«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov ailə üzvləri ilə telefonla danışarkən həbsxana əməkdaşlarının onun danışıqlarını dinlədiyini, ona qəzetlərin verilmədiyini deyir.
Bu barədə ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə danışıb.
Deyir ki, təxminən bir həftə öncə Ədliyyə naziri yanında Penitensiar sistemə İctimai Nəzarət Komitəsinin üzvləri Əliməmməd Nuriyev və Səadət Bənənyarlı Qobustan həbsxanasında T.Bağırovla görüşüb: «Evlə telefonla danışarkən dedi ki, onlarla bir xeyli danışıb. Hətta internetdə yayılan səs yazısı, Taleh Bağırovun ona cavabına qədər bir çox şeyləri soruşublar, o da cavab verib. Əfvdən söhbət düşəndə Taleh Bağırov onlara deyib ki, nə özü əfv yazıb, nə də kimsənin onun üçün müraciət etməsini istəyir».
L.İsmayılzadə deyir ki, İctimai Komitənin üzvləri ilə görüşdən sonra da həyat yoldaşına təzyiqlər davam edir. Xanımının sözlərinə görə, T.Bağırov telefonla danışanda deyib ki, əvvəl heç olmasa, hökumətyönlü qəzetləri ona verirdilər, artıq onu da vermirlər: «Adamı tam informasiya blokadasında saxlamağa çalışırlar. Deyir, evlə danışanda da bir nəfər əməkdaş düz yanında dayanıb qulaq asır, biri başqa telefonla dinləyir, həm də səsini yazırlar. Mən özüm də bunu aşkar hiss eləmişəm. Bütün danışıqları dinlənilir, yazılır».
İctimai Komitənin koordinatoru S.Bənənyarlı T.Bağırovla görüşdüklərini təsdiqləyib. Onun sözlərinə görə, ilahiyyatçı həmin vaxt saxlanma şəraitindən şikayətçi olmayıb: «Bir qədər əvvəlki hadisələr haqda danışıqlarımız oldu, müəyyən məlumatlar verdi. Biz martın 7-də görüşmüşük, konkret həmin vaxta aid şikayəti olmadı. Qəzetlərin verilməməsinə gəlincə, həyat yoldaşı bizi məlumatlandırsın, biz mütləq araşdırarıq».
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, məhkumların telefon danışıqlarının dinlənilməsi qanunidir: «Burada qanunazidd heç nə yoxdur. Əksinə, təhlükəsizlik və s. məsələlər baxımından, buna bizim ixtiyarımız var».
T.Bağırova abunə olduğu qəzetlərin məqsədli şəkildə çatdırılmamasına gəlincə, M.Sadıqov deyir ki, belə bir hal yoxdur. Şöbə rəisinin sözlərinə görə, bəzən poçt xidmətində problemlər yaranır, yaxud başqa səbəblərdən gecikmələr ola bilər: «Amma bunun məqsədli şəkildə «qəzetlərin verilməməsi» kimi qiymətləndirilməsi doğru deyil. Necə olur, bu vaxta qədər verirdik, indi yox? Doğru deyil».
Azadlıq radiosu