İlham Hüseyn
Bu ölkədə ədalət çox nazilib, hüquq çox hörmətdən düşüb, insanın dəyəri çox ucuzlaşıb. Qatı cinayətkarlar, dövlətin sərvətini mənimsəyənlər meydan sulayır, vətənini, dövlətini sevənlər isə “zindan sulamağa” layiq görülür.
Son günlər hökumət təbliğatı humanizmdən, islahatlardan, vətəndaşa yönəlik addımlardan dəm vurur. Amma o biri tərəfdən də günahsız insanlara qarşı qeyri-insani davranış, repressiyalar davam etdirilir. Yəni, sərəncamla kredit faizlərini silib, sərəncamsız hüququ, qanunu, ədaləti silirlər.
Bilinən budur ki, Milli Şura növbəti mitinq təyin etməyib. “Gözüaçıq” hökumət də görür ki, mitinq təbliğatı yoxdur. Amma cəbhəçi fəalların təqibi, həbsi, polisə çağırılması davam edir. Deyəsən, hər bir müxalif fəal bunlar üçün izdihamlı mitinq kimi görünür. Deyəsən, azadlıqda gəzən cəbhəçilərə baxanda gözləri önündə “Məhsul” stadionundakı insanların şüarları canlanır.
Amma məsələ daha ciddi forma alıb. Məncə, bunlar cəbhəçi gəncləri “supermen” qəbul edirlər. Düşünürlər ki, qəfil uça bilərlər, bir barmaqlarıyla tonlarla ağırlıqda daşı götürüb, lazım olan yerə çırpa bilərlər və.s
Əslində, haqsız da sayılmazlar. Həqiqətən də bugün zalımın qarşısında duruş gətirənlər, bütün məhrumiyyətlərə rəğmən mübarizədən çəkilməyənlər milli supermenlərdi. Onlar özləri uçmasa da, fikirləri, təbliğatları, fəaliyyətləri uçur və milyonlarla insana xəbər çatdırır.
Onlar yüz tonluq daşı qaldırmasalar da, tonlarla pulu oğurlayanları tərpədə bilirlər.
Azərbaycan xalqı da bilməlidir ki, bu adamlar haqqı dedikləri üçün, ədalət istədikləri üçün həbs olunurlar.
Cəmiyyət bu adamlara sahib çıxmalıdır. Neftin, qazın xalqdan alındığı, qanunların itkin düşdüyü ölkədə, ən böyük milli sərvət mübarizə adamlarıdı, döyüşən gənclərdi.
Ona görə də təqib olunan, həbs edilən bu gənclərə biganə qalmayın. Bu həm də sizlərin təqib olunmasıdır, sizləri susdurmaq cəhdidir. Bir də ki, son günlər xalqa yönəlik addımların atılmasında bu “supermen”lərin də əməyi var.
Hər gün “polisə müqavimət” ittihamıyla həbs edilən bu gənclər, əslində, ədalətsizliyə müqavimət göstərdikləri üçün həbs olunurlar.
Hökumətin gözündə “supermen” kimi görünən bu adamları siz də super qəhrəman kimi görün ki, onlara atılan daşlar topuğa dəysin.