri Hüseyn Qurbanovun hərbi bölmə üzvləri tərəfindən qətlə yetirilməsindən, ümumiyyətlə polis nəzarətində olan insanların tez-tez işgəncələr və qəddar rəftarla üzləşməsindən, hökümətin ölkədə ifadə azadlığını və mətbuatın müstəqilliyini məhdudlaşdırmağından, jurnalistlərin hədələnməsindən, döyülməsi və ya həbs olunmasından mütləq danışılmalıydı.
Təəssüflər olsun ki, çox vacib olan bütün bu məsələlər haqqında danışmayıb, susmağa üstünlük verib Baş nazir Novruz Məmmədov.