İlham Hüseyn
Bu ölkədə uzun illərdi gənclərə qayğıdan dəm vururlar. Xüsusən də son günlər bütün telekanallar, rejim mətbuatı gənclərin Azərbaycanda problemsiz həyatını işıqlandırır. 2 fevral “Gənclər günü” kimi qeyd olunduğu üçün bu “qayğı”nın dozası artıb. Yaltaqlıq nümunələri meydan sulayır, AzTv-lər sabun istehsal edir.
Amma reallıq tamam fərqlidir. Xaricə mühacirət edənlərin, şərlənərək həbs olunanların, ali təhsilli işsizlərin siyahısına baxanda gənclərin üstünlük təşkil etdiyini görürük. Vəzifə kürsüsündə oturanların yaşına nəzər salanda da “qocalar evi” nin təntənəsini görürük.
Yəni, bu ölkədə gənclərin günü yoxdur. Bu ölkədə gənclər sürətlə qocalırlar. Gənclik arzuları kredit borcunu ödəyə bilməkdən, təhsil haqqını tapa bilməkdən, ölkədən qaça bilməkdən, az rüşvətlə ev tikə bilməkdən ibarətdir.
Qanunların pas atdığı, milyardların talan edildiyi, yaltaqlığın karyera pilləkəni olduğu ölkədə, gənclərin günü necə olmalıdır?
Bu ölkədə qocaların da, uşaqların da, gənclərin də günü qaradır. Bir qarın çörək tapmaq, gün görmək deyil. Biz insanıq və insan kimi yaşamalıyıq
Bu ölkədə minlərlə gənci vətəndaş kimi yox, troll kimi yetişdirirlər. Minlərlə gəncə qürurlu olmaq yox, yaltaq olmaq tövsiyyə edilir.
Amma bu ölkənin mübariz, əqidəli, prinsipial gəncliyi bu ölkəyə azadlıq və ədalət gətirəcək.
Gözəl günlər qarşıdadır. Yaltaqlığın ləyaqətə məğlub olduğu günlər qarşıdadır. Qocalmış fikirlərin, gənc ideyalara təslim olduğu günlər qarşıdadır…