Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.
Bu barədə Sabunçu Rayon Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, V.Zeynalovun cəzası beşdə dördlə hesablanıb və azadlığa buraxılıb.
Qeyd edək ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlakının üzərinə həbs qoyulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə, B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.
Daha sonra V.Zeynalovun ailə üzvləri və digər şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin sabiq Aparat rəhbəri sonradan şikayətini geri götürüb(report).
Xatırladaq ki, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarl ilə həbs olunmuşdular.