İlham Hüseyn
Deməli, ölkədə bu qədər repressiya, işgəncələr, talançılıq, hüquqsuzluq, səfalət hökm sürür və bir qrup “ictimai-siyasi xadim” yüzüncü dərəcəli məsələlərlə eşələnir. Birinci dərəcəli məsələlərə münasibət bildirməyə cəsarəti çatmayanlar, yüzüncü dərəcəli məsələlər ətrafında “intellekt fırtınası” yaradır. Guya, biz Hegeldən, Spinozadan, yeddi müdrikdən, postmodernizmdən, ekzistensializmdən, Roldşildlər ailəsindən, kinodan, teatrdan, simfonik musiqidən, Pikassonun rəsmlərindən danışa bilmərik?
Məsələ burasındadır ki, yuxarıda sadaladığım dəhşətlərə biganə qalıb, Zenonun paradokslarından sallaşmaq, intellektual performanslar göstərmək qəhrəmanlıq, böyüklük, müdriklik deyil.
O qərb filosoflarının, şərq mütəfəkkirlərinin sevgi, həyat, ölüm haqqında dediklərindən dəm vurmaq olar, amma o müdriklərin mübarizə, cəsarət, ləyaqətli ömür, azadlıq haqqında dediklərinə də əməl etmək lazımdır.
Bu gün mənim üçün heç bir yazıçının külliyyatı həbsədki ləyaqətli dostlarımızın yazdığı şərəfli tarixdən önəmli deyil. Tale Bağırzadənin, Gözəl Bayramlının, Fuad Qəhrəmanlının və digərlərinin məhkəmədəki son sözləri, işgənclər qarşısında dik duruşları həm də həyat fəlsəfəsidir, intellektin mənəvi çalarlarıdı.
Bir sözlə, səmimi olaq və hər şeyi adıyla çağırmağı bacaraq. Hamıya layiq olduğu diqqəti və qiyməti verməyi bacaraq. Əsas hədəfdən yayınmayaq və yayındırmayaq.
Yüzüncü dərəcəli məsələlərdən danışdığınız kimi, birinci dərəcəli məsələlərdən da danışın. Hötenin “Faust”una münasibət bildirək, amma Qobustan həbsxanasındakı zülmə də biganə qalmayaq. Coysun “Uillis” inə şərh verək, amma Babək Həsənovun cərəyana qoşulmasına da adekvat reaksiya verək.