(bu yazı şüurlu həyatını mübarizəyə sərf etmiş Sövdagər bəyə həsr edilir)
Müğənni Könül Xasıyevanın bugünlərdə bir videosu yayılmışdı. Çoxunuz görmüsünüz; deyəsən, ağır xəstələnib, müalicəsinə çoxlu pul lazımdır. Manıslar da guya buna dəstək olmaq üçün o oxuyanda hərəsi bir cür hoqqabazlıq, ədəbazlıqla sırf kameraya işləyərək gətirib əlinə pul verirlər. Müğənni Xasayevanın hansı xəstəlikdən və necə əzab çəkdiyini bilmirəm, amma o video məni ən ağrılı xəstəlikdən də betər incitdi. Müğənninin, yaxud hər hansı insanın belə çarəsizliyini, acizliyini görmək ağırdır, burda qəribə bir şey yoxdur. Məni həmin səhnədə daha çox narahat edən, düşündürən və bu gün bunları yazmağa vadar edən başqa şeydir. O şeyin adı ölümdür. Bəli, ölüm barədə söhbət edəcəyik.
“Ay Allah mənə ölüm ver”, “ölsəm bundan yaxşıdır” kimi boğazdan yuxarı, bəzən düşünmədən deyilən sözləri çıxsaq, ətrafımızda çox az adamların ölüm barədə xoş düşündüyün görərik. Bəli, bəzi sarsaq “ölüm məddahları” var, həyatdan 4 əlli yapışsalar da səhərdən axşama qədər ölümü tərifləyərlər, onlarla işim yox, onlara cavabı mükəmməl formada Nitşe bəy verib (maraqlananlar “Belə buyurdu Zərdüşt” əsərinə baxsın).
Ancaq, o el məsəlimizdə deyilənlərə əməl edək “igidi öldür, amma haqqını ver”. Sizə belə gəlmir ki, biz ölümü çox gözdən salmışıq, onun haqda olan hədsiz qara təbliğat bizi təsirinə salıb. Ölüm sözün eşidəndə indi biz elə bil Azər Həsrət, Hadi Rəcəbli sözün eşidirik. Gəlin düşünək, doğrudanmı ölüm bu qədər idbar hadisədir?
Mən belə saymıram.
Birincisi ondan başlayaq ki, ölüm qədər bəşərin inkişafında xidmətləri olan çox az şey var. Elmin inkişafına təkan, ilham verən əsas hadisə ölüm olub. İnsanlar daim beyinlərin iki istiqamətdə məşğul edib: ölümdən qorunmaq və öldürmək. Tibb, çağdaş texnologiya (biri elə işlətdiyimizbu internet. İnterneti, kompüteri birinci adamöldürənlər-ordu, üçün yaradıblar) bugünkü səvyyəsinə görə ölümə minnətdardır. Bu məsələnin maddi tərəfi.
Keçək mənəvi yanına.
Kim Yunan mifologiyası ilə tanışdırsa, bilir. Orda ölümsüz allahlar var. Bəli bu mifalogiyadır, olsun, amma bizim o ölümsüzlərin yerinə özümüzü qoymaq üçün heç bir çətinliyimiz yoxdur. Kim o əsatirləri oxuyubsa şahiddir ki, məhz ölə bilmədiyinə görə o allahlar necə əzab çəkib. O səhnələri oxuyub heç kim ölümsüz olmağı arzulamaz. Ölüm çox dərdin dərmanıdır, bax biz burda axsayırıq. Biz həyatda bir yaralı barmağa dərman olmasaq da, yaşamaımızla, ölməyimiz arasında heç bir fərq, fayda olmadığı halda ölümdən it kimi qorxuruq. Ona görə də şəxsiyyət olaraq deqradasiyaya məruz qalırıq. Guya yaşayıb nəsə aləmlərə işıq saçan kəşflər edəcəyik, yaxud inəkləri dabaq xəstəliyindən qurtaracağıq.
Turgenyev yazırdı, “ölüm nə vaxt gəlsə tezdir”. Mənsə düşünürəm, ölüm əksərən vaxtında gəlir. Biz sadəcə yersiz dirəşirik. Başa düşmək lazımdır, biz 90 yaşda olanda da hansısa yarımçıq işimiz, arzumuz qalacaq. Ona görə qətiyyən narahat olmaq lazım deyil. Ya da narahat olursunuz olun, daha ölümü qınamayın. O öz işin görür, o yetimin nə günahı var ki, sən ya işlərini vaxtında görməmisən, ya da balaca boyuna çoxlu, artıq işlər, vəzifələr, arzular yükləmisən.
Ölümdən yersiz qorxu, onu xoxan gözündə görmək təkrar edirəm, insanları ölümdən betər pis əzir, şəxsiyyətsizləşdirir, onu ərdəmlikdən salır. Bax, hörmətli Könül xanımla bağlı səhnədə bizi bu yaralamalı idi. Yaşamaq yaxşıdır, amma ölüm də gözəldir, bunu bilmək lazımdır. Diqqət edin, mən əhlikefcəsinə öz sağlamlığını təhlükəyə atıb ölməyi, ölümə qaçmağı təqdir etmirəm. Biz şüurlu, məsuliyyətli insan fəaliyyətindən danışırıq.
Bugün biz cəbhəçilər partiyamızın veteranı, əqidədaşımız Sövdəgər bəy itirdik. O xərçəng xəstəliyi ilə çarpışırdı. Sizi dəvət edirəm onun gözünü yumduğu ana qədər yazdığı statusları oxuyasınız. Birini bura qoyum.
“İki ay bundan öncə xərçəng xəstəliyindən ağır əməliyat keçirdim.
Yüzlərlə qohum əqraba kənd camaaatı, yüzlərlə facebook istifadəçisi mənə o bir olan Allahdan şəfa dilədilər. Hamısına öz minnətdarlığımı bildirirəm hər birinə üzün ömür, sağlam həyat arzulayıram.
Mən də üzün müddətdir İlham Əliyev xəstəliyindən əziyyət çəkən Azərbaycan xalqına bu xəstəlikdən qurtulmasını arzu edirəm. Ağır dərdim bir yana, məni xalqımın Ilham Əliyev xəstəliyindən əziyyət çəkməsi daha çox narahat edir. Çünki xalqın dərdi bir insanın həyatından daha çox gərəklıdır”.
Bax, budur yüksək mənəvi dəyərlərin daşıyıcısı olmaq və insanlıq. Biz çox görürük, qripdən burnunun biri tutulan isanlar faceookda necə duyğu istismarı ilə məşğul olur, “ölürəm, anım çıxır, mənim üçün dua edin” və s belə şeylərə dair yüzlərlə status yazırlar. Biz Sövdagər bəydə bunu görmədik. Ölümündən az əvvəl o dostlarını onu mübarizə adamı kimi xatırlamağı xahiş edib, bu yola hamıdan sədaqətli olmağı istədi. Vəssalam. Ona görə, həmişə olduğum kimi doktor Şəriətinin sözünü təkrarlayıb yekunlaşdırıram.
O deyirdi: “Mənə necə yaşamağı öyrət, necə öləcəyimi özüm də bilirəm”.
Mənsə deyirəm, yaşamağı bacaran adam ölümdən qorxmasın. Həyatı düzgün qiymətləndirən adam ölümlə düşmənçilik etməməlidir.
Natiq Ədilov