Siyasiləşmiş mədəniyyətimiz yox, mədəniyyət siyasətimiz olmalıdır!
Məhəmməd Talıblı
Dünən mədəniyyət nazirinin təşəbbüsü ilə mədəniyyət, incəsənət xadimlərinin ölkə rəhbəri ilə görüşünə televiziyada bir neçə dəqiqə baxa bildim. Ümumiləşdirmiş əsas tendensiya bu idi: ilk olaraq yaxşıca tərif yağışı, sonra isə nəsə istəmək! İnsafən, orada hamısı özləri üçün nəsə istəmədilər (vergilər ləğv edilsin, dövlət büdcəsindən yardımlar artsın, yeni mədəniyyət mərkəzləri tikilsin və s.) Səhnəarxasında isə nəsə istəmədikləri heç inandırıcı deyil. Xatırlayırsınızsa, vaxtı ilə H.Əliyev deyirdi ki, yazıçılarla görüşəndə onlar mənə Yazıçılar Birliyinin işinin yeni tələblərə uyğun olaraq necə qurulması kimi məsələlərlə bağlı deyil, əsasən şəxsi istəkləri ilə bağlı bəzi xahiş edirlər. “Tərcüməsin” belə başa düşmək olar: oğlumu gömrükdə iş verin, kürəkənimi vergilərdə işə düzəldin, nəvəmi polisə sıralarına alın və s. Hazırkı reallığımızda isə bu vəzifələrin hamısı da millətə xidmətdən daha çox, yeyinti sahələri sayılır.
Görüşə baxdıqca düşüncəmdə bəzi suallar yaranırdı. Həmin suallara cavab tapmaq üçün komputer arxasına keçib onları sistemləşdirməyi düşündüm. Təəsuratlarımı bölüşməklə yanaşı mədəniyyət ocaqlarımızın vəziyyətini xarakeriza edən bütöv halda mədəniyyət siyasətimizə qədər subyektiv düşüncələrimi çatdırmağa çalışacam. Mən mədəniyyət mütəxəssisi olmadığım üçün xahiş edirəm söylədiklərimi ehkam olaraq deyil, sadəcə şəxsi mülahizələrim olaraq qəbul edin.
Mədəniyyət işçilərinin əməkdar artist və ya prezident təqaüdçüsü adı almaq üçün televiziya ekranlarından əttökən tərif yağışı üçün nəinki mədəniyyət mövzusundan, hətta iqtisadi inkişafdan da danışmaq məcburiyyətində qalırlar. Bir şeyi iqtidarlı-müxalifətli anlamalıyıq. Bir ölkədə heç kimdən asıllığı olmayan yaradıcı insanı sərbəst tənqidçi ruhu olmayacaqsa, o zaman elmi-mədəni elita da yaranmayacaq. Əksini etdiyimiz zaman isə, yəni həmin fəxri adlar üçün yarış qaldıqca, saxta sənəd adamlarının göbələk kimi artdığını görəcəyik.
Şair və yazıçıları məmurların dostuna çevirməklə onları tamadalıqdan o tərəfə keçməsinə imkan vermirsiniz. Hətta məmur kimi iş başına keçən yaradıcı insanların belə azad ruhlarına sərhəd çəkmisiniz. Ozününküləşdirdiyiniz şair-yazıçı mütləq mənada hər çıxışında hakimiyyətin rəsmi şəxslərinin gözündən düşmək ehtimalına görə sərbəst düşüncələri ilə çoxdan vidalaşıb. Anar, Elçin, Fikrət Qoca, Nəriman Həsənzadə, Çingiz Abdullayev və daha kimlər…
“PARNİK” MƏDƏNİYYƏTİNİN BƏZİ GİZCİLƏRİ
Tarixi dövrlərdə daxilən zəif, lakin xaricən güclü görünən hakimiyyətlər mədəniyyətlə hər zaman manipulyasiyalar edib. Hakimiyyətin güc məngənəsində mədəniyyət sferasında olanlar bərk sıxılıb. Və ya onlara xüsusi nəzarət olub. O hakimiyyətlər ki, özünün inzibati gücündən istifadə edib, mədəniyyəti siyasiləşdiribsə, sonradan həmin “güc” daha da zəifləməyə başlayıb. Dünya mədəniyyətinə böyük incilər bəxş etmiş Alman xalqının parlaq simalarından biri olan psixoanalitik-filosof Fridrix Nitsşe özünün əsərlərində yazırdı: “Niyə mədəniyyət insanı zəif edir? Karfagen daha az mədəniyyətli Romaya məğlub oldu, yüksək ərəb mədəniyyəti ilə… Ona görə, mədəniyyətdə hakimiyyət və gücdən daha çox fantastik sərməstlik əldə olunur. Və bu, çox yüksək qiymətləndirilir və nəticədə həqiqi hakimiyyət və güc zəifləyir. (məsələn, özün üzərində olan hakimiyyət və s.)”
Bir dövlətin mədəniyyət siyasətinin olması mədəniyyətin “içinə qapanması” və direktivlərlə idarə olunması deyil. Əslində, bizim mədəniyyət siyasətimiz olmalıdır. Bizim iqtisadi rifahımız yüksəlsə, Qarabağı qaytarsaq belə, həmin ilin zamanın start xəttindən başlayaraq mədəniyyəti formalaşdırmalı deyilik. Bu heç mümkün də deyil. Mədəniyyət çətinliklərdə, kələ-kötür yollarda, epoxal dalğalanmalarda yaranır. Sınaqlardan çıxan və cilalanan mədəniyyət olur. Çünki, mədəniyyət kiçik bir zaman ərzində maliyyə resursunun gücü ilə satın alınası dəyərlər sistemi deyil. Mədəniyyətləri inkişaf etmiş ölkələrindən köçürülməklə alınmaz. O mənəvi dəyərlər sistemini millətin mədəni elitası formalaşdırmalıdır. Bildiyimiz kimi o mədəniyyətdə azadlıqların olduğu zamanlarda meydana çıxır.
TƏBİİ RESURSLARIN BƏSLƏDİYİ MƏDƏNİYYƏT
Təbii ehtiyatlarla zəngin ölkələrin əksəriyyətində həmin mədəni inqilabı gördünüzmü? Xeyr! Bizdə ölkə iqtisadiyyatına resurs pullarının seli axanda və “isti pullar” (xarici sərmayələr) gələndə mədəniyyət nəvazişlə bəstəndi. Çünki, həmin maliyyə resursları əsasən maddi sferaya (körpü-yol tikintisi, maddiləşmiş aktivlərin artımı) da bölüşdürülməsinə rağmən, mənəvi sahəni əhatə edən infrastruktur da yaradıldı. Bəzi mədəniyyət mərkəzləri tikildi, mədəniyyət xadimlərinin siyasi elitaya daxil edilməsi üçün həmin neft pullarından yüksək qonorar, təqaüdlər verildi. Lakin mədəniyyət xadimləri mənəvi sferanın zənginləşməsi üçün nə şəxsi nümunələr göstərə bildilər, nə də ali mükafatlara (Nobel, Oskar və s.) yaxınlaşacaq parlaq insanlar, nəsil yetişdirdilər. Amma insafən, qohum-əqrabalarına yaxşı gün ağladılar. Bu da onlara neftdən çatacaq pay idi.
Əslində biz, neftin tənbəlləşdirdiyi bir cəmiyyəti mədəniyyətin mənəviyyat gözünü yalnız açıq saxlamaqla dirildə bilərik. Çünki, cəmiyyətimizdə mənəvi dəyərlərin sürətlə deqradasiyasında mədəniyyət siyasətimizin az rol oynamadığını dəqiq bilməliyik.
Mədəniyyət deyəndə, o daha çox dar mənada anlaşılmamalıdır. Mənəviyyat, incəsənət və mədəni münasibətlər sistemi kimi dərk olunmalıdır. Əslində mədəniyyəti daha geniş məzmunu onun kontekstual, elmi mənada qavramaq daha doğrudur. Kontekstual mədəniyyətdə insanın və ya hadisənin inkişaf səviyyəsini ifadə etməsi və onun müxtəlif sahələrə təsirini anlayaraq dərketmədir. Elmi mədəniyyətdə ruhi və maddi dəyərlərin, normaların saxlanması, istehsalı, istehlakı və istifadəsi texnologiyaları daxildir.
“MƏDHİYYƏ” MƏDƏNİYYƏTİMİZ
Multikulturalizm ili elan edirsən. Mədəniyyət tədbirlərinə ev sahibliyi edib, 100 milyon dollarla vəsait xərcləyirsən. Dünyada tanınmış sənət adamlarını ölkənə dəvət edib oxudandan sonra sonda mədəniyyətin inkişafı haqqında söyləyəcəyi tərifə görə ağlagəlməz qonorarla onları satın alırsan. Bir çox hallarda üçüncü dünya ölkəsinin sənət adamlarını ölkəndə tədbirlərə qonaq edib, təriflərin göylərə qaldırırsan. Hər il Qəbələdə musiqi festifalı keçirirsiz. Dövlət büdcəsindən mədəniyyət və idman tədbirləri adı altında böyük vəsaitlər sərf edib infrastruktur yaradırsız. Mədhiyyə kimi naqis keyfiyyəti ictimai zövqün əsas aparıcı amilinə çevrib ona layiq insanları hətta xoş sözlərdən məhrum edirsiz. Və bütün bunlardan sonra cəmiyyətdə adicə xoş tərifin belə məddahlığın sinonimi olduğu kompleksini bütün cəmiyyət şüuraltına yerləşdirməyə başlayır. Ən pisi isə budur ki, bunu da mədəniyyət çətəri altında gizlədib mədəniyyət komponenti kimi ictimaiyyətə sırıyırsiz.
Olkədə tutaq ki, iqtisadi inqilab oldu. Texnoloji inkişaf baş verdi. Amma sosial-mədəni inqilab olmayacaqsa, onda millətin mənəvi kimliyini gələcək nəsil necə təsəvvür edəcək? Bizdən sonrakı nəsil bizim mənəvi hayatımızda hansı dəyərlərin dominant təşkil etməsi haqqında danışacaq? Deyəcəklər ki, İlhamə, Nadir Qafarzadə, Elza Seyidcahan, Rəşad İlyasov tv-də oxuyub milləti əyləndirirdi? Restoran mədəniyyəti kütləvi mədəniyyətin əsasın təşkil edirdi? Aşıqlar ölkə rəhbərlərinin tərifini vəsf edən görüşə öz dəstəsilə gedirdilər?
Axı, hər zaman deyirik: dünyanı mədəniyyət xilas edəcək. Fikrimcə, burada bir əlavəyə ehtiyac var: Dünyanın özü mədəniyyəti müdafiə edəndə, mədəniyyət də dünyanı xilas edəcək! Mədəniyyət siyasəti olmayanda onun xilas imkanı olmur. O zaman isə o hər dəfə özü üçün saxta zövq formalaşdıran və gəldi-gedər padşahların mədəniyyətə münasibəti mədəniyyət konsepsiyasının əsasını təşkil edəcək.
Çünki, mədəniyyət siyasəti olan ölkədə televiziyalar saxta zövq formalaşdıra bilməzlər. Mədəniyyət siyasəti cəmiyyətə yön verər və münasibətləri mədəni yollarını axtarıb tapılmasına yardım edər. Bu mənada mədəniyyət sahəsi heç bir sərhəd tanımadan bütün neqativlikləri qamçılayanda cəmiyyətin xidmət vasitəsilə yardım etmiş olur. Mədəniyyət adında mənəvi silahın çəkinəcəyi mövzu və qorxacağı heç bir rəsmi instansiya olmamamalıdır. Varsa, bu artıq mədəniyyət deyil. Sadəcə bunun adı icazəli səhnələşdirilmiş tamaşadır. İnsan öz rolunu cəmiyyətdə məhdudlaşdırdığı halda ona təbliğ etdiyi heç bir rol tamaşaçıların qəlbində özünə heykəl qoydura bilm
ELİTAR VƏ KÜTLƏVİ MƏDƏNİYYƏTİN SAVAŞ SƏHNƏSİ
Elitar və kütləvi mədəniyyətlər arasında hər zaman zidiyyətlər və mübahisələr olub. Nədənsə, elitar mədəniyyəti seçənlər hər zaman azlıqda (qızıl da az olduğu üçün çox dəyərlidir) qalıb. Bu sahəyə əsasən meylli olanlar peşəkarlar və passionar insanlar olur.
Kütləvi mədəniyyət tərəfdarları isə əsasən adi mədəniyyətin zövqündə olan təsadüfi insanlar tərəfindən yaradılır. Onu yaradan və yayılmasında maraqlı olanlar isə daha çox merkantilist maraqlarının təmin edilməsi üçün edirlər. Yəni, bu sahədən daha çox gəlir əldə edirlər və populyarlaşırlar.
Elitar mədəniyyəti təşviq edənlər isə əslində, mədəniyyətin yaradıcıları olmalıdırlar. Məhz mədəni elitanın təmsilçilərinin dövlət tərəfindən axtarışı daha çox cəmiyyətə fayda verə bilər. Bu zaman arxaik ənənələrin sıxışdırılıb çıxarılması üçün müasir mədəniyyət dəyərləri ilk olaraq öyrənilməli, sonra tətbiq olunmalıdır.
Mədəniyyət siyasəti mədəniyyət sahəsində pulla konsertlərin təşkili, müğənnilərə maddi dəstək, milli muğama texniki-təşkilatı dəstəyi nəzərdə tutmur. Bunlar milli səviyyədə mədəniyyətin cüzi və maliyyə təminatı hissəsidir. Bu bir millətin tam halıda mədəniyyət ənənəsinin müasir tələbələrə çatdırılması deyil. Çünki, mədəniyyət sərhəd tanımamalıdır. Mədəniyyət təkcə millidirsə, onda bəşəri olmayacaq. Qlobal məzmun daşımayacaq. Çünki, mədəniyyətin özü daha çox bəşəri və dünyəvi hadisədir. Mədəniyyət siyasəti mədəni tədbirlərə ev sahibliyi edib 100 milyonlarla manat məbləğində tədbirlərə vəsait xərcləmək də deyil. Ev sahibi kimi evinizə gələn qonaqlara zəngin süfrə aça bilərsiniz. Onlara verdiyiniz bahalı hədiyyələr də maddi imkanın daxilindədir. Sizin böyük maddi imkanınızın olması mədəni münasibətlərin davamlılığı prinsipi sayılmayacaq. Çünki, həmin mədəni tədbir üçün nəzərdə tutulan fəaliyyətlər bitdisə, mədəniyyətin dövriyili də kəsiləcək. Riyazi dillə söyləsək, xərclədiyiniz təsadüfü elementləri bir daha çoxluqda görməyəcəksiniz.
Əslində bizim toplum olaraq zəngin mədəni irsimiz var. Amma həmin mədəniyyət o zaman dəyişən qlobal şərtlərə adekvat olaraq inkişaf edə biləcək ki, biz həm də hər bir vətəndaş olaraq mədəniyyət hüquqlarımızdan istifadə edə biləcəyik. Mədəni irsin qorunması və onun inkişaf trayeyektoriyası məhz həmin mədəniyyət hüququndan daha tez-tez istifadəsi ilə şərtlənir. Arada müşahidələr edirəm. Mədəniyyət xadimləri vətəndaş mövqeyindən məhrum, cəmiyyətdə acıları bölüşmək cəsarəti olmayanlar üzüyola və lal-dinməz insanların artmasını sanki təşviq edirlər. Belə mövqesiz və fleqmatik insanlarla bağlı cəmiyyətdə bir stanadrt yaratmaq istəyirlər. Sanki mədəni və rahat insan markası yaradırlar ki, əksəriyyət o “plankaya” özünü yaxınlaşdırsın. Elastik olaraq o mühitə uyğunlaşsın. Bu təkcə azad cəmiyyət yolunda inkişafa mane olan düşüncə və hərəkət tərzi deyil, mədəniyyət siyasətinin yoxluğu məsələsidir.
Bəzən belə fikirlərə rast gəlirik: müharibə şəraitində mədəniyyət nəyə lazım? Əslində sülh mədəniyyətinin (irqi və siyasi bərabərlik, ekoloji təhlükəsizlik, sosial ədalət, insan hüquqlarına hörmət, millətlərarası həmrəylik və s.) xarici ölkələrdə xüsusu ilə təşviqedici gücünü artırmaq lazımdır. Müharibəyə məhkum edilmiş, lakin toplumda fundamental bir mədəniyyətin olmasını hər addımda ifadə etməliyik.
Mədəniyyət siyasətinin olması təkcə bir cəmiyyətin iç dinamiklərinin gücləndirməsi üçün deyil. Eyni zamanda bir milləti kənardan görmək istəyənlərə göndərilən təsirli mesajdır. Dünya tarixi çoxlu sayda nümunələrlə zəngindir. İqtisadi ekspansiya və yüksək mədəniyyətin inkişafı fonunda müharibə tərəfdaşları müharibədən daha çox, həmin mədəni xalqlarla harmonik və dinc yanaşı yaşamaq hüququna uyğun olaraq birgə yaşamaqda maraqlı olurlar. Bizim həm də ona görə, mədəniyyət siyasətimiz olmalıdır Qarağabın həllinə bir addımda bu sahədə yaxınlaşaq. Çünki, Qarabağ məsələsi təkcə hərbi məsələ deyil, çoxvektorlu inkişaf istiqamətlərini özündə ehtiva edir. Bir dövlətin iqtisadi, xarici, sosial, hərbi siyasəti varsa, niyə mədəniyyət siyasəti də olmasın? Ona görə, bizim mədəniyyət siyasətimiz də olmalıdır. Siyasiləşmiş mədəniyyətimiz yox, mədəniyyət siyasətimiz olmalıdır!