Müsavat başqanının bənzətməsi Adil Qeybulla və Qabil Hüseynlini hiddətləndirib
Sabiq müsavatçılar Adil Qeybulla və Qabil Hüseynli Müsavat başqanı Isa Qəmbərin partiyadan gedənlər barədə fikirlərinə sərt reaksiya veriblər.
Xatırladaq ki, Isa Qəmbər “Bizim Yol” qəzetinə müsahibəsində Müsavatda baş verən istefalarla bağlı suala cavabında deyib ki, müharibədə ölən ölür, amma ordu mübarizəsini davam etdirir. Isa Qəmbərin bu müqayisəsi sabiq müsavatçıların hiddətinə səbəb olub.
Adil Qeybulla “Bizim Yol”a açıqlamasında deyib ki, kimin meyit olduğunu zaman göstərəcək: “Bu adam artıq çaşır. Əgər o özünə hörmət edirsə, ifadələrində bir qədər korrekt olsun. Çünki bu ifadələr ona qarşı yönələ bilər”.
Qabil Hüseynli bildirib ki, Isa Qəmbərin bənzətməsi uğursuzdur və onun şaşmalarından biridir: “Çünki biz ölməmişik, Müsavat Partiyası da bir ordu kimi fəaliyyət göstərmir. Əksinə, bu saat Müsavat müdafiə mövqeyində dayanan, yalnız iclaslar keçirən və bununla da bir növ bir qrup adamların başını qatan təşkilata çevrilib”.
Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı isə “Azadlıq”a bildirib ki, sabiq müsavatçıların fikirləri ilə tanış deyil və onların söylədiklərini şərh etmək istəmir.